Türkiyə “Yıldırımhan” qitələrarası raketini Somalidə sınaqdan keçirməyi planlaşdırır
Türkiyə yeni “Yıldırımhan” qitələrarası ballistik raketini ilin sonunadək Somalidə sınaqdan keçirməyi planlaşdırır. Bu barədə “Bloomberg” məsələ ilə tanış mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Ankara raketin sınaq buraxılışı üçün Somalidə inşa edilən yeni kosmik limandan istifadə etməyi nəzərdən keçirir. Mənbələrin bildirdiyinə görə, raketin təxminən 6 min kilometr uçuş məsafəsi olacaq ki, bu da Avropa və Yaxın Şərqin böyük hissəsini əhatə etməyə imkan verir.
“Bloomberg” yazır ki, layihə Türkiyənin uzunmənzilli raket və kosmik imkanlarını genişləndirmək strategiyasının bir hissəsidir və gələcəkdə real vaxt rejimində kəşfiyyat peyklərinin orbitə çıxarılması potensialını da nəzərdə tutur.
Somalinin xarici işlər naziri Əli Məhəmməd Ömər isə Türkiyə ilə birgə həyata keçirilən kosmik liman layihəsinin əsasən mülki məqsədlər daşıdığını bildirib.
Türkiyə mediasının məlumatına görə, “Yıldırımhan” raketi mayın 5-də İstanbulda keçirilən SAHA 2026 müdafiə sərgisində təqdim olunub. Bildirilir ki, raketin uçuş məsafəsi 6 min kilometrə çata bilir.
Gülnar Nazimqızı