Aksel Vex: “İnvestorlar üçün ən əsası onların hüquqlarının müdafiəsidir” - FOTOLAR

10:52 | 29.02.2016
Aksel Vex: “İnvestorlar üçün ən əsası onların hüquqlarının müdafiəsidir” - FOTOLAR

Aksel Vex: “İnvestorlar üçün ən əsası onların hüquqlarının müdafiəsidir” - FOTOLAR

Avstriya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Aksel Vex Caspian Energy İnternational Media Group-un prezidenti və baş redaktoru Natalya Əliyevanın rəhbərliyi ilə Caspian Energy-nin nümayəndə heyətini qəbul edib.

Görüş zamanı Caspian European Club (Caspian Business Club) və Caspian Energy İnternational Media Group çərçivəsində əməkdaşlıq və əlaqələrin informasiya səviyyəsində genişləndirilməsi ilə bağlı müxtəlif məsələlərə toxunulub. Aksel Vex Caspian European Club-un (Caspian Business Club) fəaliyyətini və keçirdiyi tədbirləri, o cümlədən ikitərəfli əlaqələrin genişləndirilməsi və yeni biznes münasibətlərinin qurulması məqsədilə biznes-forumlarda Avstriya şirkətləri üçün yaradılmış iştirak imkanını müsbət dəyərləndirib.
 
Səfirin sözlərinə görə, Cənub Qaz Dəhlizi (CQD) Avropa İttifaqı üçün strateji layihədir. "Qaz tədarükünün diversifikasiyasında bizə kömək edən CQD yeganə layihə olmayacaq”, - deyə səfir vurğulayıb.
 
"Təəssüf ki, Azərbaycana yönəldilmiş Avstriya investisiyasının həcmi o qədər də böyük deyil. Mən hesab edirəm ki, investorlar üçün ən əsası onların hüquqlarının müdafiəsidir”, - deyə Aksel Vex qeyd edib.
 
"Azərbaycan öz iqtisadiyyatını diversifikasiya etməlidir. Məsələn, ölkənizin Avstriyaya ixracat üzrə ticarət dövriyyəsinin müsbət saldosu var. Amma bu saldonun əsasını, bir qayda olaraq, neft-qaz resursları təşkil edir. Avstriyaya neft və qaz ixracatı ölkələrimiz arasındakı ticarət dövriyyəsinin 92 faizini təşkil edir”, - deyən səfir ikitərəfli əlaqələrdə diversifikasiyanın qaçılmaz olduğunu vurğulayıb.
 
"Bu, olduqca mürəkkəb prosesdir. Əsas diqqəti qeyri-neft sektoruna, məsələn, kənd təsərrüfatına yönəltmək, Azərbaycanı nəqliyyat habına çevirmək lazımdır. Hazırda Azərbaycan Prezidenti İlham Əliyev iqtisadiyyatda mühüm islahatlar həyata keçirir. Bütün bunları reallaşdırmaq üçün müəyyən zamana ehtiyac var”, - deyə Aksel Vex çıxışına davam edib.
 
"Avstrianın bir çox şirkətləri Azərbaycanda müxtəlif layihələrdə iştirak edirlər. Danışıqlar apardığım şirkətlərin əksəriyyəti Azərbaycandakı fəaliyyətlərini davam etdirmək niyyətində olduqlarını, uzunmüddətli perspektivlərlə əməkdaşlıq etmək istədiklərini bildiriblər. Dünyada hökm sürən böhrana baxmayaraq, şirkətlərin burada qalmaq istəmələri, fikrimcə, çox yaxşı göstəricidir. Biz kənd təsərrüfatı, turizm, inşaat, ekoloji sahədə texnologiya, İKT və infrastruktur sektorları üzrə əməkdaşlıqda maraqlıyıq”, - deyə Aksel Vex qeyd edib.
 
"Biz bütün səylərimizi mədəniyyət sahəsində cəmləməyə çalışırıq. Cari ilin birinci yarısında Vyana balı keçirməyi planlaşdırırıq. Bundan əlavə, Avstriyanın nəhəng şirkətlərindən biri burada bir sıra idman tədbirləri təşkil edəcək”, - deyə səfir vurğulayıb.
 
Onun sözlərinə görə, iyun ayında Azərbaycana Avstriyanın kənd təsərrüfatı nazirinin səfəri gözlənilir. Bundan başqa, cari ildə Avstriya və Azərbaycan arasında yeni parlament dostluq və əməkdaşlıq qrupu da ölkənizə səfər edəcək.
 
Görüşün sonunda Aksel Vex Caspian Energy jurnalına eksklüziv müsahibə verib. Müsahibə zamanı o, ikitərəfli əlaqələrin inkişaf imkanları, iqtisadi və investisiya əməkdaşlığının genişləndirilməsi ilə bağlı məsələlərə toxunub, enerji bazarının inkişaf perspektivlərindən, həmçinin turizm sektorunun inkişafı və enerji əməkdaşlığından da danışıb.
 



www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM