Almaniyada təyyarə avtomagistrala çırpılıb, 2 nəfər ölüb

Almaniyanın Maqdeburq şəhərinin şimal-şərqində yüngül mühərrikli təyyarə A2 avtomagistralına çırpılıb, nəticədə iki nəfər ölüb.Bu barədə “Bild” xəbər verir.
Qəza bu gün günorta saatlarında baş verib.
İlkin məlumata görə, təyyarə avtomagistralda hərəkətdə olan avtomobillərə toxunmayıb. Qəzanın səbəbləri araşdırılır.
Hadisə yerində polis, yanğınsöndürənlər və xilasetmə xidmətləri fəaliyyət göstərir. Qəza səbəbindən A2 avtomagistralının Berlin istiqamətində hərəkət dayandırılıb.
Qəza nəticəsində təyyarə, demək olar ki, tamamilə dağılıb.
“Flightradar” portalının məlumatına görə, qəzaya uğrayan təyyarənin iki nəfərlik “Aerostyle Breezer” ultrayüngül hava gəmisi olduğu ehtimal edilir. Təyyarə Şlezviq-Holşteyn federal əyalətinin Kropp şəhərindəki aviasiya-idman klubunun adına qeydiyyatdadır.
























