Trampa yaxın şirkət Çin bazarına Venesuela neftini endirimlə təklif edib — Bloomberg
Venesuela neftinin ilk partiyasını alan Vitol treyder şirkəti Çin alıcılarına xam nefti Brent markalı neftin qiymətindən təxminən 5 dollar ucuz təklif edib. Bu barədə Bloomberg treyderlərə istinadən xəbər verib.
Yüklərin çatdırılması aprelın ikinci yarısına planlaşdırılır.
Agentliyin məlumatına görə, Venesuelanın Merey markalı nefti üzrə endirimlər daha əvvəl, prezident Nikolas Maduronun ABŞ qüvvələri tərəfindən saxlanılmasından öncə, bir barel üçün 15 dollara qədər çatırdı.
Bloomberg qeyd edir ki, Merey uzun müddət dünyanın ən ucuz neftlərindən biri olub və onun əsas bazarı Asiya, xüsusilə Çin idi.
Yanvarın 15-də ABŞ Venesuelaya məxsus neftin ilk partiyasını 500 milyon dollara satıb.
Semaforun məlumatına görə, əldə olunan vəsait ABŞ administrasiyasının nəzarətində olan bir neçə bank hesabında saxlanılır.
Alıcı Vitol olub. Şirkətin baş treyderlərindən biri olan Con Eddison daha əvvəl ABŞ prezidenti Donald Trampı dəstəkləyən siyasi komitələrə təxminən 6 milyon dollar ianə edib.
Bloomberg bundan əvvəl Vitol Group və Trafigura Groupun Hindistan və Çin neftayırma zavodları ilə Venesuela neftinin mümkün satışı üzrə danışıqlar apardığını da yazıb.
Yanvarın 20-də ABŞ maliyyə naziri Skott Bessent bildirib ki, Çinin artıq Venesuela neftinə çıxışı yoxdur.
N.Təbrizli