Örüş torpaqları 16 dəfə bahalaşıb - Prezident dəstəkləyir, Ədliyyə Naziriliyi əngəlləyir

12:11 | 16.03.2022
Örüş torpaqları 16 dəfə bahalaşıb - Prezident  dəstəkləyir, Ədliyyə Naziriliyi  əngəlləyir

Örüş torpaqları 16 dəfə bahalaşıb - Prezident dəstəkləyir, Ədliyyə Naziriliyi əngəlləyir

Heyvandarlıqla məşğul olan Araz İsayev örüş pulunun 4 manatdan 50 manata qalxmasına görə narazılıq edir,  bələdiyyə sədri bu qiymətlərin Ədliyyə Nazirliyinin tövsiyəsi əsasında qaldırıldığını deyir, Ədliyyə Nazirliyi isə məsələyə münasibət bildirməkdən yayınır. 

"2011-ci ildə 2037-ci ilə qədər örüş üçün 100 hektar torpaq icarəyə götürmüşəm. Hər hektara görə icarə haqqı 3 manat olsa da məndən 4 manat tələb olunurdu. Bu il kənd bələdiyyəsinin sədri mənə deyir ki, mən hər hektara görə 50 manat ödəməliyəm. Mənə deyirlər get prezidentə şikayət et, artım onun imzaladığı fərmanla tənzimlənib”, -  şikayətçi bildirib.

Araz İsayev deyir ki, bələdiyyə sədri onu güzəşt adı ilə notariusa getməyə məcbur edir və 50 manat əvəzində hər hektarına görə 20 manat üçün müqavilə imzalatdırmaq istəyir.

"Mənim ödəniş hesabımı vermirlər ki, gedim ödənişimi edim. Bələdiyyə sədri Şahlar Əzimov deyir ki, notariusa gedək və sən orda sənədə imza at ki, hər il mənə 100 hektar üçün 2000 manat pul ödəməlisən. Bu qanun haradan çıxıb Necə olur ki, icarə haqqı 3 manatdan birdəfəlik 50 manata qalxır? Mən  o məmurlardan çox yardım edirəm bu kəndin kasıb adamlarına. Dövlət bu sahəni genişləndirmək üçün bizə 25 min manat dəyərində kredit də verir, amma kiçik məmurlar öz pis əməllərindən əl çəkmirlər”, - İsayev qeyd edib.

İsayev onu da bildirir ki, həbs olunan icra başçısının dövründə onun 100 hektarlıq torpaq sahəsinin 40 hektarı alınaraq vətəndaşlara verilib.

"Həbsdə olan Ağstafa rayonunun sabiq icra başçısı Nizaməddin Quliyev torpağımı əlimdən alsa da həmin torpaq üçün mən örüş pulu ödəmişəm. Bütün çeklər əlimdədir. Sadəcə ehtiyat edib haqqımı tələb edə bilmirdim”, -  Araz İsayev deyib.

Ağstafa rayonu Qırlı kənd bələdiyyəsinin sədri Şahlar Əzimov örüş pullarının 50 manata qaldırmasını təsdiqləsə də bunun onların istəyi ilə olmadığını bildirib.

"Siz örüş pullarının niyə qalxması sualını mənə yox Ədliyyə Nazirliyinin bələdiyyələrlə işləyən idarəsinin məmurlarına  versəniz daha yaxşı olar. Bizə nazirlik tərəfindən bu yaxınlarda tövsiyyə göndərilib. Orada qeyd olunub ki, minumum örüş haqqı 50 manat olmalıdır. Birmənalı şəkildə bizə icazə verilmir ki, örüş torpaqlarını 4 manata icarəyə verək”, -  bələdiyyə sədri qeyd edib. 

Araz İsayevin məsələsinə gəlincə isə bələdiyyə sədri vətəndaşları düşündüyü üçün Şəmkir rayon Ədliyyə idarəsindən bu ilin sonuna qədər örüş haqqını 20 manata endirmələrini xahiş etdiyini deyib.  

"Mən şəxsən müraciət edib razılıq almışam. Bu ilin sonuna kimi örüş torpağına görə, icarə haqqının 20 manat olmasını razılaşdırmışam. Bizim torpaqlarda örüş çox olduğuna, su tapılmadığına görə müvəqqəti 20 manatla razılaşıblar. Amma şikayət edən şəxs anlamır ki, bu bizdən asılı olan məsələ deyil. Qiymətlər bugünki bazar iqtisadiyyatına uyğunlaşdırılmalıdır. Bələdiyyələrin inkişaf etdirilməsi üçün qarşıya məqsədlər qoyulub”, -  Əzimov bildirib.

Məsələ ilə bağlı Ədliyyə Nazirliyindən  münasibət almağa çalışsaq da dəfələrlə etdiyimiz müraciətlərə heç bir reaksiya ala bilmədik.

Ümid edirik Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzi məsələyə münasibət bildirəcək və fermerlərin işinə yaradılan əngəllər aradan götürüləcəkdir. barəsində danışdığı 

Məlumat üçün onu da bildirək ki, bələdiyyə sədri Şahlar Əzimovun barəsində danışdığı Prezident fərmanını da  tapa bilmədik. Ekspertlər belə bir sənədin olmadığını dedilər. 

Gülnar Nazimqızı  



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM