Ərzaqlıq buğda istehsalı 170 min tonu ötüb
2026-cı ildə Azərbaycanda ərzaqlıq buğda proqramı çərçivəsində istehsal olunan məhsulun həcmi 170 min tonu ötüb. Bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib.
Onun sözlərinə görə, 2025-ci ildə proqram çərçivəsində 126 min ton ərzaqlıq buğda istehsal edilib. 2026-cı ildə isə bu göstərici 170 min tonu keçib.
Nazir qeyd edib ki, ərzaqlıq buğda istehsalının artırılması daha az torpaq və su resurslarından istifadə etməklə məhsuldarlığın yüksəldilməsi hədəfinə əsaslanır. Bu məqsədlə dövlət proqramı çərçivəsində ərzaqlıq buğda istehsalının genişləndirilməsi nəzərdə tutulur.
M.Məmmədov bildirib ki, bu il ölkə üzrə taxıl məhsuldarlığı 33-34 sentner olduğu halda, ərzaqlıq buğda proqramı çərçivəsində müasir suvarma tətbiq edilən sahələrdə bu göstərici 54 sentneri ötüb.
Nazirin sözlərinə görə, müasir suvarma sistemlərinin tətbiqi, lazer hamarlamadan istifadə, keyfiyyətli toxumların əkilməsi, aqrotexniki tədbirlərin vaxtında həyata keçirilməsi, eləcə də gübrələmə və dərmanlama proseslərində dronlardan istifadə məhsuldarlığın artmasına müsbət təsir göstərir.
O vurğulayıb ki, növbəti mərhələdə əsas hədəf əkin sahələrini genişləndirmək deyil, daha az torpaq sahəsindən daha yüksək məhsul əldə etməklə ümumi istehsalı artırmaqdır.
Aytac Zeynalova