Milli Məclis gələn ay Azərbaycanın 2018-ci il üzrə büdcə zərfini müzakirəyə çıxaracaq. Artıq bəzi sahələr üzrə ayrılması nəzərdə tutulan vəsaitin həcmi açıqlanıb. Ancaq şübhəsiz ki, bunlar son rəqəmlər deyil və plenar iclasın müzakirələrindən sonra dəyişikliklər mümkündür. Bəs, Milli Məclis üzvləri necə, hökumətin iştirakı ilə keçiriləcək komitə və plenar iclasın müzakirələri zamanı deputat maaşının artırılması barədə təşəbbüslə çıxış edəcəklərmi? Xatırladaq ki, vaxtaşırı deputatların özləri də maaş azlığından şikayətlənir. Bu mənada devalvasiya, bahalığın tüğyan etdiyi şəraitdə onların özləri ilə bağlı məsələ qaldırıb-qaldırmayacağı maraq doğurur.
Gununsesi.info xəbər verir ki, deputat Fazil Mustafa "Yeni Müsavat”a bildirdi ki, bu məsələnin gündəmə gətirilib-gətirilməyəcəyi barədə bilgili deyil: "Hazırkı maaş başqa ölkələrin parlamentləri ilə müqayisədə çox aşağı olsa da, müəllimin, həkimin, məmurun aldığı maaşın, təəqaüdçünün pensiyasının aşağı olması durumunda belə bir təkliflə çıxış etməyi məqsədəuyğun saymıram”.
Y.Abramov dedi ki, aldığı maaş 1700 manat maaş alır: "Hələ mən komitə sədrinin müaviniyəm”.
Deputat dedi ki, deputatların vaxtaşırı xarici ölkələrə səfərlər etməsini də nəzərə almaq lazımdır: "Bu gün nəzərdə tutulan vəsait bir sıra ölkələrin mehmanxana xərclərini ödəmir. Məsələn, Yerusəlim şəhərində ən ucuz mehmanxana 400-500 dollardır. Burda verilən vəsait sənin yeməyinə və yatmağına bəs etmir. Amma elə ölkələr var ki, orda vəziyyət fərqlidir. Amma ümumilikdə nə edək, xalqın güzəranı bizdən də pisdir”.
Deputat büdcə müzakirələrində xalqın durumu ilə bağlı məsələ qaldıracağını istisna etmədi: "Nə vaxt olub ki, mən çıxışlarımda özümçün nə isə istəmişəm? Həmişə xalq üçün nələrsə deməyə çalışmışam. Bu dəfə də qismət olar, yazılarıq, danışarıq”.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !