Anar Şəmsiyev: “Arzum Pikasso kimi rəssam olmaqdı”MÜSAHİBƏ

18:22 | 29.10.2015
Anar Şəmsiyev: “Arzum Pikasso kimi rəssam olmaqdı” – MÜSAHİBƏ

Anar Şəmsiyev: “Arzum Pikasso kimi rəssam olmaqdı”MÜSAHİBƏ

Rüstəm Qasımov

ANN.Az-ın gənc azərbaycanlı rəssam Anar Şəmsiyevlə müsahibəsi

- Anar, gəlin birinci sualımız belə olsun, nəyə görə rəssamlığı seçmisiz?

- Uşaqlıqdan rəsm çəkməyi sevirdim. Özümü tanıdığımdan bəri əlimdə karandaş və kağız vərəqi olub. Təkcə karandaşla deyil, akvarellə və quaşla da çəkirdim. 
 



- Təsviri sənətlə ilk dəfə necə tanış olduğunuzu xatırlayırsız?

- Mənə tez-tez bu sualı verirlər. Mən də zarafatla deyirəm ki, doğulanda əlimdə molbert, karandaş və rənglər olub (gülür). Mənim rəsmə olan güclü ehtirasımdan ən çox əziyyəti evimizin divarları çəkib. Valdeynlərimə minnətdaram ki, mənə anlayışla yanaşıblar, çox möhkəm danlamayıblar (gülür). Əgər onlar başqa cür reaksiya versəydilər, bəlkə də gələcəkdə rəssam olmazdım. 
 



- Ailənizdə rəssamlar vardı, yoxsa siz tək idiniz? 

- Yox, ailəmizdə rəssam yoxdur. Atam texniki sahəylə məşğuldu, anam isə evdar qadındı. Bacım Tibb universitetini bitirib, həkimdi. Ancaq bacım rəsm çəkə bilir. Tez-tez komikslər çəkir, cizgi filmləri qəhrəmanlarının şəkillərini çəkir və s. 
 



- Ancaq sizin ilk müəlliminiz təkcə Azərbaycanda deyil, dünya miqyasında da şöhrət qazanan Əli Şəmsi olub...

- Bəli. Doğrudur Əli Şəmsi mənim ilk müəllimin olub və mən ona çox borcluyam. Əli inadkardı, bu vacib xüsusiyyətdi. 

- Emalatxanada ilk dəfə necə peyda olduğunuzu xatırlayırsınızmı? 

- Bu lap çoxdan baş verib, onda mənim heç 10 yaşım tamam olmamışdı. Əli şəkillərimi görüb belə demişdi: "Sən rəsm çəkməlisən, səndə alınacaq!” Ancaq o vaxtlar heç ağlımın ucundan da keçmirdi ki, nə vaxtsa rəssam ola bilərəm. O vaxtlar mən prokuror, detektiv, hakim, vəkil  olmaq istəyirdim. Onun emalatxanasında günlər uzunu oturur, saatlarla onun yaradıcılığına tamaşa edirdim, kistlə işləməsinə, hansı texnikadan istifadəs etməsinə, rəng seçiminə və təcrübə etməkdən çəkinmədiyini, yaxud işi xarab etməkdən qorxmadığını müşahidə edirdim. 
 



- Amma siz yenə də sonda rəsm kollecini bitirdiniz...

- Bəli. Bir müddət keçəndən sonra mən Əzim Əzimzadə bədii kollecinə daxil olmağı qərara aldım, sonra isə Rəssamlıq Akademiyasına daxil oldum. İndi də istəyirəm magistraturaya baş vurum, ancaq vaxt qıtlığından heç cür qərara ala bilmirəm. 

- Akademiyadakı təhsil sizə nə verdi, müəllimləriniz kimlər idi? 

- Çiyinlərimdə kifayət qədər bilgi yükü olsa da, akademiyadakı təhsil də mənə çox faydalı oldu. Bir dəfə əfsanəvi ispan rəssamı Pablo Pikasso belə deyib: "İnsana incəsənəti öyrənməyə heç nə kömək edə bilməz, əgər insan özü istəsə, rəssam olacaq”. Mən onunla tam razıyam. İş burasındadır ki, rəssam olmağa həvəsin yoxdursa, heç bir müəllim səni rəssam edə bilməz. O sadəcə sənə yol göstərə, texniki üsulları, iş metodlarını başa sala bilər, ancaq onun səni zorla rəssam etmək kimi gücü yoxdur. Əsas olan şagirdin arzuzu və şövqüdür. 

Akademiya isə əla yerdir, burda yaradıcılıq və özünüinkişaf üçün atmosfer mövcuddur, həm də həmfikir olduğun insanlar var. Belə şəraitdə insan təbii ki, işləmək istəyir. Bu mənada akademiyanın faydası böyükdür. 

Mən müəllimlərim Müseyba Əmirovaya, Namiq Məmmədova və akademiyanın prorektoru Səlhəm Məmmədova xüsusilə minnətdaram. 
 



- Anar, gəlin sizin də iştirak etdiyiniz kollektiv sərgidən danışaq. "YARAT” Müasir İncəsənət Məkanının "Zavod” layihəsi çərçivəsində keçirilən sərgiyə iş təqdim etmişdiniz...

- Bu sərgiyə mən fotoqraf dostum Ruslan Ağazadə ilə birgə işimi təqdim etmişdim. "Çəkilər” adlanan layihəmizə mənim instalyasiyalarım və Ruslanın 20 fotosu daxil idi. Bakı auditoriyası bizim layihəmizi böyük maraqla qarşıladı. Çox insan yaxınlaşıb diqqətlə işə baxır, konsepsiyanı tutmağa çalışırdılar. Mənsə onlara iş barədə məlumat verirdim. Bir sözlə, maraqlı idi (gülür). 

- "Miras” qalereyasında "Molla Nəsrəddin”in şərəfinə həsr olunmuş bədii sərgi sizdə hansı təəssüratı yaratdı. Burda iştirak səbəbiniz nəydi? 

- Açıq desəm, mən bu sərgi barədə son anda xəbər tutdum, ona görə də işimi sayılı günlər qalanda çəkib qutardım. Satira və karikatura pərəstişkarıyam və cəhd eləmək mənə maraqlı gəldi. 
 




- Siz həm də Cəfər Cabbarlı adına Muzey teatrında keçirilən "Reanimasiya” adlı sərgidə də iştirak etdiniz. Bəs bu layihədə yadda qalan nə oldu?..

- Bu, "YARAT”ın öyrədici proqramı çərçivəsində keçirilən və Azərbaycanın əməkdar rəssamı S.Şıxlinskinin master-klassı nəticəsində baş tutan sərgi layihəsi idi. Mən işlərini sərgiləyən 6 rəssamdan biri idim. Bu dəfə mən instalyasiya hazırlamışdım, məqsədim köhnə və yeni teatrı eyni anda birləşdirməyə çalışmaq və ziyarətçilərə təqdim etmək idi. Köhnə və yenini birləşdirmək kimi qeyri-adi miks ağlıma gəlmişdi. Bu, teatrın konsepsiyasını açan maraqlı video roliklər idi. 
Biz 6 rəssam və 6 kurotor idik. Layihə həm də ona görə maraqlıydı ki, biz sonda yerlərimizi dəyişdirirdik. Bu mənada mən həm də özümü kurotor kimi sınamaq şansı qazandım. Layihə çərçivəsində biz Azərbaycanın ali məktəblərini gəzdik: Azərbaycan Diplomatiya Akademiyasında, Bakı Dövlət Universitetində və Azərbaycan İncənət Universitetində olduq. Orada master-klasslar keçirdik, tələbələrin çəkdiyi şəkillərə baxdıq və onları elə universitetdəcə sərgilədik. 

- İndisə gəlin sizin ilk fərdi sərginizdən, "Kiçik QalArt” qalereyasında baş tutan "Başlarını itirənlər” sərgisindən danışaq. İdeya hardan gəlmişdi? 

- Sərgi 2013-cü ilin 9 mayında "Kiçik QalArt” qalereyasında keçirildi. Bu layihə üzərində mən 2 il işləmişdim, nəticədə də 30 iş ortaya çıxarmışdım. 

- Anar, nəyə görə başlarını itirənlər? 

- Bu sualı tez-tez eşitdim, həm sərgi zamanı, həm də o bitəndən sonra. İş orasındadır ki, ətrafda baş verənlər, insanların davranışları, hərəkətləri və s. mənə çox maraqlıdır. Qeyd edim ki, şəkillərdəki personajların əksəriyyəti real insanlar idilər, bəziləri hətta mənim tanışlarımdı. Şəkillərdəki 25 nəfəri mən real həyatda görmüşəm, onların xırda eskizlərini çəkmişdim, sonrasa bunlar şəkillərim üçün mənbə oldular. Şəkillərimi adını çəkdiyim qalereyaya göstərdim və onlar sərgi keçirməyə razılıq verdilər. 
 



- Şəkillər intellektual abstraksionizm və abstrakt minimalizm üslubunda çəkilmişdi. Nəyə görə bu cərəyanlar? 

- İnsanı düşünməyə vadar edən intellektual abstraksionizmi bəyənirəm. Mənim fəlsəfəm belədir ki, şəkillər insanları hərəkətləri barədə düşündürsün, özlərinə kənardan baxmağa vadar etsin. Kətanlarımda təsvir edilənlərin əksəriyyəti kişilərdir, məsələn, ola bilsin onlar başlarını qadınlara görə itiriblər. Bir şəkildə alkohola görə başını itirən adamın təsviri var, başqası şöhrətdən, üçüncüsü acgözlükdən, dördüncüsü isə pula görə başını itirib. "Oxu” adlı şəkil üzərində xüsusi dayanmaq istəyirəm, o müasir dövrün mahiyyətini açır. "Oxu” şəkli insanı ədəbiyyata, mütaliəyə qayıtmağa səsləyir. İnsanıram ki. Mənim şəkillərin insan düşüncəsinə biraz da olsun təsir edə və dünyanı yaxşılığa doğru dəyişməyə kömək edə bilər!

Abstrakt minimalizmə gələndə isə, o, mənə tamaşaçının fikrinin əlavə elementlərdən yayınıb, şəklin əsas konsepsiyasına diqqət yetirməsinə kömək edir. 

- İnsanların işlərinizə münasibəti xoşunuza gəldimi? 

- Reaksiyalar çox xoşuma gəldi. Belə bir təəssürat yarandı ki, onların bir çoxu şəkillərə baxanda özlərini axtarırdılar, tapanda isə inanmırdılar ki, öz obrazlarını axtarırmışlar (gülür). Elə qonaqlar vardı 10-15 dəqiqə bir şəklə baxırdılar, deməli mən onların diqqətin cəlb edə bilmişdim. 

- Ən çox hansı janr sizə doğmadır? 

- Mənim müxtəlif janrlar xoşuma gəlir. Klassik realizmdə, intellektual abtraksionizmdə, abstrakt minimalizmdə çəkilmiş şəkillərim var. Hər şey ovtatımdan asılıdır, necə çəkəcəyimi mənə o diqtə edir. Hər bir janr gözəldir, özünəməxsusdur. Seçim etmək çətindir. 
 



- Siz rəssamlıqdan başqa, incəsənətin başqa növləriylə də məşğul olursunuz...

- Bəli! Rəssamlığı seçsəm də, sənətin digər janrları da mənimçün maraqlıdır, burada da öz gücümü sınamaq istəyirəm. Məsələn, qrafika, bəzən sadə karandaşla qrafik işlər çəkmək istəyirəm. Təbiətim elədir ki, nəsə yeni, təcrübədən keçirmədiyim şeyi yaratmaq istəyirəm. Təcrübə keçirmək ürəyimcədir, axı insan öz qabiliyyətlərinin hara qədər olduğunu sonacan bilmir, ona görə də yoxlamalısan. 

Rəssamlıqdan başqa, heykəltaraşlıqda da özümü sınamaq istəyirəm. Rəssamlıq və heykəltaraşlıq fərqlənsə də, "incəsənət” anlayışına daxildirlər, onlar özünü realizasiya üçün müxtəlif imkanlar təqdim edirlər. Müxtəlif üslublarda işləmək məndə ən yaxşı nəyin alındığını anlamağa kömək edir. 

- Anar, sizin şəkilləriniz ölçü baxımından da fərqlənirlər...
 



- Siz haqlısız. İri həcmli işlər yaratmaq xoşuma gəlir. Onlar mənə qəlbimdə nələrin baş verdiyini əks etdirməyə imkan verirlər. 

- Həyatda nəyəsə nail olmaq istəyən hər bir insan qarşısına məqsəd qoyur. Sizin məqsədiniz varmı? 

- Əlbəttə! Ən əsası həyatdan nə istədiyini müəyyənləşdirməkdir, bunu biləndə, hansı tərəfə gedəcəyini artıq bilirsən. Pablo Pikassonun yaradıcılığını çox sevirəm, məqsədim onun kimi bir rəssam ola bilməkdi. Bu məşhur rəssamın yaradıcılığı hər zaman aktualdır. Məsələn, kubizm Pikassodan əvvəl də vardı, ancaq bu janrın banisi kimi Pikassonu göstərirlər, çünki bu cərəyanı o inkişaf etdirib ən yüksək zirvəyə qaldırdı. Pikassonun incəsənətin müxtəlif istiqamətlərində özünü təsdiq etməsi faktını çox bəyənirəm. Janrlar üzərində hökmran olmaq möhtəşəmdir. 
 



- Anar, mən sizin iştirakınızla reklam roliki gördüm. Televiziya sizi cəlb edirmi? 

- Mən bir neçə reklam rolikində, həmçinin "Aktyor” adlı Azərbaycan filmində rol almışam. Əgər məni çəkilişə dəvət edirlərsə, vaxtım varsa, mən razılaşıram, çünki özümü hər zaman yeni bir şeydə sınamaqdan məmnun oluram. Nəyə görə də yox (gülür)...

- Anar Şəmsiyev, nə arzulayır? 

- Arzum Pablo Pikasso kimi rəssam olmaq və özümü bütün janrlarda sınamaqdır. 
 



- Gələcək barədə planlarınızı da bizimlə bölüşərdiniz. 

- Bizim sahədə planlaşdırmaq çətin məsələdir, hər şey spontan baş verir. 

- Anar, sizi təşəkkür edirik. Biz sizə yeni yaradıclıq uğurları və çoxlu fərdi sərgilər arzulayırıq. 

- Təşəkkür edirəm!









www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb