Çarlz Bukovski: Atamın ölümü – E-kitab

18:00 | 31.01.2015
Çarlz Bukovski: Atamın ölümü – E-kitab

Çarlz Bukovski: Atamın ölümü – E-kitab

Atamın dəfni eynilə soyuq hamburgeri xatırladırdı mənə. Alqambra Dəfnlər İdarəsinin önündə oturub, qəhvə içirdim. Bütün bu işləmlər bitəndən sonra buradan cıdır meydanına getməm çox çəkməz. Qalın və yuvarlaq şüşəli gözlük taxan və üzünün dərisi soyulduğu üçün qorxunc görünən bir kişi girdi içəri.

- Henri, - deyə məni səsləyəndən sonra keçib, əyləşdi və özünə qəhvə sifariş elədi.

- Salam, Bert, - dedim.

- Atanla möhkəm dostlaşmışdıq. Oturub-durub səndən danışardı mənə.

- Mənimki isə onunla heç tutmurdu.

- Buna rəğmən, atan səni hədsiz sevirdi. Həmişə inanırdı ki, sən gec-tez Rita ilə evlənəcəksən (Rita Bertin qızı idi). Qızım suyuşirin bir oğlanla gəzir, ancaq o oğlan heç onun ürəyincə deyil. Deyəsən, qızım pijonlardan xoşlanır. Onu başa düşməkdə acizəm. Hər halda o oğlanda qızıma xoş gələn nə isə var, - deyən kişinin eyni açıldı. – Çünki o oğlan gələndə qızım öz uşağını anbarda gizlədir, adətən.

- Yetər bu qədər, Bert. Durun, gedək.

Yolu keçib, Dəfnlər İdarəsinə yanaşdıq. Oradakılardan birisi mərhumun necə yaxşı adam olduğundan danışırdı. Hazırlaşırdım ki, onlara tamamilə fərqli bir fikir açıqlayım. Bu ara kim isə dua oxumağa başladı. Ayağa qalxıb, sıra ilə və ağır addımlarla tabutun yanından keçdik. Axırıncı mən idim. Düşündüm ki, imkan tapan kimi mərhumun üzünə tüpürəcəyəm.

Anam da dünyasını dəyişib. Onu bir il qabaq torpağa tapşırandan sonra əvvəlcə cıdır yarışına getmış, sonra isə bir civiylə təpişmişdim.

Hamı tabutun yanından keçməkdəydi. O ara bir qadın səsini başına atdı:

- Yox, yox, bu, ola bilməz! Onun öldüyünə heç inanmağım gəlmir!

Tabuta tərəf cuman qadın atamın başını qaldıraraq, onu öpdü. Həm də düppədüz dodaqlarından. Atamın və qadının boynundan tutdum, onları araladım. Atam təkrar tabutuna uzandı, bədənini əsməcə tutan qadını isə çəkib, oradan uzaqlaşdırdılar.

Bert izah elədi:

- Bu – atanın məşuqəsidir.

- Fəna şey sayılmaz, - dedim.

Mərasimdən sonra küçəyə çıxanda o qadına bayırda rast gəldim. Durub, yanıma qaçdı və dedi:

- Sən ona hədsiz bənzəyirsən! Elə bil lap burnundan düşmüsən!

Etiraz elədim:

- Yox, canım, o – ölüb, mən isə daha cavan və daha yaraşıqlıyam.

Qadın indi də ağuşuna basaraq, məni öpdü. Dilimi ağzına təpəndən sonra qadından aralandım. Uca səslə ona təsəlli verdim:

- Hə, hə, səbirli olun bir az!

Qadın təkrar məni öpəndə dilimi, bayaqkından daha dərin olmaqla, onun ağzına təpdim. Qasığımın altındakı da sərtləşdi o ara. Qadını məndən qoparmaq üçün bir-iki kişi və qadın bizə yanaşdı. Qadın etiraz elədi:

- Yox, yox, mən onunla getmək istəyirəm. Mərhumun oğluyla dərdləşməliyəm!

- Mariya, belə eləmə, gəl, bizimlə gedək!

- Yox, dedim sizə, yox! Mən onun oğluyla dərdləşməliyəm!

Onlardan biri məndən soruşdu:

- Siz buna etiraz eləmirsiniz ki?

- Normal istəkdir, - dedim.

Mariya maşında böyrümdə oturdu və biz birbaşa atamın evinə yollandıq. Qapını açdım, içəri keçdik. Dedim:

- Baxın, buradakı istədiyiniz əşyanı özünüzə götürə bilərsiniz. Mən gedim bir duş alım. Dəfn vaxtı yamanca tərləyirəm.

Duşdan çıxanda Mariyanın atamın çarpayısının bir kənarında oturduğunu gördüm.

- Əyninə onun xələtini geymisən ki!

- Hə, artıq bu, mənimkidir.

- Bu xələti yaman xoşlayırdı. Ona Milad bayramı hədiyyəm idi. Bununla elə öyünürdü ki, gəl görəsən. Deyirdi ki, bunu əyninə taxıb, bütün məhəlləni dolaşacaq, qoy qonşular baxıb, şişsinlər.

- Bunu elədi?

- Yox.

- Yaxşı xələtdir. Bundan belə mənimki olacaq.

Tumbanın üstündəki siqaret qutusunu götürdüm.

- Oyy! Bu da onun siqaretidir!

- Çəkirsiniz?

- Yox.

Siqaret yandırdım.

- Onunla çoxdan tanış idiniz?

- Bir ilə yaxın olardı.

- Buna rəğmən, heç nə anlamamışdınız?

- Nəyi anlamamışdım ki?

- Onun yontanmamış, kobud və vətənpərvər biri olduğunu! Xəsisliyini! Yalançılığını! Saxtakarlığını!

- Yox.

- Təəccüblüdür. Halbuki ağıllı qadına bənzəyirsiniz.

- Henri, mən atana vurulmuşdum.

- Neçə yaşınız var?

- Qırx üç.

- Yaxşı qalmısınız. Ayaqlarınız da yaraşıqlıdır.

- Təşəkkürlər.

- Adamın canı çəkir.

Mətbəxə gedib, şkafdan şərab şüşəsi götürdüm, mantarını çıxartdım, bir cüt qədəhlə otağa qayıtdım. Doldurduğum qədəhlərdən birini ona uzatdım.

- Atan tez-tez səndən söz edərdi.

- Eləmi?

- Deyirdi ki, səndə qürur çatışmır.

- Haqlıymış.

- Haqlıymış?

- Kim isə olmağa can atmıram – bax, budur qürurumun məğzi. Və məncə, bu – daha məntiqlidir.

- Qəribə adamsan.

- Yox, qəribə olan atam idi. Gətirin, bir az da şərab süzüm. Yaxşı şərabdır.

- Sənin əyyaş olduğunu da vurğulayırdı.

- Görürsünüz, həyatda barı nəyə isə nail olmuşam.

- Ona elə bənzəyirsən ki.

- Zahirən bu belədir. O, ilıq bişmiş yumurta xoşlayırdı, mən isə (sərt) soyutma. O, qələbəliyə can atırdı, mən isə yalqızlığı sevirəm. O, gecələr yatırdı, mən isə gündüzlər yatıram. O, itləri sevirdi, mən isə onların qulaqlarını dartmaqla, arxalarına kibrit soxuram. O, çalışmağın dəlisiydi, mən isə boş-bekar dolaşmağın.

Önə əyilib, Mariyanı süpürlədim. Dodaqlarımla onun dodaqlarını aralayıb, dilimi qadının ağzına təpdim və ağciyərlərində toplanan havanı sümürməyə başladım. Sonra qirtlağına tüpürdüm onun və barmağımı yanbızlarının arasında gəzdirdim. Az sonra aralandıq.

Mariya dedi:

- O, məni nəvazişlə öpürdü. Çünki məni sevirdi.

Acıqla dilləndim:

- Anamın ölümündən heç bircə ay ötməmiş o əclaf sizin döşlərinizi əmir və tualet kağızınızla yanını silirdi.

- O, məni sevirdi.

- Boş şeydir. Yalqızlıq qorxusundan o, sizin dəməyinizə sığınıbmış.

- Deyirdi ki, sən qəzəb püskürən cavansan.

- Bəs nədir?! Özünüz baxın, görün, atamın yerini nə tutubmuş.

Əlbisəsini qaldırıb, ayaqlarını öpüb-oxşamağa başladım. Dizlərindən başladım. Budlarının iç üzünü öpəndə qadın həzzdən ayaqlarını bir az da araladı. O ara onu möhkəm dişlədim, yerindən dik atılan qadın arxadan yel buraxdı:

- Oyy, bağışla.

- Elə bir şey deyil, - dedim.

Qədəhinə təkrar içki süzdüm, mərhum atamdan qalma siqaretlərdən birini yandırdım və ikinci şərab şüşəsinin ardınca mətbəxə yollandım. Haradasa bir-iki saat da içki içdik. Axşam hələ indi düşməyə başlamışdı, mən isə artıq yorğun idim. Ölüm çox çarəsiz bir olaydır. Ondakı ən pis cəhət də elə budur. Ona çarə yoxdur, vəssəlam. Elə ki baş verdi, daha ona heç cür çarə tapılmır. Onunla nə tennis oynaya bilirsən, nə də onu bir qutu nabata çevirə bilirsən. Ölüm, eynilə pısıtmış təkər kimidir, sadəcə var. Axmaq şeydir ölüm.

Yatağa girdim. Əvvəlcə tuflisini, sonra isə paltarını soyunan Mariya gəlib, böyrümdə uzandı. Başını sinəmə qoydu, mən də onun qulağının ardını sığallamağa başladım. O ara mənimki dikəldi. Qadının başını tutub, dodaqlarımla onun dodaqlarından, həm də nəvazişlə yapışdım. Sonra onun əlini tutub, mənimkinə tərəf apardım. Xeyli şərab içmişdim. Üstünə qalxdım. Kərkindikcə, kərkindim. Hər səfər boşalmaq dəmi yetişəndə ara verdim, özümü tutdum. O da qan-tər içindəydi, atlar kimi, aramsız qayırışırdıq. Altımızdakı çarpayı lərzəyə gəlir, qalxıb-enirdi, cırıldayır və inildəyirdi. Mariya da inildəyirdi. Onu elə hey öpürdüm, öpməkdən doymurdum. Qadın balıq kimi havanı ağzıyla içinə çəkir və deyirdi:

- Pərvərdigara! Sən mənim lap betərimi qayırırsan ki!

Mən bir an əvvəl boşalmaq istəyirdim, ancaq şərab həmin funksiyanı keyləşdirmişdi. Axır ki boşaldım, getdi.

Qadın altımda inildəyirdi:

- Pərvərdigara! Pərvərdigara!

Təkarar öpüşməyə başlayınca, hər şey təzədən başladı. Bir də onun üstünə qalxdım. Bu dəfə orqazma necə ağır-ağır yaxınlaşdığımın fərqindəydim. İnlədim:

- Aman, Tanrım! Aman!

Belimi boşaldıb, yataqdan qalxıb, vanna otağına yönəldim. Geri dönüb, siqaret yandırdım və təkarar yatağa sərələndim. Mariya yarıyuxulu idi. Dedi:

- Pərvərdigara! Sən məni sözün əsl mənasında becərdin ha!

İkimiz də yuxuladıq.

Səhər qalxıb, qusdum, dişlərimi firçaladım, ağzımı yaxalayandan sonra pivə şüşəsini açdım. Oyanan Mariya gözlərini mənə zilləmişdi. Soruşdu:

- Biz səninlə təpişdikmi?

- Ciddi mənada soruşursan?

- Yox, bilmək istəyirəm. Təpişdik, ya yox?

- Yox, - dedim. – Aramızda heç nə olmadı.

Vanna otağına gedən Mariya duş aldı. O ara mahnı oxuyurdu.

Sonra qurulanıb, çıxdı və məni süzdü:

- Ancaq mən özümü becərilmiş qadın kimi hiss eləyirəm.

- Yox, Mariya, elə şey olmayıb.

Əynimizi geyindik, Onu tindəki kafeyə apardım. O, sosisli omlet, buğda çörəyindən tost və qəhvə sifariş elədi. Mən isə bir stəkan tomat şirəsini bulka ilə içdim.

- Heç cür öyrəşə bilmirəm buna. Sən birə-bir osan.

- Mariya, barı bu gün bu barədə sus.

Mariyanın sosisli omleti və buğda çörəyindən tostu (üzərinə moruq cemi yaxılmışdı) ağzına necə dürtdüyünə göz qoyarkən ağlıma batdı ki, biz atamın dəfninə qatılmamışıq. O qurumsağı qara çuxura necə tulladıqlarını seyr etməyi unutmuşuq. Halbuki bunu görməyi çox istərdim. Bütün o mərasimin ən ləzzətli məqamı o idi. Biz isə cənazə mərasiminə qoşulmaq əvəzinə, atamın evinə gedib, onun siqaretlərindən tüstülətmiş, şərab şüşələrini boşaltmışdıq.

Tünd sarı rəngli omletin iri tikəsini ağzına qoyan Mariya dedi:

- Məncə, sən məni becəribsən. Şünki sənin toxumun ayağımla üzüaşağı axır.

- Yox, əşşi, o – tərdir, yəqin. Bu gün yaman bürkü var.

Qadın əlini əvvəlcə stolun, sonra isə paltarının altına apardı. Barmağını çıxarıb, iylədi.

- Bu, tər deyil. Bu – spermadır.

- Mariya yeməyini bitirdi. Bayıra çıxdıq. Öz adresini söylədi və onu evinə apardım. Yol kənarında saxladım maşını.

- Evə gedək?

- İndi yox. İş-güclə məşğul olmalıyam. Miras işi-filan.

Mariya önə əyilib, məni öpdü. Yuvarlaq gözlərində yarıincik və yarısərt bir ifadə oxunmaqdaydı. Dedi:

- Yaşca məndən xeyli kiçik olduğunu bilirəm. Buna rəğmən, səni sevə bilərdim. Heç şübhəsiz, bunu bacarardım.

Qapıya çatınca, dönüb, geri baxdı. İkimiz də əl yellədik. Yaxınlıqdakı şərab dükanına girib, yarım pinta (473 millilitr – A.Y.) içki və "Cıdır proqramı”nın bugünkü sayını aldım. At yarışlarında uğur dolu bir gün gözləyirdi məni. Adətən bazar gününün səhərisi bəxtim yaxşı gətirir. 

Tərcümə: Azad Yaşar

kult.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb