Qəza nəticəsində vəfat edən Əlimət Müslümovun ailə üzvləri bu qəzanı törədən polis əməkdaşı Orxan Atamoğlanovun hələ də azadlıqda olmasından şikayətçidir. Bu barədə onlar özü Anews.az-a bildirib.
Ailə üzvlərinin bildirdiyinə görə, yanvarın 15-də sükan arxasında olan Orxan Atamoğlanov iş yoldaşı Ramin Yarməmmədovla bərabər xidmətə cəlb olunduqları dislokasiya üzrə Xudat və Nabran ərazisində saat 10.40 radələrində "KİA Sportage” markalı, 99-YP-191 dövlət qeydiyyat nişanlı xidməti avtomobili ilə Xaçmaz rayonu Xudat Nabran yolu istiqamətində hərəkət edərkən Əlimət Müslümovu yolun sol hissəsində vurub. Qəza nəticəsində xəsarət alan Əlimət Müslümovu Yol Patrul Xidməti (YPX) işçisi Atamoğlanov Orxan Nadir oğlu iş yoldaşı Ramin Yarməmmədovla birgə Xaçmaz rayon Mərkəzi Xəstəxanasına aparıblar. Vəziyyəti ağır olduğu üçün xəstə Respublika Klinik xəstəxanasına göndərilib. O, burada 2 ay "Koma” vəziyyətində qaldıqdan sonra ayılıb, lakin buna baxmayaraq onun anlama qabiliyyəti yerində olmayıb, yaxınlarını tanımayıb. "Koma” vəziyyətində olan zaman heç bir polis əməkdaşı xəstəxanaya yaxınlaşmayıb. Ayıldıqdan sonra özünü müstəntiq kimi təqdim edən polis əməkdaşı xəstənin həyat yoldaşı Adilə Müslümovadan məlumat alıb və bu işə onun baxdığını bildirib. Respublika Klinik xəstəxanasında Eldar adlı həkim onun burada qalmasının müvafiq olmadığını, yaşadığı yerdə xəstəxanada müalicəsinin davam etməsinin lazım olduğunu bildirib və xəstə yenidən Xaçmaz rayon Mərkəzi Xəstəxanasına göndərilib. Burada daha sonra xəstənin vəziyyəti ağırlaşdığı üçün yenidən Respublika Klinik xəstxanasına göndərilib.
"Biz xəstəmizin yaxşı xəstəxanada, yaxşı həkimlər tərəfindən müalicə almasını istəsək də, hadisəni törədən şəxs bunların heç birini etmədi. Avqustun 8-də xəstə vəfat etdi. Vəfatından sonra mərhuma məhkəmə-tibb ekspertizası tərəfindən qaraciyər serozzundan öldüyünə dair diaqnoz qoyulub. Lakin biz 7 ay xəstəxanada olduğumuz vaxt onun qaraciyər serozzu olması haqqında bizə məlumat verilməyib. Görünür ki, ekspertiza tərəfindən verilən qərar yanlışdır. Məsələnin daha böyüməməsi üçün polisin ailə üzvləri bizdən şikayətçi olmamağımızı və bunun üçün notarial öhdəliyi təsdiqləməmizi istədi. Bizim saflığımızından sui-istifadə edildi. Məhkəmə də polisin xeyrinə qərar verib. Hadisəni törədən polis əməkdaşı hazırda öz işinə davam edir. Biz məsələyə yenidən baxılmasını, hadisənin işıqlandırılmasını istəyirik”, - vəfat edən şəxsin ailə üzvləri şikayətlərində qeyd edib.
Daxili İşlər Nazirliyindən əldə etdiyimiz məlumata görə, hadisəni törətməkdə təqsirli bilinən Orxan Atamoğlanov qəza baş verən gün, yəni yanvarın 15-də işdən çıxarılıb, iş yoldaşı Ramin Yarməmmədova isə şiddətli töhmət verilib.
Orxan Ağamoğlanovun vəkili Vüsal Hacıyev "Tərəqqi Tv”-yə verdiyi açıqlamasında bildirib ki, müdafiə etdiyi şəxs vurduğu şəxsin müalicəsi məqsədilə xəstəxanalarda 80.000 manat həcmində pul xərcləyib.
"Mənim müdafiə elədiyim şəxs 80.000 (səksən min) manat bu işdə xəstəxanalara pul xərcləyib, xəstənin palata pulu, həkim, tibb bacısı, xadimə və digər xərclərini üzərinə götürərək külli miqdarda pulundan keçib. Belə olmaz. İşdən də çıxardıblar. Daha nə istəyirlər”, – vəkil bildirib.
Vəkil Aqil Layıc qeyd edir ki, ailə yaxınları şikayətçi olmasa belə hadisəni törədən şəxs mütləq cinayət məsuliyyətinə cəlb olunmalıdır.
"Ailə üzvlərindən notarial qaydada öhdəlik alınması, hadisəni törədənin cinayət məsuliyyətinin yüngülləşdirilməsinə əsas ola bilməz. Hər bir halda fakt üzrə cinayət işi açılmalıdır. Əgər ekspertiza da bilərək yalan qərar çıxarıbsa, onlar da cinayət məsuliyyətinə cəlb olunmalıdır. Bununla yanaşı ekspertizanın rəyi yalandırsa, yenidən iş açılmalı və polis əməkdaşı cinayət məsuliyyətinə cəlb edilməlidir”, - vəkil əlavə edib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !