140 ilin fədailəri: peşəsi uğrunda ölən jurnalistlərimiz - FOTOLAR

09:24 | 22.07.2015
140 ilin fədailəri: peşəsi uğrunda ölən jurnalistlərimiz - FOTOLAR

140 ilin fədailəri: peşəsi uğrunda ölən jurnalistlərimiz - FOTOLAR

22 iyul - Azərbaycanda Milli Mətbuat günüdür. Fotoreportajımı bu dəfə fərqli etmək qərarına gəldim. Əslində, burada fərqli hesab olunacaq bir məsələ də yoxdur. Sadəcə bu günün əsil layiqlilərini - peşəsi uğrunda həyatlarını itirən jurnalistlərimiz, canlarını öz işləri uğrunda qurban verən qələm sahiblərimiz haqqında fotosessiya hazırlamaq qərarına gəldim. Diqqətli oxucularımız onları tanıyır, amma bir daha bu şəxsiyyətləri yad etmək hər kəsin vicdan borcudur.
 
 
Həsən bəy Zərdabi Azərbaycanın milli mətbuatının əsası sayılan "Əkinçi”nin yaradıcısıdır. Ana dilində qəzetə böyük ehtiyac olduğunu dərk edən Həsən bəy qəzet çap etmək üçün o zaman hökumətə müraciət edib. Nəhayət, xeyli zəhmətdən, əzab-əziyyətdən sonra 1875-ci ilin 22 iyulunda Bakıda qubernator mətbəəsində Azərbaycan dilində "Əkinçi" qəzetinin nəşrinə müvəffəq olub. 1875-ci ilin 22 iyulundan 1877-ci ilin 29 sentyabrına qədər çapını davam etdirən "Əkinçi" ayda iki dəfə 300-400 tirajla nəşr edilib. Bu illər ərzində qəzetin 56 nömrəsi işıq üzü görüb.
 
 
 
 
Nəcəf Nəcəfov 80-ci illərin əvvəllərindən "İnşaatçı” qəzetində əmək fəaliyyətinə başlayıb. Həmin il Nəcəf Nəcəfov "Molodyoj Azerbaydjana” qəzetinə redaktor təyin edilib. Qəzet erməni separatçılarının Azərbaycana elan etdiyi ideoloji müharibəyə qarşı qərargaha çevrilib. N.Nəcəfovun və qələmdaşlarının prinsipial mövqeyi respublikanın kommunist rəhbərliyini razı salmayıb və 1988-ci ildə o, vəzifəsindən azad edilib. Bundan sonra jurnalist 1989-cu ildə ilk müstəqil qəzet olan "Azadlıq” qəzetini təsis edib.

1990-cı ilin qanlı 20 Yanvar hadisələrində N.Nəcəfov Biləcəri yoxuşunda Sovet qəsbkarlarının qarşısını kəsən əliyalın adamların ön cərgəsində olub. Əsgər dəyənəyindən ağır zədə alan N.Nəcəfov səhərə kimi huşsuz halda yıxılıb qalıb. Sonralar N.Nəcəfov ölkənin dövlət müstəqilliyinin bərpası və Azərbaycanda Demokratik bir dövlətin yaradılması uğrunda fəal mübarizəni davam etdirib. 1990-cı ilin yazında o, bir qrup müstəqil jurnalistlə birlikdə "Turan" informasiya agentlyini təsis edib. 1990-1995-ci illərdə Azərbaycan parlamentinin deputatı olub. 1992-1993-cü illərdə N.Nəcəfov Azərbaycanın o vaxtkı prezidenti Əbülfəz Elçibəyin mətbuat katibi vəzifəsində işləyib. 

Ömrünün son illərində N.Nəcəfov Müstəqil Sahibkarlığa Yardım Fondunun vitse-prezidenti olub.

Nəcəf Nəcəfov 1999-cu il dekabrın 17-də uzun sürən ağır xəstəlikdən sonra vəfat edib. Bakı şəhərində Köhnə qəbiristanlıqda dəfn olunub.
 

 
 
Salatın Əsgərova Bakıda ziyalı ailəsində anadan olub. Orta məktəbi 1979-cu ildə bitirən ili Azərbaycan Neft və Kimya İnstitutuna girsə də, aktiv jurnalistika fəaliyyəti ilə məşğul olub. Bir müddət "Molodyoj Azerbaydjana” qəzetinin müxbiri işləyib. 1991-ci ilin 9 yanvar tarixində Laçından Şuşaya keçərkən yolun 6-cı kilometrliyindəki Qaladərəsi kəndi yaxınlığında erməni silahlı qüvvələri tərəfindən olduğu maşın atəşə tutulub və nəticədə jurnalist həlak olub.
 
 
Alı Mustafayev Ermənistan hərbi birləşmələrinin Azərbaycana hücumu dövründə Dağlıq Qarabağdan - qaynar nöqtələrdən, eləcə də yüksək dövlət səviyyəli rəsmi görüşlərdən müsahibə və reportajlar hazırlayan aktiv reportyorlardan biri olub

1991-ci ilin 20 noyabrında Dağlıq Qarabağın Qarakənd kəndi yaxınlığında Azərbaycanın yüksək rütbəli dövlət nümayəndələrini aparan vertolyot düşmən mərmisinə tuş gəlib və həmin vertolyotda olan Alı Mustafayev də faciəli şəkildə vəfat edib.
 
 
Fəxrəddin Şahbazov şəhid jurnalistlərimizdən biridir. O, 1972-ci ildən Azərbaycan Teleradio Şirkətində işə başlayıb və 20 il burada fasiləsiz olaraq operator peşəsində çalışıb. Erməni işğalçılarının Dağlıq Qarabağ və Qərbi Azərbaycan torpaqlarından zorla, silah gücü ilə çıxarılması vaxtı o könüllü olaraq cəbhəyə gedər, qaynar döyüş meydanlarından reportajlar hazırlayardı. Jurnalist 20 noyabr 1991-ci ildə Qarakənd yaxınlığındakı vertolyot partlaması nəticəsində həlak olub.
 
 
 
Çingiz Mustafayev ixtisasca həkim olsa da Ermənistanın Azərbaycana qarşı Qarabağ işğalı başlayandan sonra aktiv jurnalist fəaliyyətinə başlayıb. Ölkənin döyüş gedən bütün bölgələrindən operativ xəbərlər, ayrı-ayrı əsgərlər haqda xüsusi reportajlar və bütün bunlarla yanaşı Azərbaycanda gedən siyasi proseslər barədə ətraflı informasiyalar Çingizin çəkdiyi kadrlar sayəsində əldə olunurdu. Çingiz Mustafayev 1992-ci ilin 15 iyununda Xocalı rayonunun Naxçıvanlı kəndində çəkiliş zamanı aldığı mərmi qəlpəsindən həyatını itirsə də, o anda belə kamerasını söndürməmişdi.
 
 
 

Elmar Hüseynov jurnalistikaya 1990-cı illərin əvvəllərində gəlib. Bir neçə rusdilli media quruluşunda çalışan jurnalist daha sonra "Monitor” jurnalını təsis edib və öz kəskin tənqidi mövqe əks etdirən yazılarları ilə mətbuatda çıxış edib. 2005-ci ilin martın 2-də muzdlu qatil tərəfindən Bakıda, yaşadığı evin blokunda odlu silahla qətlə yetirilib. Cinayətin üstü indiyədək açılmayıb. 

 

Fərqanə Novruzova
Fotolar müəllifindir 
 
 
 
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb