İşbazların
zəbt etdiyi ərazilər əhalinin ümumi istifadəsinə qaytarıldı
Bakının Binəqədi rayonu ərazisində, 9-cu
mikrorayonda əhalinin ümumi istifadəsində olan iki torpaq sahəsinin zəbt edilməsi
və hasarlanması cəhdlərinin qarşısı alınıb.
Buna sakinlərin Binəqədi Rayon İcra Hakimiyyətinin
yeni rəhbəri Elxan Allahverdiyevə müraciəti nəticəsində nail olunub.
Demə, həmin torpaq sahələrindən biri - Adil Məmmədov
küçəsi, 83 saylı yaşayış binasının arxasında 40-dək ağacın və avtobus
dayanacağının yerləşdiyi ərazi hələ 4 il öncə özəlləşdirilib. Bu ərazidən
piyada yolu keçir və sakinlər hər gün bu yoldan istifadə edir.
Torpaq sahibinin burada nə tikmək istədiyi məlum deyil.
Amma ərazini hasarlamaq niyyətində olub. Onun ilk cəhdinin qarşısı alınsa da, sonra
əraziyə bir maşın daş boşalda bilib. Lakin sakinlərin Binəqədi Rayon İcra
Hakimiyyətinə müraciətindən sonra ərazi iyunun 12-də daşlardan təmizlənib.
Məlum olub ki, qeyd edilən torpaq sahəsində tikinti
işinin aparılması barədə nə Bakı Şəhər İcra Hakimiyyəti, nə də Binəqədi Rayon
İcra Hakimiyyətinin icazəsi var.
Bununla belə, sakinlər anlaşılmaz vəziyyətlə üzləşib.
Onlar ərazinin 4 il öncə özəlləşdirilməsindən indi xəbər tutublar. Bu xəbər şok
effekti yaradıb. Təssəvvür edin: hər gün gedib-gəldiyiniz piyada yolu... bir səhər
eşidirsiniz ki, özəlləşdirilib.
İndi məlum olur ki, bu torpaq sahəsi hələ 2007-ci
ildə Binəqədi bələdiyyəsinin 30 dekabr tarixli qərarı ilə sakinlərin tanımadığı
bir şəxsə sahibkarlıq fəaliyyətilə məşğul olmaq üçün ayrılıb. Lakin indiyədək ərazidə
heç bir sahibkarlıq fəaliyyəti göstərilməyib. İndi isə torpaq sahəsinin digər şəxsə
satıldığı və 2014-cü ildə həmin şəxsin adına özəlləşdirildiyi məlum olub.
Sakinlər hesab edirlər ki, Binəqədi bələdiyyəsi
qanunları kobud şəkildə pozub və müvafiq qanunvericiliyə görə, ümumi istifadədə
olan bələdiyyə torpaqlarının nəinki özəlləşdirilməsinə, hətta icarəyə verilməsinə
yol verilmir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !