“Hizbullah” İsraillə yeni müharibəyə hazırlaşır - KİV
Livanın “Hizbullah” hərəkatı İrandan milyonlarla dollar maliyyə dəstəyi aldıqdan sonra İsraillə hərbi əməliyyatların yenidən başlaması ehtimalına qarşı üç aydır hazırlıq görür.Bu barədə “Reuters” agentliyi Livanın təhlükəsizlik strukturlarındakı mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, 2024-cü ildən bəri İsraillə döyüşlərdə minlərlə döyüşçüsünü, komandanlıq heyətini və silah ehtiyatlarının böyük hissəsini itirən hərəkat iyun ayından etibarən yaranmış nisbi sakitlikdən istifadə edərək yenidən silahlanır. Təşkilatın əsas diqqəti partlayıcı maddələrin əldə edilməsinə və İsrail mövqelərinə zərbələr endirmək üçün dronların istehsalına yönəlib.
Mənbələrin bildirdiyinə görə, Tehran “Hizbullah”ın hərbi imkanlarını bərpa etməsi üçün təşkilata on milyonlarla dollar vəsait ayırıb. Bu məbləğ İrandan Livanın şiə əhalisi arasında köçkün düşmüş ailələrə yardım məqsədilə göndərilən 200 milyon dollardan əlavədir.
Həmçinin hərəkatın əvvəlki döyüşlərdə zərər görmüş komanda-idarəetmə sistemini bərpa etməyə çalışdığı bildirilir.
“Hizbullah”ın mətbuat xidməti “Reuters”ə açıqlamasında İsrailin Livan ərazilərini işğal etməsinin müqaviməti təşkilat üçün qanuni hüquqa çevirdiyini bildirib. Hərəkat komanda-idarəetmə sisteminin sıradan çıxması ilə bağlı iddiaları isə təkzib edib.
ABŞ Dövlət Departamenti öz növbəsində Vaşinqtonun sanksiyalar vasitəsilə “Hizbullah”ın maliyyə resurslarını məhdudlaşdırmağa davam edəcəyini açıqlayıb.