Böyük Britaniya Qəzza zolağına humanitar yardımın çatdırılması üzrə beynəlxalq təşəbbüslərdə iştirak etməyə hazırdır. Bu barədə Böyük Britaniyanın Baş naziri Kir Starmer Fransa Prezidenti Emmanuel Makron və Almaniya kansleri Fridrix Merts ilə telefon danışığı zamanı bildirib. Xəbəri “Report” xarici KİV-ə istinadən yayıb.
Starmer bildirib ki, Britaniya humanitar yardımı havadan göndərmək və tibbi yardıma ehtiyacı olan fələstinli uşaqları təxliyə etmək məqsədilə İordaniya kimi regional tərəfdaşlarla işləməyi planlaşdırır. Planın konkret təfərrüatları açıqlanmayıb.
Liderlər telefon söhbətində həmçinin Ukraynadakı müharibə və İranın nüvə proqramını da müzakirə ediblər. Onlar Tehranın Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə əməkdaşlıq etmədiyi təqdirdə, diplomatik danışıqlara dönməməsi halında avqustun sonunda sanksiyaların bərpa olunacağı ilə bağlı razılığa gəliblər.