Türk Dövlətləri Təşkilatı (TDT) ölkələrinin Sənaye, Elm, Texnologiya və İnnovasiya nazirlərinin növbəti toplantısının Azərbaycanda keçirilməsi ilə bağlı təklif irəli sürülüb.Bu barədə İqtisadiyyat Nazirliyindən bildirilib.
Bu təklifi iqtisadiyyat naziri Mikayıl Cabbarov Türkiyənin İstanbul şəhərində keçirilən TDT-nin Sənaye, Elm, Texnologiyalar və İnnovasiyalar nazirlərinin 1-ci Toplantısında səsləndirib.Təklif iştirakçı ölkələr tərəfindən qəbul olunub.
Mikayıl Cabbarovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyətinin iştirak etdiyi tədbirdə Türkiyənin sənaye və texnologiyalar naziri Mehmet Fatih Kacır keçiriləcək müzakirələrin və ikitərəfli görüşlərin səmərəli olacağına, gələcək əlaqələrin daha da möhkəmləndirilməsinə töhfə verəcəyinə ümidvar olduğunu bildirib.
TDT-nin Baş katibi Kubanıçbek Omuraliyev təşkilata üzv dövlətlər arasında tarixi və mədəni ortaqlığın zəruriliyindən irəli gələn əməkdaşlığın önəmini vurğulayıb və qarşılıqlı fəaliyyətin gücləndirilməsində toplantının əhəmiyyətli olacağına əminliyini ifadə edib.
Toplantıda iqtisadiyyat naziri qeyd edib ki, Türk dövlətləri arasında birgə fəaliyyətin gücləndirilməsi ölkələrin rifahına, iqtisadi artıma və dayanıqlı inkişafa təminat verir. Azərbaycan türk dövlətləri ilə əməkdaşlığı yüksək qiymətləndirir, türk dünyasındakı inteqrasiya proseslərinə dəstək verir. Vurğulanıb ki, İstanbulda keçirilən bugünkü tədbir qeyri-neft sənayesinin inkişafı, ticarət və investisiyaların təşviqi, KOB, müasir texnologiyaların tətbiqi, elm, innovasiya və rəqəmsallaşma sahələrində təşəbbüslərimizin artırılması imkanlarının dəyərləndirilməsi baxımından əhəmiyyətli olacaq.
İqtisadiyyat naziri bu ilin noyabrında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcək ölkəmizin elan etdiyi müxtəlif qlobal təşəbbüsləri də diqqətə çatdırıb.
TDT ölkələri üçün investisiyalar iqtisadi inkişaf və makroiqtisadi sabitliyin təmin olunmasında əhəmiyyətli rol oynayır. Bundan irəli gələrək investisiyalar sahəsində də TDT ölkələri arasında son illərdə mühüm işlər görülüb, üzv dövlətlərinin iqtisadi inkişafını stimullaşdırmaq məqsədilə Türk İnvestisiya Fondu təsis edilib. Bundan başqa, Azərbaycanla Özbəkistan, Azərbaycanla Qırğızıstan və Azərbaycanla Qazaxıstan arasında yaradılmış investisiya fondları ölkələrin iqtisadi inkişafına, rifah səviyyəsinin yaxşılaşdırılmasına töhfə verəcək.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !