Nepalda Azərbaycan və Kanadada iş vəd edən iki nəfər saxlanılıb

Nepal polisi pul müqabilində vətəndaşlara xaricdə, o cümlədən Azərbaycanda və Kanadada iş vəd edən iki nəfəri dələduzluq şübhəsi ilə saxlayıb.
Nepal mediası xəbər verir ki, saxlanılanlar Katmanduda yaşayan 56 yaşlı Punya Prasad Niraula və 20 yaşlı Şreya Şresthadır.
Nepal Polisi Mərkəzi İnformasiya Mərkəzinin məlumatına görə, hər iki şübhəli barədə zərərçəkmişlər tərəfindən şikayət daxil olub.
Niraula şikayətçilərdən birinə Azərbaycanda iş təşkil edəcəyini vəd edərək 3,2 milyon Nepal rupisi (35 min manatdan çox – red.) almaqda ittiham olunur. Şrestha isə başqa bir şəxsə Kanadada iş vəd edərək 345 min rupi (3 800 manatdan çox – red.) almaqda şübhəli bilinir.
Məlumata görə, hər iki şəxs pulu aldıqdan sonra şikayətçilərlə əlaqəni kəsib.
Tahaçal rayonunun Xaricdə Məşğulluq Departamenti və yerli polis saxlanılan şəxslərlə bağlı sonrakı tədbirlərin görülməsi üçün araşdırma aparır.
























