Yeni nazirlərimiz hansı dəyişiliklər etdi?

15:28 | 03.05.2018
Yeni nazirlərimiz hansı dəyişiliklər etdi?

Yeni nazirlərimiz hansı dəyişiliklər etdi?

Yeni hökumətin tərkibinə daxil olan nazirlərin bir çoxu fəaliyyətə başladıqları ilk gündən apardıqları kadr islahatları ilə gündəm yaradıblar.

Axar.az xəbər verir ki, təyinatından sonra ən çox kadr islahatı aparan Kənd Təsərrüfatı naziri İnam Kərimovdur. O, fəaliyyətinin ilk günlərində nazirliyin uzun illər mətbuat katibi olmuş Murtuzəli Hacıyevi vəzifəsindən azad edib. Onun yerinə isə ASAN Xidmətin mətbuat xidmətinin rəhbəri Anar Hüseynov təyin edilib.

M.Hacıyev isə toxumçuluq sahəsi üzrə şöbə müdirinin müavini vəzifəsinə təyin edilib.

İ.Kərimov daha sonra Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrolizinq ASC-nin sədri Elşən Məmmədovu vəzifəsindən azad edib, 3 saylı ASAN Xidmət mərkəzinin direktoru Seymur Mövlayevi isə ASC-nin sədri vəzifəsinə gətirib.

Vəzifəsindən uzaqlaşdırılan E.Məmmədov nazirliyin Texniki siyasət şöbəsinin müdiri vəzifəsinə təyinat alıb.

Kadr islahatları ilə diqqət çəkən ikinci şəxs Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevdir. O, komitənin Repatriasiya departamentinin direktoru Elman Behbud oğlu İsmayılovu vəzifəsindən azad edib.

Sədrin köməkçisi Əkbər Əkbərov və qurumun Mənzil istismar departametinin direktoru Akif Mirzəyev də vəzifəsindən azad edilib. Bu 3 şəxsin yerinə hələlik təyinat həyata keçirilməyib.

R.Rzayev daha bir kadr dəyişikliyi qurumun Beynəlxalq əməkdaşlıq, ictimaiyyət və mətbuat xidməti departamentində aparıb. O, qurumun illərdir mətbuat katibi işləyən Elçin Qədimovu vəzifəsindən azad edərək, İbrahim Mirzəyevi həmin şöbəyə rəhbər təyin edib.

Dövlət Miqrasiya Xidmətinə yeni təyinat alan Vüsal Hüseynov isə cəmi bir kadr dəyişikliyi edib. O, Dövlət Miqrasiya Xidmətində bölmə rəisi Şəhriyar Tariyevi tutduğu vəzifədən azad edib. Onun yerinə isə təyinat yoxdur.

Yeni Təhsil naziri Ceyhun Bayramov hələlik heç bir kadr islahatı aparmayıb. Lakin nazir təyin edildiyi ilk gündən atdığı addımlarla gündəm olub. Belə ki, yerdən tapdığı 5 min manatı sahibinə qaytaran tovuzlu məktəblini hərəkətinə görə mükafatlandırıb, 189-190 nömrəli məktəbin ibtidai sinif müəllimi Səyyarə Əliyevanı azyaşlı məktəblini döyməsi səbəbindən işdən azad edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev, Ekologoya və Təbii Sərvətlər naziri Muxtar Babayev, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun isə fəaliyyətə başladıqları 10 gün ərzində kadr islahatları aparmaları ilə bağlı məlumat yayılmayıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM