Azərkosmos və Türkiyənin PROFEN şirkəti peyk tutumundan istifadə üzrə razılaşma imzalayıb
Azərbaycanın Kosmik Agentliyi – Azərkosmos və Türkiyənin peyk rabitə həlləri təminatçısı PROFEN şirkəti peyk tutumundan istifadə üzrə əməkdaşlıq razılaşması imzalayıb.
Bu barədə Azərkosmos məlumat yayıb.
Razılaşma İstanbulda keçirilən “SAHA Expo 2026” sərgisi çərçivəsində imzalanıb.
Sənədə əsasən, PROFEN “Azerspace-1” və “Azerspace-2” peyklərinin imkanlarından istifadə etməklə Türkiyə, Avropa, Yaxın Şərq və Afrika regionlarında peyk rabitə xidmətləri göstərməyi planlaşdırır.
Əməkdaşlıq PROFEN-in Konya və Ankara şəhərlərində yerləşən yerüstü stansiya infrastrukturu ilə Azərkosmosun mövcud peyk imkanlarının inteqrasiyasını nəzərdə tutur.
Layihə həmçinin mobil rabitə, uçuşdaxili internet xidmətləri və dənizçilik sahəsində peyk bağlantısını əhatə edəcək.
Tərəflər əməkdaşlığın regionda artan internet və rabitə ehtiyaclarına daha çevik və etibarlı həllər təqdim etmək məqsədi daşıdığını bildiriblər.
PROFEN peyk rabitə texnologiyaları, yer seqmenti infrastrukturu və sistem inteqrasiyası üzrə ixtisaslaşmış Türkiyə şirkətidir.
Azərkosmos 2010-cu ildə yaradılıb və Avropa, Asiya, Afrika və Yaxın Şərqdə 45-dən çox ölkəyə peyk xidmətləri göstərir.