Hər hansı layihəyə başlamazdan əvvəl məqsəd auditoriyasının hərtərəfli təhlilinin həyata keçirilməməsi böyük xətadır. Müvəffəqiyyət qazanmaq istəyirsinizsə, hədəf qrupunuzun kim olduğunu bilməlisiniz.
Məqsəd auditoriyasını tanımaq nə üçün
vacibdir?
Məqsəd auditoriyasının təhlili hər hansı məhsul və ya xidmət bazarı haqqında
tam təfsilatlı məlumatların toplanması üsuludur. Məhsulu bazara buraxmadan, hər
hansı kitabı yazmadan, film çəkmədən və ya auditoriyaya təqdim edilməsi nəzərdə
tutulan hər hansı digər işə başlamadan əvvəl hədəf qrupu təhlili həyata
keçirilməlidir.
Bu, bazarın ehtiyaclarına ən yaxşı şəkildə cavab verməyə, eləcə də məhsulu
onlara çatdırmanın ən effektiv üsullarını müəyyən etməyə imkan verir. Əgər
məhsulu hazırlamadan əvvəl müvafiq təhlil həyata keçirilməzsə, ideya və ya
məhsulun nəzərdə tutulmuş auditoriyaya çatdırılması mümkün deyildir.
Necə başlayaq?
Hədəf qrupu müəyyənləşdirməyin ən yaxşı üsulu bazara təqdim ediləcək məhsulu
nəzərdən keçirməkdir. Bu məhsuldan ümumən kimlər istifadə edəcək? Geniş kütlə
üçün nəzərdə tutulub? Məsələn, hər bir evdə istifadə edilə biləcək bir məhsul,
yoxsa xüsusi bir sahə üzrə ixtisaslaşmış insanlar üçündür? Hədəf insanları
təxmini şəkildə müəyyən etdikdən sonra bir neçə mərhələdə onları dərindən
araşdırmaq lazımdır.
Demoqrafiya
Başlanğıcda məqsəd auditoriyasının demoqrafik göstəricilərini təhlil etmək
lazımdır. Bunu müəyyən etməyin müxtəlif üsulları vardır. Müəyyən bir regionda
siyahıyaalma üzrə məlumatları faydalı ola bilər. Bazarda mövcud olan oxşar bir
məhsulun istifadəçiləri üzrə demoqrafik məlumatları nəzərdən keçirmək də
müəyyən təsəvvür yarada bilər. Əgər əvvəldə dediyimiz kimi dar çərçivədən olan
xüsusi bir qrupu hədəf olaraq götürmüşsünüzsə, çox güman ki, həmin qrupda
auditoriya haqqında demoqrafik məlumatları təmin edə biləcək xüsusi birlik və
ya assosiasiya mövcuddur.
Təfsilatlar
Potensial bazarın yaş, cins, iqtisadi durumu üzrə səciyyəvi məlumatları
topladıqdan sonra təhlili dərinləşdirmək lazımdır. Auditoriyanın bu yeni məhsul
və ya xidmət vasitəsilə təmin ediləcək arzu və tələbatları vardır, buna görə də
təhlilin məqsədi həmin tələbatları başa düşməkdən ibarətdir. Bazarda oxşar
məhsullar varsa, mütləq həmin məhsullarda bu yeni məhsulun aradan qaldıra
biləcəyi bir çatışmazlıq vardır. Müşahidə, müsahibələr, hədəf qrupları
vasitəsilə auditoriyanın düşüncəsinə nüfuz etmək və bu məlumatları toplamaq
olar.
Təhlildən istifadə
Məqsəd auditoriyasının təhlilini tamamladıqdan sonra ondan istifadə etmək
lazımdır. Artıq hədəf qrupun coğrafi yerləşməsi, yaş, cins, gəlir
xüsusiyyətləri, arzu və istəkləri barədə məlumatımız var. Auditoriyanın
arzularına mükəmməl formada cavab verəcək məhsul hazırlaya və tələbata cavab
verə bilərsiniz. Məhsul hazırlandıqdan sonra da təhlildən istifadə yenidən
zərurətə çevrilir. Təhlil hədəf bazarın coğrafi mövqeyini aydınlaşdırır və
istehsalçının məhsulu onlara çatdırmasına imkan verir.
Hər hansı layihəyə başlamazdan əvvəl məqsəd auditoriyasının hərtərəfli
təhlilinin həyata keçirilməməsi böyük xətadır. Müvəffəqiyyət qazanmaq
istəyirsinizsə, hədəf qrupunuzun kim olduğunu bilməlisiniz.
Təşkilatçı PR Men Samir İbadov
Media Print MMC/ rəhbəri
Media Management Group/rəhbəri