Türkiyədə 8 nəfəri öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb - yenilənib

Türkiyənin Afyonkarahisar vilayətinin İhsaniye rayonunda silahlı hücum edərək 8 nəfəri qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.Bu barədə CNN Türk xəbər verir.
“Afyon qətliamı”nın şübhəlisi Eskişehir vilayətinin Seyitgazi rayonunda tutulub.
Məlumata görə, şübhəli şəxs jandarm və polis əməkdaşlarının birgə əməliyyatı nəticəsində sağ ələ keçirilib.
Hadisə ilə bağlı istintaq davam edir. Məlum olub ki, ölənlərdən ikisi müəllimdir. İlkin araşdırmalara əsasən, onların əvvəlcədən bir-biri ilə tanışlığı və ya əlaqəsi olmayıb, təsadüfən eyni avtomobildə hərəkət ediblər.
***
Türkiyənin Afyonkarahisar şəhərində silahlı hücum nəticəsində azı 8 nəfər həyatını itirib.Bu barədə TRT Haber xəbər verir.
Hadisələr Ayazini və Kıyır kəndlərində qeydə alınıb. Hər iki kənddə ümumilikdə 6 nəfərin silahla öldürüldüyü müəyyən edilib.
Yukarıtandır kəndində isə iki qadın yaralı vəziyyətdə tapılıb. Xəstəxanaya çatdırılan qadınları həkimlərin müdaxiləsinə baxmayaraq xilas etmək mümkün olmayıb.
Beləliklə, rəsmi məlumatlara görə, ölənlərin sayı 8-ə çatıb. Türkiyənin bəzi media orqanları ağır yaralı daha bir nəfərin də xəstəxanada öldüyünü, bununla da qurbanların sayının 9-a yüksəldiyini yazıb. Lakin bu məlumat hələ rəsmi qurumlar tərəfindən təsdiqlənməyib.
Şübhəlilərin saxlanılması istiqamətində axtarışlar davam etdirilir.
























