Rusiya Pavel Durovu terrorçular və ekstremistlər siyahısına daxil edib
Rusiyanın səlahiyyətli orqanları Telegram platformasının qurucusu Pavel Durovu terrorçular və ekstremistlər siyahısına daxil edib. Bu barədə Rusiya rəsmilərinin açıqlamalarına istinadən yerli KİV-lər məlumat yayıb.
Bundan əvvəl, iyulun 29-da Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) Durovun Telegram platformasında qadağan olunmuş məzmunun və kanalların silinməməsi ilə bağlı açılmış cinayət işi çərçivəsində terror fəaliyyətinə yardım göstərməkdə ittiham olunduğunu bildirmişdi. Bu ittiham üzrə onu 15 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyə bilər.
FSB-nin məlumatına görə, istintaq "Dyvinchik" adlı tanışlıq xidməti üzərindən həyata keçirilən dələduzluq sxemini araşdırır. İddialara əsasən, cinayətkarlar qadın adı ilə istifadəçilərlə əlaqə yaradaraq onları fişinq keçidlərinə yönləndirib, bilet və hədiyyə adı altında ödənişlər etdirməyə çalışıblar.
Rusiya təhlükəsizlik xidməti bildirir ki, bundan sonra zərərçəkənlərlə özlərini hüquq-mühafizə orqanlarının və ya Rosfinmonitorinq əməkdaşları kimi təqdim edən şəxslər əlaqə saxlayıblar.
FSB-nin açıqlamasına görə, Daxili İşlər Nazirliyi və İstintaq Komitəsi ilə birgə ötən ilin iyul ayından bəri aparılan əməliyyatlar nəticəsində Rusiyanın 16 regionunda yaşı 12-dən 22-dək olan 46 nəfər saxlanılıb.
Pavel Durov və Telegram son illərdə müxtəlif ölkələrdə platformada qanunsuz məzmunun yayılması ilə bağlı hüquqi təzyiqlərlə üzləşib. Rusiya hakimiyyəti əvvəllər də Telegram-dan ekstremist və terror məzmununun silinməsini tələb edib. Durov isə platformanın istifadəçi məxfiliyini və ifadə azadlığını qorumaq siyasətini dəfələrlə müdafiə edib. Reuters bu xəbərlə bağlı Durovun və ya Telegram nümayəndələrinin mövqeyinə dair məlumat verməyib.
Gülnar