Bakıda özəl uşaq bağçasında zorakılıq iddiası ilə bağlı cinayət işi başlanıb - video
Bakının Səbail rayonu, Badamdar qəsəbəsində fəaliyyət göstərən “EOS uşaq inkişaf mərkəzi”ndə azyaşlıya qarşı fiziki zorakılıq iddiası ilə bağlı cinayət işi başlanıb. Hadisə ilə əlaqədar yayılan videogörüntülərdə uşağın müəssisə direktoru tərəfindən zorakılığa məruz qaldığı iddia olunur.
Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu sosial şəbəkə hesabında məlumat verib.
Onun sözlərinə görə, “Xəzər TV”də yayımlanan və daha sonra sosial şəbəkələrdə yayılan görüntülərlə əlaqədar Dövlət Komitəsi dərhal hüquq-mühafizə orqanlarına müraciət edib.
“Dövlət Komitəsinə verilən məlumata əsasən, faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən cinayət işi başlanılıb. Hazırda hadisənin bütün hallarının araşdırılması və faktın hüquqi qiymətləndirilməsi məqsədilə istintaq tədbirləri davam etdirilir”, – Mərdanoğlu bildirib.
Komitə rəsmisi uşaqlara qarşı hər cür zorakılığı pisləyərək hər bir uşağın təhlükəsiz mühitdə böyümək, hüquqlarının və mənafelərinin qorunması hüququ olduğunu vurğulayıb.
Valideynlər övladlarının bağçada psixoloji sarsıntı keçirdiyini və müəssisə rəhbərliyi tərəfindən fiziki zorakılığa məruz qaldığını iddia edirlər. Şikayətçilərin sözlərinə görə, hər uşaq üçün aylıq 200 manat ödəniş edilməsinə baxmayaraq, mərkəzdə uşaqlara lazımi qayğı göstərilməyib. Valideynlər, həmçinin müəssisə direktoru barəsində əvvəllər də analoji şikayətlərin olduğunu bildiriblər.
İddialara hüquqi qiymət istintaqın nəticələrinə əsasən veriləcək.