Yunis Şıxəliyev Tibb Universitetinin Tədris-Terapevtik klinikasında işləyir. O, hazırda pandemiya dövründə ön cəbhədə savaşan Azərbaycan həkimlərindən biridir.
Nazirlər Kabineti yanında Operativ Qərargah mayın 18-dən etibarən karantin rejiminin yumşalması ilə bağlı bir sıra qərarlar verib.
COVİD-19-la bağlı bir sıra suallar isə hələ də cavabsızdır. Məsələn, həqiqətənmi bu virus var? Verilən qərarlar vətəndaşların həyatına necə təsir göstərəcək? Bu virus əvvəllər də Azərbaycanda olubmu və adi qripdən fərqi nədir? Karantin rejimi xəstəliyin kökünü kəsəcəkmi? və s. kimi suallar vətəndaşlarımız və eləcə də jurnalistlərdə maraq doğurur.
Suallarımıza həkim-terapevt Yunis Sıxəliyev cavab verdi:
- Koronavirus Azərbaycanda bu ilyaranıb yoxsa əvvəllər də bu virus var idi?
- COVİD-19 koronavirusun bir növüdür. Yeni növ virusdur və insanların həyatını təhdid edir. Məsələn, SARS, MERS adlanan viruslar da koronavirus ailəsinə daxildir. Məhz COVİD-19 virusu bu ildən etibarən yayılıb. Əslində əvvəllər də var idi, amma insanlara keçmirdi, indi isə insanlara da yoluxmağa başladı.
- COVİD-19-un adi qripdən fərqi nədir? Bu virus ancaq yaşlı insanlaramı keçir? Virusu keçirən insanlar hansı ağrıları hiss edir?
- Adi qripdən fərqi odur ki, məsələn, sən adi qrip keçirirsən və bir neçə insandan ibarət yığıncağa gedirsən. Sənin qripin maksimum iki-üç adama keçər və ya ümumiyyətlə, heç kəsə bulaşmaya da bilərdi.
Amma COVİD-19 virusunu keçirtdiyin halda, olduğun yığıncaqda demək olar ki, hər kəsə bulaşdıra bilərsən. Yoluxduruculuq qabiliyyəti yüksək olan bir virusdur. Bir nəfər bu virusa yoluxubsa onu ünsiyyətdə olduğu 8-10 nəfərə də keçirə bilər. Beləliklə, hər yoluxan şəxs ətrafında olan 8-10 nəfərə virusu keçirdiyində virus həndəsi silsilə ilə artmağa başlayır.
Təsəvvür edin, biri bu virusa yoluxub və o sağlam insanların içərisinə daxil olur. Nəticədə minlərlə insan bu virusa yoluxmağa başlayır. Amma onların hamısının bu xəstəliyi ağır şəkildə keçirməsi kimi bir qanun yoxdur. Bəzilər heç hiss etmədən keçirə bilər və normal insan kimi həyatına davam edər, amma bu zaman daşıyıcı olaraq qalacaq.
Elə insanlar da ola bilər ki, qızdırması qalxar, halsız və ya nəfəs darlığı kimi problemlər yaşayar. Yaşlı insanlarda isə bununla yanaşı başqa xəstəliklər də olduğundan immunitetləri zəifdir və onlar bu xəstəliyi daha ağır keçirir. Məsələn, ürək-böyrək, şəkər xəstələri bu virusu daha ağır keçirirlər.
Bundan əlavə, hazırda heç bir xəstəliyi olmayıb sırf COVİD-19 virusunu keçirdiyi üçün ağır reanimasiyada yatanlar var. Yəni şərt deyil ki, bu virusu ancaq yaşlı insanlar keçirir. Əvvəllər deyirdilər ki, bu virusa azyaşlılar, gənclər tutulmur. Amma mən 1990-cı il təvəllüdü olan xəstələri də görmüşəm.
Hər virusa yoluxan ölmür, amma virus daşıyıcısıdərsa digər insanlara da bu virusu keçirə bilər.
- Karantin rejiminin insanlara nə kimi faydası var? Həqiqətən də xəstəliyin kökünün kəsilməsinə kömək edə bilərmi?
- Karantin rejiminin olması xəstəliyin kökünün kəsilməsi demək deyil. Əgər karantin olmasaydı, bu virus birdən 50.000- 100.000 insana yoluxacaqdı. Düşünsək ki, Azərbaycan xəstəxanalarının yalnız 10.000-20.000 arası xəstəyə baxa bilmə imkanı var, bu taleyimizin İtaliyadakı kimi olacağı demək idi.
İtaliya həkimləri deyirdilər ki, yaşlılardan süni tənəffüs aparatını alıb gənclərə taxırdıq ki, heç olmasa onlar yaşaya bilsin. Bizim ölkədə və digər ölkələrdə də karantin rejiminin elan edilməsi səbəbi səhiyyə sisteminin çökməməsi üçündür.
- Son 3 gündür ki, yoluxan xəstələrin sayı 100-ü ötüb. Göstərilən statistika ilə karantin rejiminin yumşalması nə dərəcədə uzlaşır?
- Bakıda sırf COVİD-19-la mübarizə üçün çox xəstəxanalar var. Bu baxımdan yoluxan xəstələr dərəcələrinə görə həmin xəstəxanalara paylanılır.
Mənim çalışdığım xəstəxanada karantin rejimi yumşalmadan öncəki durumla müqayisədə xəstələrin sayı iki dəfə artıb.
Bu xəstəliyin nə zaman bitəcəyi bilinmir. Çünki peyvənd olmadığına görə, sağlam insanların yoluxması nəticəsində təbii immunitet yaranana qədər bu virus mövcud olacaq. Bəzi insanlar xəstəliyə yoluxduğunu hiss etməyəcək, bəzi insanlar yorğunluq, əzginlik hiss edəcək, bəzi insanlarda nəfəs darlığı yaranacaq, hərarətləri yüksələcək. Yəni bir yolla bu virusu keçirib, immunitetlərini möhkəmlədəcəklər. Hər kəsin immun sistemi eyni deyil və insandan-insana dəyişir. Məqsəd odur ki, hər kəsə eyni vaxtda keçməsin. .
- COVİD-19 virusunu keçirən insanın sağalandan sonra yenidən həmin virusa yoluxmaq ehtimalı varmı?
- Yenidən yoluxma ehtimalı var, əlbəttə. Amma belə bir xəstə ilə qarşılaşmamışam.
- Deyilənə görə COVİd-19 virusunun əlamətləriı özünü 14 gün müddətində göstərir. Bu belədirmi?
- Virusa yoluxma, vonun insan orqanizmində inkubasiya dövrü və xəstəlik dövrü birlikdə 14-21 gün və bəzən daha çox müddət çəkə bilər. Bu zaman hər şeydən öncə virusla təmasda olan daşıyıcı şəxs digər insanlara da bu virusu yoluxdurmamaq məqsədilə ilk növbədə cəmiyyətdən təcrid olunmalıdır. Tibbi yardıma da ehtiyacı olarsa, mütləq tibbi yardım da almalıdır.
- Hazırda pandemiya dövrüdür. Həkimlərimiz ön cəbhədə yer alıb. Qorxmursunuz, sizə də bu virus bulaşa bilər?
- Həkimik və bu bizim işimizdir. Bu virus olmasın, başqa bir virus yayılsa, yenə pandemiya olsa, yenə çağırılsaq, yenə də gedəcəyik. Hamımız əl-ələ verib bu durumun öhdəsindən gələcəyik. Tək həkimlər deyil, hərbiçilər, polis işçiləri də gecə-gündüz iş başındadır. Məsələn, mən və digər həkim həmkarlarım bir aydan çoxdur ki, oteldə qalırıq.. Xəstəxanaya gedirik, orada xəstələrlə kontaktda olduğumuza görə, evə qayıtmaq imkanımız olmur.
İşə çağrılmadan iki həftə öncə avtoqəza keçirmişdim. Həmin qəzada burnumu qırmışdım.
İşə çağrılan gün isə burnumu bəhanə etmədən getdim. O paltarları, maskanı, eynəyi taxıb iş başına keçdim. Yəni həmin vaxt burnumun ağrısını artıq unutmuşdum.
Bəlkə də biz də virusa yoluxmuşuq, heç xəbərimiz yoxdur. Elə həkimlərimiz var ki, iş müddəti bitir və evə dönmədən öncə test verirlər. Bəzilərində testin nəticəsi pozitiv çıxır, bəzilərində əlamətləri olduğuna görə xəstəxanalarda yatırlar. Məsələn, elə tibb işçiləri var ki, onlar bu virusu ağır şəkildə keçirib.
Qısası, tibb işçiləri olaraq xalqa ən yaxşı şəkildə xidmət göstərməyə çalışırıq. İşimiz budur. Riskləri və nəticələri ilə sevirik işimizi.
Samirə Əliyeva
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !