Mehriban Əliyeva görüşdə çıxış edib:
Əziz dostlar.
Mən hamınızı salamlayıram və Novruz bayramı, həmçinin fürsətdən
istifadə edərək bu yaxınlarda qeyd olunan Beynəlxalq Qadınlar Günü
münasibətilə Sizə təbriklərimi çatdırıram. Novruz Azərbaycanda ən qədim
və sevimli bayramlardan biridir. Novruz yazın rəmzidir və mən sizin hər
birinizə və ailələrinizə cansağlığı, böyük xoşbəxtlik və sevgi arzulamaq
istərdim. Mən, həmçinin sizin burada - Azərbaycanda təmsil etdiyiniz
ölkələrə hörmətimi ifadə etmək, xalqlarınıza sülh və əmin-amanlıq arzu
etmək istərdim. Mən "HOMS Qrupu Səfir Xanımları Cəmiyyəti”nin
fəaliyyətini yüksək qiymətləndirirəm. Sizin şəxsi səviyyədə
fəaliyyətiniz ölkələrimiz arasında əlaqələrin inkişafına böyük töhfə
verir.
Əziz dostlar, Azərbaycan tarixən müxtəlif mədəniyyətlərin,
millətlərin və dinlərin nümayəndələrinin sülh və harmoniya içərisində
yaşadığı məkan olub. Bu gün müasir Azərbaycanda biz fəxr edirik ki,
ölkəmiz dünyanın mədəniyyətlərarası dialoq və multikulturalizm
mərkəzlərindən biri kimi yaxşı tanınır. Bu il bizim üçün çox əlamətdar
bir ildir. Yüz il bundan əvvəl Azərbaycan xalqı müsəlman dünyasında ilk
parlamentli demokratik respublikanın əsasını qoydu. Əfsuslar olsun ki,
o, cəmi 23 ay yaşadı. Lakin Azərbaycan Xalq Cümhuriyyəti bir sıra böyük
əhəmiyyət kəsb edən qərarlar, o cümlədən qadınlara səs vermək hüququnun
verilməsi ilə bağlı qərar qəbul etdi. Bu gün müasir Azərbaycanda biz
dövlətçilik, demokratiya və hüquqların bərabərliyi ənənələrini qoruyub
saxlayırıq. Müasir Azərbaycanda qadınlarımız həyatımızın müxtəlif
sahələrində çox fəaldırlar. Onlar siyasi, iqtisadi və sosial sahələrdə
fəaldırlar. Müstəqilliyimizin bərpasından sonra üzləşdiyimiz
çətinliklərə baxmayaraq, Azərbaycan öz sürətli inkişafını təmin edə
bildi. Biz siyasi, iqtisadi və sosial sahələrdə bir çox mühüm addımlar
atmışıq. Bu gün Azərbaycan təkcə region üçün deyil, həm də Avropa üçün
əhəmiyyət kəsb edən infrastruktur, enerji və nəqliyyat sahələrində bir
çox genişmiqyaslı layihələr həyata keçirir. Azərbaycan Şərq və Qərb
sivilizasiyalarının kəsişməsində yerləşir və Azərbaycan həm Avropa
Şurası, həm də İslam Əməkdaşlıq Təşkilatının üzvü olan az sayda
ölkələrdən biridir.
Görüşün sonunda xatirə şəkli çəkdirilib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !