Hikmət Hacıyev Maqdalena Qrono ilə Azərbaycan-Aİ tərəfdaşlığını müzakirə edib

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono ilə görüşüb.
Hacıyev bu barədə “X” hesabında yazıb.
“Azərbaycan-Aİ tərəfdaşlığını, inkişaf edən əməkdaşlıq gündəliyini, eləcə də əsas regional və beynəlxalq prosesləri müzakirə etmək məqsədilə Aİ-nin xüsusi nümayəndəsi xanım Maqdalena Qrono ilə görüşdən məmnun oldum.
Enerji təhlükəsizliyi, nəqliyyat və logistika əlaqələrinin inkişafı, regional sabitlik də daxil olmaqla, qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın genişləndirilməsi barədə fikir mübadiləsi apardıq”, – Hacıyev qeyd edib.
























