"Rusiya Qarabağı nəzarət altında saxlamaq üçün bu münaqişənin həllinə çalışmır" - AÇIQLAMA

14:16 | 10.06.2015

"Rusiya Qarabağı nəzarət altında saxlamaq üçün bu münaqişənin həllinə çalışmır" - AÇIQLAMA

Azərbaycanın Avrasiya İqtisadi Birliyinə üzv olması arzusu zaman-zaman ayrı-ayrı adamların dilindən səslənir. Son günlər isə rəsmi Kremlin "danışan dil”lərindən hesab olunan, "Beynəlxalq Avrasiya Hərəkatının” lideri Aleksandr Duqinin dilindən səslənməsi diqqət çəkən məqam idi. Xüsusən onun bu fikri: "Azərbaycan Avrasiya İqtisadi Birliyinə daxil olarsa, o zaman Qarabağ mövzusu tamam ayrı anlam qazanacaq, necə ki, Türkiyə və Yunanıstan NATO-ya üzv olandan sonra Şimali Kipr məsələsi başqa məna qazandı”.

ANN.Az yerli politoloqların bu açıqlamaya münasibətini öyrənib.
 
 
 

Politoloq Elxan Şahinoğlu rusiyalı ekspertin bu söylədiklərinin yalnız niyyət xarakteri daşıdığı qənaətindədir: "Rusiyalı ekspert necə qəti şəkildə deyə bilər ki, Azərbaycan Avrasiya İqtisadi Birliyinə (AİB) üzv olsun, daha sonra Dağlıq Qarabağ problem həll olunacaq. Azərbaycan müstəqil dövlətdir  və 1993-cü ildən MDB-nin üzvüdür. Məgər Rusiya Qarabağ probleminin həllində işləri sürətləndirirmi? Təbii ki, yox. Bu fikir irəli sürən ekspertə demək lazımdır ki, Azərbaycan bu birliyə üzv oldu, amma Qarabağ problemi həll olunmadı, bəs o zaman hadisələr hansı istiqamətə yön alacaq? Düzdür, bu problem həll olunsa Azərbaycanla Rusiya əlaqələri daha da böyüyə bilər. Nazir Elmar Məmmədyarov da haqlı olaraq vurğulayıb ki, bu problem həll olunarsa, üzvlük haqqında fikirləşmək mümkündür. Çünki düşmən mövqeyində olan iki dövlət -  Azərbaycan və Ermənistan eyni iqtisadi məkanda ola bilməz. Bu münaqişə öz həllini tapmadıqca Azərbaycanın Ermənistana qarşı mövqeyi yaxşılaşa bilməz. Xarici İşlər nazirinin çıxışı rəsmi Bakının adındandır və bununla da artıq Azərbaycan bu birliyə üzvlüklə bağlı mövqeyini sərgiləyib. Amma indiki durumda Azərbaycan bu birliyə üzv ola bilməz”. 

Rusiyanın yaratdığı AİB-nin Avropada yaradılan beynəlxalq təşkilatlara bənzətmək istəydiyini deyən politoloq bunu yanlış addım sayıb: "AİB-ə üzv olan ölkələrlə iqtisadi əlaqələri genişləndirmək, hər hansı ticari işlər həyata keçirmək və ən əsası Avropa Təşkilatlarına bənzəmək Rusiyanın yaratdığı bu birlik üçün çətin görünür”. 

Rusiyanın Ermənistanla sıx münasibətlərindən söz açan politoloq Qarabağ münaqişəsinin həllində rusların böyük maraqlarının olduğunu deyib: "Rusiya istəsəydi bu problem tezliklə öz həllini tapa bilərdi. 12 iyun tarixində Rusiya prezidenti Vladimir Putin Bakıya gələcək. Ola bilsin ki, bu münaqişənin həlli ilə bağlı hansısa dialoqlar olsun. Rusiya Azərbaycanla Qarabağ problem barədə dialoqlar aparmasına baxmayaraq, rusların ermənilərə qarşı mövqeyi dəyişməz olaraq qalır. Ruslar erməniləri daim müdafiə edirlər”. 

Rusiyalı ekspert Aleksandr Duqinin "Türkiyə və Yunanıstan NATO-ya üzv olandan sonra Şimali Kipr məsələsi başqa məna qazandı”  fikrinin  yanlış olduğunu bildirən E.Şahinoğlu vurğulayıb ki, bu qeyd olunan addımdan sonra  bu münaqişə başqa hal qazanmayıb, əksinə, münasibətlər daha da dərinləşib: "Kipr problemi indiyə qədər həll olunmayıb. Həm də bu dövlətlərin NATO-ya üzv olunmasına heç bir aiddiyatı yoxdur”. 
 
 
 

Politoloq Ərəstun Oruclu AİB-nin  Rusiyanın öz maraqlarına uyğun yaratdığı bir qurum olduğunu deyib: "Ruslar bu qurumu yaradanda bu birliyə hansı ölkələrin qoşulacağını artıq müəyyən etmişdi. AİB yaradılanda Belarus və Qazaxıstan artıq bu birliyin əsas ölkələri idi. Gəlin, baxaq, görək bu ölkərdə vəziyyət, durum necədir: Belarus kifayət qədər çevik xarici siyasət yürüdür, maksimal dərəcədə Rusiya ilə məsafə saxlamağa çalışır. Qazaxıstan bir neçə amilləri nəzərə alaraq deyə bilərik ki, Rusiya ilə əlaqələri pozmamağa çalışır və münasibətləri nə yaxşılaşdırır, nə də pisləşdirir. Bu da ola bilsin, Qazaxıstanın yürütdüyü bir siyasətdir”. 

Rusiyalı ekspertin dediklərinə münasibət bildirən mütəxəssis qeyd edib ki, hansı ölkə bir-biriylə üzv olunanda digər ölkə ilə münaqişəsi həll olunub: "Qarabağla bağlı münaqişənin həll olunmamasında Rusiyanın marağı var və bunu hər kəs bilir. Artıq yavaş-yavaş bütün dünya da bunu anlayır.  

Ukrayna qərbə meylləndikdən sonra Rusiya artıq bu ölkənin ərazisini ilhaq etdi və digər ərazisinə də göz dikməyə başlayıb. Yəni rusların qərblə olan münasibətləri hamıya məlumdur. Və öz qonşularınında qərb ölkələri ilə münasibətlərinin yaxşılaşmasına mane olurlar. Rusiya özündən asılı vəziyyətə salmış Ermənistan üçün həmişə mübarizə aparıb. Rusiya üçün erməni və Ermənistan faktoru , Azərbaycan faktorundan qat-qat üstün olub. Bu 200 illik tarix boyu da belə idi,  hazırda da belədir. Rusiya yalnız Azərbaycanla münasibətləri pozmamaq üçün arada bir münaqişənin yarımçıq həll üçün fikirlər irəli sürür. Ruslar Dağlıq Qarabağ münaqişəsini ermənilərə vermək üçün yox, özlərinin nəzarəti altında saxlamaq üçün həll etmirlər. Bunun üçün də münaqişə həll yolunu hələ tapa bilməyib”.


Orxan Aslanlı


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti