Bolqarıstan qırıcıları partlayış təhlükəsi ilə əlaqədar iki sərnişin təyyarəsini müşayiət edib

Bolqarıstan Hərbi Hava Qüvvələrinin (HHQ) “MiQ-29” qırıcıları göyərtəsində partlayıcı qurğunun olması barədə məlumat daxil olan iki sərnişin təyyarəsini Sofiya hava limanına qədər müşayiət edib.
Bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, “Qraf İqnatiyevo” aviabazasının qırıcıları Bolqarıstanın hava məkanında müşayiət və hava məkanının mühafizəsi üzrə müəyyən edilmiş prosedurları yerinə yetiriblər.
London və Brüsseldən uçan təyyarələr Sofiyadakı Vasil Levski adına hava limanına eniş etdikdən sonra sərhəd polisi tərəfindən yoxlanılıb. Yoxlama zamanı şübhəli əşya aşkarlanmayıb.
Qeyd olunub ki, müşayiət NATO-nun “Air Policing” hava məkanının mühafizəsi missiyası çərçivəsində həyata keçirilib.
























