Ukrayna üçün Qarabağsayağı “Bişkek tələsi” - TƏHLİL

09:48 | 08.09.2014
Ukrayna üçün Qarabağsayağı “Bişkek tələsi” - TƏHLİL

Ukrayna üçün Qarabağsayağı “Bişkek tələsi” - TƏHLİL

Putinin sülh planı, yoxsa kapitulyasiya təklifi?; Kreml bir vaxt Bakı üçün qurduğu məkrli oyunu indi də Kiyevə tətbiq eləmək istəyir; Ukraynanın bu planı qəbul etməsi postsovet məkanında Rusiyanın Qərb üzərində daha bir geosiyasi uğurunu rəsmiləşdirəcək; Azərbaycan üçün də yeni fəsadlar doğuracaq bu plan Qarabağ ixtilafının ədalətli həllini bir az da qəlizə sala bilər...

NATO ölkələri Uelsdə bir araya gəlib Rusiyanın Ukraynaya hərbi təcavüzünü necə önləmək üçün konkret ölçülər götürmək haqda müzakirələrə başlamaqda ikən bütün bu “dünya kaşası”nı hazırlayan prezident Putin qəfildən “Sülhə doğru 7 addım” adlı sülh planı irəli sürdü. Və dərhal da Kremlin sülh təşəbbüsünün ardınca, demək olar, analoji planla Ukraynanın Şərqindəki Moskvanın idarə elədiyi separatçı quldur dəstələri çıxış elədilər. Hələ Rusiya ilə genişmiqyaslı müharibəyə hazır olmayan və son günlər ciddi məğlubiyyətlərə uğrayan rəsmi Kiyev də atəşkəsə hazır olduğunu bəyan elədi və öz həll planını ortaya qoydu.Aydındır ki, əgər hərbi əzələlərini oynadan və daha böyük ekspansionist planlar quran işğalçı qəfildən atəşkəs təklif edirsə, o zaman bu təklifə həddən ziyadı ehtiyatlı yanaşmaq lazımdır. Putin bu məsələdə heç də orijinal (istisna) deyil, zira, əksər təcavüzkarlar sülhpərvər libası geyməyi xoşlayıb, ələlxüsus da məhz genişmiqyaslı və məkrli hərbi planlar qurduqları zaman. Bu yerdə Hitlerin dərslik xarakterli sülhməramlı nümunələrini yada salmaq yetər: məsələn, Fransa və İngiltərə ilə 1938-ci ildə imzalanmış və Çexiyanın işğalına gətirən sülh sazişi; və ya 1939-cu ilin oktyabrında artıq Polşanın işğalı və dünya müharibəsinin başlamasından sonra böyük dövlətlərin sülh konfransını çağırmaq təklifi. Belə bənzər, məkrli təcrübədən müdrikləşdikləri üçün də qədim romalılar bu prinsipi formalaşdırmışdılar: “Si vis pacem, para bellum” (Sülh istəyirsənsə, müharibəyə hazır ol!"). Bəs nə imiş Putinin “7 addımlıq” planı? Bu planın mahiyyətində atəşkəsin dayandırılması və Ukrayna ordusunun münaqişə zonasından çıxarılması dayanır. İşğalçı Rusiya qoşunlarının və hərbi texnikasının çıxarılması haqda isə bir kəlmə də deyilmir. Axı, Moskva dünya üçün adi olan bir həqiqəti danır, abırsızcasına və üzə dirənərək Ukraynada özünün hərbi qüvvələri və texnikasının, münaqişə tərəfi olmadığını iddia edir. Bu planda Rusiyanın Ukrayna işlərinə daha müdaxilə etməyəcəyi haqda hər hansı zəmanət və Moskva üçün heç bir öhdəlik yoxdur, ona görə ki, o, guya münaqişə tərəfi deyil. Bununla bahəm, plan hətta Ukraynanın Donetsk və Luqansk vilayətlərindəki qanunsuz quldur dəstələrinin tər-ksilah edilməsini də nəzərdə tutmur. Üstəlik, həmin o Moskvada hazırlanan və terrorçuların adından təqdim olunan planda artıq ərazisində kütləvi şəkildə Rusiya pasportları paylanan qondarma respublikaların silahlı qüvvələri üçün xüsusi status tələb edilir.Qısası, Putinin sülh planı konfliktin Ukraynadan ötrü olduqca əlverişsiz və təhlükəli variantda dondurulmasına yönəlib. Faktiki olaraq, bu, kapitulyasiya sülhünə ikiüzlü bir çağırış və Ukraynanın ərazi bütövlüyü altına qoyulmuş gec partlayan minadır. *   *   *Bütün bunlar necə də bizə tanışdır və necə də atəşkəs haqda 1994-cü ildə imzalanmış “Bişkək anlaşması”nı xatırladır. O zaman biz də böyük itkilər verirdik, müharibədə qələbə dönüşünü təmin eləmək üçün resurslarımız az idi və kapitulyasiya barışığına razılıq verməklə uzun müddətə Kremlin sülh planı tələsinə düşdük. Axı, o zaman da Moskva vasitəçi qiyafəsində idi, münaqişə tərəfi yox, sülh carçısı olduğunu bəyan edirdi, hərgah, Ermənistanı kimin təhrik elədiyi və separatçı quldur dəstələrinin arxasında kimin dayandığı hamıya aydın idi.Sözü ona gətiririk ki, həmin “Bişkək protokolu” mahiyyət etibarilə Putinin indiki sülh planından çox az fərqlənirdi, çünki konfliktin qeyri-adekvat konservasiyasını nəzərdə tutur, birtərəfli qaydada Azərbaycan silahlı qüvvələrinin geri çəkilməsinə, ölkə ərazisinin 20 faizinin işğalı və işğalçı qüvvələrin ərazimizdə qalması faktının saxlanmasına hesablanmışdı. İndi təxminən eyni şey Ukraynaya təklif olunur.“Bişkək sazişi”ndən sonra bizim münaqişə “nə sülh, nə də müharibə” kimi havadan asılı vəziyyətdə donduruldu və çoxillik, nəticəsiz danışıqlar marafonu başladı. Qarabağ məsələsində hazırkı dalan vəziyyəti də xeyli dərəcədə Rusiyanın təşəbbüskarlığını etdiyi “Bişkək sazişi”nin nəticəsidir. Hələ o zaman da görmək olardı ki, bu məcburi “kapitulyasiya barışığı” situasiyanın üzücü konservasiyasına, konfliktin yadlaşdırılmasına və daimi olaraq güzəşt zəruriliyinə gətirəcək.“Bişkək protokolu” ilə problemin güc hesabına həll şansları minimuma endi, manevr imkanlarımız məhdudlaşdı və stavka yalnız xarici aləmə, diplomatiyaya edildi ki, bu da hələ ki, özünü doğrultmayıb. “Bişkək sazişi” faktiki surətdə “DQR”in leqallaşması və separatçı qurumun öz dövlət atributlarını artırması üçün zəmin yaratdı. Təqribən eyni təhlükə indi Ukrayna üzərində asılıb.*   *   *Doğrudur, istənilən müqayisə qüsurludur və burada da məntiqi etirazlar ola bilər. Misal üçün, bu cür ki, hazırkı Ukrayna 1994-cü ilin Azərbaycanı deyil və Rusiya işğalına qarşı müqavimət üçün o, resurslarının heç də hamısını xərcləməyib, bu üzdən çətin ki, Kremlin aşağılayıcı “kapitulyasiya sülhü”nə razı ola. Bu qənaətin xeyrinə olan məqamlardan biri də odur ki, Putinin və separatçıların həmin rüsvayçı planının qarşılığında Poroşenko özünün balanslı sülh planını təklif edib. Həmin plan Ukrayna hərbi birləşmələri ilə yanaşı, Rusiya silahlı qüvvələrinin də bölgədən çıxarılması və quldur dəstələrinin tər-ksilah edilməsini nəzərdə tutur. Bundan əlavə, yenə də o dövrün Azərbaycandan fərqli olaraq, Ukrayna öz mübarizəsində tənha deyil. Onun arxasında ABŞ, Avropa Birliyi, NATO və bütün dünya durub.   Fəqət “A” dedinsə, ardınca gərək “B” də söyləyəsən. İş ondadır ki, bu gün Rusiya da 1994-cü ildəki Rusiya deyil. Həmçinin, Qarabağ ixtilafı və Ukrayna hadisələrinin geosiyasi hədəfləri tam fərqlidir. “Qarabağ separatçılığı” sovet imperiyasının dağılma mərhələsində şişirdildi və dağılma məqsədinə xidmət edirdi, ona görə də təkcə Moskvanın yox, Qərbin də maraqlarına işləyirdi. O səbəbə münaqişə öz rolunu oynayandan sonra böyük dövlətlərin ona xüsusi marağı itdi və münaqişəni sadəcə olaraq, gələcək siyasi oyunlar üçün əlverişli rıçaq qismində, havadan asılı vəziyyətdə saxladılar.“Ukrayna hadisələri” isə Moskvanın velikoderjav eyforiyası və Putinin yeni böyük imperiya yaratmaqla bağlı ambisiyalı planları dönəminə təsadüf elədi. Bu konfliktdə Moskva və Qərbin maraqları antoqonist ziddiyyət təşkil edir. Odur ki, münaqişənin hazırkı durumda tam dondurulacağını gözləmək çətindir. Bunda nəinki Kiyev və Qərb, elə Rusiyanın özü də maraqlı deyil. Axı, Putindən ötrü Ukrayna son deyil, əksinə, qlobal imperiya planlarını reallaşdırmaq üçün yalnızca başlanğıcdır və Kremlin bütün sonrakı addımların taleyi “Ukrayna kampaniyası”nın uğurundan asılı olacaq. Bu xüsusda Putinin Ukrayna planının Azərbaycana, Qarabağ məsələsində də dəxli var.Madam ki, Moskvaya atəşkəs yox, Kiyev üzərində və elə həm də ona kömək edən Qərb üzərində qələbə lazımdır, bir daha aydın olur ki, Putinin planı açıq-aşkar məkrli niyyət güdür. Başqa bir formada, fərqli bir şəkildə və başqa içliklə olsa da bu, hər halda “Bişkək barışığı” kimi Azərbaycanın 20 il öncə düşdüyü təhlükəli tələdir. Ümid eləmək qalır ki, bu tələyə tuş gəlməməkdən ötrü Kiyevin gücü, vasitəsi, müdrikliyi və cəsarəti kifayət edəcək. Özü də məsələ təkcə Kiyevlik deyil, bütün Qərb dünyasının işidir. (musavat.com)ANN.Az

 

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb