35 nömrəli məktəb niyə sökülür? - Foto

22:38 | 02.08.2021
"Bakının Nəsimi rayonu, R. Axundov 27 ünvanında yerləşən 35 nömrəli məktəb sökülür. Artıq əraziyə texnika cəlb olunub, təhsil müəssisəsinin bir hissəsi sökülüb. Məktəbin yerində çoxmərtəbəli yaşayış binasının tikiləcəyi deyilir”.

Bununla bağlı "Qafqazinfo”ya həmin ünvanda yaşayan sakinlər müraciət ediblər. Sakinlərin iddiasına görə, ərazi hansısa tikinti şirkətinə satılıb. 

Qeyd olunan problemi araşdırmaq üçün Bakı Şəhəri üzrə Təhsil İdarəsinə müraciət etdik. İdarədən məktəbin söküntüsü təsdiqlənsə də, yerində göydələn deyil, yeni məktəb binasının tikiləcəyi bildirildi:

"Prezidentin 2020-ci il 5 may tarixli sərəncamına əsasən, Bakı şəhərindəki 35 nömrəli tam orta məktəbin köhnə korpusunun sökülməsi və yeni korpusun tikilməsi nəzərdə tutulur. Məktəbin yenidən inşa olunaraq 2022-ci ildə istifadəyə verilməsi planlaşdırılır”.
Məlumatda qeyd olunur ki, 840 şagird yerlik müasir tələblərə cavab verən təhsil müəssisəsində yeni akt zalı yaradılacaq, yeməkxana və kitabxananın ərazisi genişləndiriləcək, sinif otaqlarının sayı artırılacaq.

Qeyd ki, 35 nömrəli məktəb 1931-ci ildə inşa olunub. 800 şagird yerlik təhsil müəssisəsi 2011-ci ildə əsaslı təmir olunaraq istifadəyə verilsə də, sonradan məktəbin dəhlizlərində və bir sıra sinif otaqlarında təhlükəli çatlar yaranıb, zirzəmisinin dəmir-betondan olan mərtəbəarası örtüyündə beton mühafizə qatlarının aşınması müşahidə olunub. Şagirdlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə tədris müvəqqəti olaraq digər məktəbdə həyata keçirilib.
 





www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

Tərəfdaşların xəbərləri

REKLAM