32 ildən sonra Şuşa sakinləri öz şəhərinə qayıdır- VİDEOREPORTAJ

08:01 | 13.05.2024
32 ildən sonra Şuşa sakinləri öz şəhərinə qayıdır- VİDEOREPORTAJ

32 ildən sonra Şuşa sakinləri öz şəhərinə qayıdır- VİDEOREPORTAJ

32 ildən sonra Şuşa sakinləri öz şəhərinə qayıdır. Mayın 9-u Şuşanın işğalı günü şuşalılar əşyalarını yığır, vətənə dönürlər.  Onlardan biri Vəsilə Kərimlinin evində də yıryığış gedir.   Kərimlinin ailəsi 6 nəfərdən ibarətdir.  Qarabağdan köçkün düşəndə onun 18 yaşı var idi. İndiki həyat yoldaşı Kərim Kərimli ilə heç tanış belə deyildilər. Onlar köşkünlükdə tanış olub evləniblər. İndi əşyalarını yığmağa onlara artıq yetkinlik yaşında olan iki qızı və məktəbli oğlu kömək edir. Ailənin böyük oğlu isə əsgərlikdədir.  Köməyə qohumları və köçkünlük həyatlarını birgə yaşadıqları qonşuları da gəlmişdi. 

Vəsilə Kərimli  neçə ildir bu günü həyəcanla gözlədiyini deyir.
 
"Köçkün həyatı çox pis bir şeydir. Heç düşmənimə də arzu etmirəm. Əvvəl Qaradağ rayonunda məskunlaşdıq, ferma ərazisində yaşadıq. Son yaşayış yerimiz Qobuda köçkün şəhərciyi olub.  Ondan əvvəl də başqa-başqa yerlərdə müvəqqəti yaşadıq. Yəqin ki, bu gündən sonra bu günləri unudacam",- Vəsilə Kərimli ağlayaraq  vurğulayır.
 
Birdən gözünə köhnə odun samovarı dəyir. Onu torbaya qoya-qoya  "bunu aparıram ki, yeni qonşularımla çay dəmləyib içək" deyir. 
 
Kərimlinin sözlərinə görə, o, belə tezliklə Şuşaya köşəcəklərini gözləmirdi və həyat yoldaşı  Kərim Kərimli bu xəbəri ona çatdıranda  dərhal inana bilməyib. 
 
"Bizə ilk sevindirici xəbəri həyat yoldaşım verdi. Çünki birinci ona deyiblər. O da bizə göz aydınlığı verib, təbrik etdi. Yurdumuza köçürük dedi. Bunu bizə yaşadan şəhidlərimizə borcluyuq. Kol dibi də olsa, yenə öz vətənimiz olsun. Ora gedirik bizi nə gözləyir bilmirəm. Mayın 10-da Şuşada, yeni tikilmiş binaların həyətində qurulmuş çadırda bizə mənzillərin açarları verildi.  Özünüz təsəvvür edin, otuz iki ildən sonra yenidən doğma torpağa qayıtmaq və yenicə istifadəyə verilən mənzillərlə təmin olunmaq! Sevincimizin həddi-hüdudu yox idi",  -  Kərimli bildirib.
 
Vəsilə Kərimlinin evi adamla doludur. Hər gələn göz aydınlığı verir.  Kimi kitabları qutulara yığır, kimi mebelləri aşağı düşürdür, kimisi əşyaları bükür...
 
Hazırda Şuşada yaşayan Kərimli deyir ki, mayın 10-da onun ailəsinə açarları şəxsən Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva təqdim edib. 
 
"Bu, böyük bir xoşbəxtlik idi. Mən Şuşadan çıxanda tələbə idim, indi isə otuz il pedaqoji stajı olan müəlliməyəm.

Otuz ilin məşəqqətli köçkün həyatı ömürlük kədərli izlər buraxıb. Ona görə də bu böyük sevinc bizim üçün həm də böyük təsəllidir. Gəncliyimiz, sağlamlığımız, ömrümüzün böyük bir hissəsi didərgin həyatımızda əlimizdən getsə də doğma yurda qayıdış yaralarımıza qaysaq oldu.
İndi yavaş -yavaş özümüzə gəlirik. Düzdür, heç nəyi asanlıqla unutmaq olmur, heç gərək də deyil, ancaq bununla belə yeni həyatımız, yeni başlanğıc yeni nəfəs kimidir və ümid edirik ki, Şuşanın hər cəhətdən təmiz havasında nəfəsimizi bütün mənalarda bir daha dar almayacaq",  -  Kərimli əlavə edib.
 
O bildirib ki, həyat yoldaşı Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsində işə başlayıb. Özü isə yeni dərs ilindən öz ixtisası üzrə məktəbdə işləyəcək. Vəsilə Kərimlinin iki qızı isə hələlik işsizdir. Onlardan biri musiqiçi, digəri isə jurnalistdir. Bakıda işləsələr də ailələri ilə Şuşaya köçüb və burada iş tapıb yaşamağa qərar veriblər.
 
Kərimli böyük oğlu hərbi xidmətdən gələndən sonra onun üçün də bir iş tapılacağına ümid edir.
 
"Yaşayışımız ümumiyyətlə yaxşıdır. Bildiyiniz kimi Şuşa istirahət zonasıdır, gözəlliklər diyarı, təbiət möcüzələri və tarixi-memarlıq abidələri ilə zəngin bir yerdir.  Mən bütün bunlara görə prezidentimizə, ordumuza, xalqımıza minnətdaram. Şəhidlərimizə Allahdan rəhmət diləyir, cənnətdə rahat uyumalarını arzulayıram", -  Vəsilə Kərimli əlavə edib.
 
İndiyədək Qaçqınların və Məcburi Köçkünlər üzrə Dövlət Komitəsi tərəfindən Şuşaya 224 nəfərin köçürülməsi təmin olunub. 

Qarabağın işğaldan azad olunmasından sonra 2023-2026-cı illəri əhatə edən "Böyük Qayıdış" Proqramı hazırlanıb.
 
Prezident İlham Əliyev 2023-cü il oktyabrın 10-da  Şuşada keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclasının iştirakçılarına ünvanladığı müraciətdə bildirib ki, yaxın üç ildə Qarabağa Qayıdış proqramı çərçivəsində 100 min əhalinin azad olunmuş ərazilərə köçürülməsi nəzərdə tutulub.

Prezidentinin Şuşada xüsusi nümayəndəliyinin baş məsləhətçisi Kənan Quliyev bildirib ki, "Böyük qayıdış” Dövlət Proqramına əsasən, Şuşada ötən ilin avqust-sentyabrdan başlayaraq 450 mənzillik 23 yaşayış binasının tikintisinə başlanılıb.
 
Şuşa 1992-ci il mayın 8-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 2020-ci il noyabrın 8-də Azərbaycan ordusu tərəfindən azad edilib.
 
Vəsilə Kərimli evlərindən didərgin salındıqları üçün erməniləri heç vaxt bağışlamayacağını deyir.
 
"Mən onlarla bir yerdə yaşayaram. Amma heç vaxt əvvəlki kimi erməni qadınına bacı demərəm. Mən onlara başımıza açdıqlarından sonra ürək qızdırmaram. Bu mümkün deyil",  -  həyatının 30 ilini köçkünlükdə yaşayan qadın söyləyir. 
 
Vəsilə Kərimli gələcəyə inamla baxır. Son 30 ildə beşdən çox ev dəyişən qadın sevinir ki, bu onun son köçüdür. "Köçmək nə qədər çətin olsa da bu köç onu incitmir" deyir. O, daha evinə qayıdır və heç zaman köçkün həyatı yaşamayacağına inanır.
 
Anews.az-ın hazırladığı videoreportajı təqdim edirik:
 

 
 
İstiqamət: 6.3.4. ictimai və dövlət maraqlarının müdafiəsi;

Qeyd: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi çərçivəsində hazırlanıb 


Aytac Zeynalova

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM