ABŞ-nin vitse-prezidenti gələn həftə İran rəsmisi ilə görüşəcək

Qətər ABŞ-nin vitse-prezidenti Cey Di Venslə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezai arasında görüşə ev sahibliyi edəcək.
Bunu Türkiyənin Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın Ankarada keçirilən konfransda bildirib.
Onun sözlərinə görə, Dohada keçirilməsi planlaşdırılan görüş Vaşinqton və Tehran arasında danışıqlarda ciddi irəliləyişə nail olmaq üçün mühüm fürsət yarada bilər.
Kalın bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan şənbə günü ABŞ Prezidenti Donald Trampla telefon danışığı zamanı onu İrana qarşı yeni zərbələr endirməkdən çəkinməyə çağırıb. Türkiyə kəşfiyyatının rəhbərinin fikrincə, ABŞ-nin hərbi əməliyyatı regionda qarşıdurmanın yeni mərhələsinə səbəb ola bilər.
O, həmçinin Türkiyə və digər regional vasitəçilərin münaqişənin nizamlanmasına dair yeddi bəndlik planın razılaşdırılması istiqamətində irəliləyiş əldə etdiyini qeyd edib.
Plan İranın nüvə silahı hazırlamamaq öhdəliyi götürməsini, Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) ilə əməkdaşlığını, bunun müqabilində isə sanksiyaların yumşaldılmasını və dondurulmuş vəsaitlərinə çıxış əldə etməsini nəzərdə tutur. Bu addımların ardınca Hörmüz boğazının açılması planlaşdırılır.
Kalının sözlərinə görə, hazırda tərəflər əsasən razılaşmanın icrası üzrə addımların ardıcıllığını müəyyənləşdirməyə çalışırlar. O vurğulayıb ki, yaxın günlərdə razılıq əldə olunarsa, ABŞ-nin İrana yeni zərbələr endirməsinin qarşısını almaq mümkün olacaq. Əks halda, hücumlar bir neçə gün ərzində bərpa oluna bilər.
Bununla yanaşı, İranın mövqeyindən xəbərdar olan mənbə Vaşinqtonla razılaşma əldə ediləcəyinə şübhə ilə yanaşıb. Mənbənin sözlərinə görə, Tehran yeni eskalasiyaya hazırlaşır və regionda, eləcə də onun hüdudlarından kənarda yerləşən ABŞ hərbi bazalarına cavab zərbələri endirməyi planlaşdırır.
Son xəbərlər 
Daha çox 























