“Azərbaycan Avrasiya İttifaqına daxil olmağa hazırlaşır?” - AÇIQLAMALAR

09:36 | 02.10.2015
“Azərbaycan Avrasiya İttifaqına daxil olmağa hazırlaşır?” - AÇIQLAMALAR

“Azərbaycan Avrasiya İttifaqına daxil olmağa hazırlaşır?” - AÇIQLAMALAR

"Azərbaycan Avrasiya İttifaqına daxil olmağı istisna etmir”  - Rusiya informasiya agentliklərinin verdiyi məlumat bundan ibarətdir və istinad Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovdur. O, bu fikri Nyu-Yorkda BMT-nin Baş Assambleyası çərçivəsində deyib.

Azərbaycanın AİB-ə üzv olacağı ilə bağlı deyilənlər doğrudurmu? Bu birliyə qoşulmaq Azərbaycana nə verəcək? Bir müddət öncə rəsmilər, siyasətçilər Azərbaycanın bu birliyə qoşulmasının bir neçə şərtlər altında daha məqbul olacağını deyirdilər. İndi isə ölkəmizin bu birliyə qoşulmasının istisna olunmadığı bildirilirsə, bu fikirayrılığının səbəbi nədir? 

Problemli məsələ ilə əlaqədar Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyevin, millət vəkili, Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyevin və politoloq Hikmət Hacızadənin fikirlərini öyrəndik. 
 


Nazirlik rəsmisi Hikmət Hacıyev ANN.Az-a açıqlmasında bu məlumatın Rusiya mətbuatı tərəfindən yayıldığını xatırladıb: "Bu barədə məlumatı dəqiqləşdirmək üçün araşdırmalar aparırıq. Məlumat dəqiq şəkildə olsa, rəsmi şəkildə bəyan ediləcək”.
 
 
Millət vəkili, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyevin sözlərinə görə hazırda bu birliyə qoşulmaqla bağlı rəsmi müzakirlər aparılmır: "Kifayət qədər həssas coğrafi və geosiyasi  məkanda yerləşən Azərbaycan hər zaman bütün dövlətlərlə, siyasi və iqtisadi bloklarla ikitərəfli və çoxtərəfli münasibətlərdə milli maraqların  təminatına yönələn əməkdaşlıqda maraqlı olub. Bu hazırda da belədir. Avrasiya İttifaqına gəldikdə isə həm Vladimir Putin, həm də Nursultan Nazarbayev  Azərbaycanın bu qurumda təmsil olunması ilə bağlı  öz istək və arzularını dəfələrlə ifadə ediblər. Bildiyim qədər ilə hazırda bu birliyə qoşulmaqla bağlı rəsmi müzakirlər aparılmır.  Əlbəttə, hər hansı birliyə daxil olmaq və ya çıxmaq ölkəmizin suveren haqqıdır.  Azərbaycanın AvroNes PA-dan çıxması haqqında Milli Məclisin  sentyabrın 14-də verdiyi qərar bunun bariz nümunəsidir”.

Deputat əlavə edib ki, bu qərar həm də Avropa İttifaqı üçün ciddi bir siqnal və xəbərdarlıqdır: "Avrasiya İttifaqı ilə ölkəmizin gələcək münasibətləri haqqında sualınıza cavab olaraq  əminliklə demək istəyirəm ki, cənab prezident İlham Əliyev Azərbaycanın milli təhlükəsizliyini və milli maraqlarını,  hazırkı geosiyasi vəziyyətini, xüsusilə ərazi bütövlüyümüzün bərpası  perspektivini nəzərə alaraq ən doğru qərarı verəcəkdir. Yəni, ölkəmizin maraqları nəyi tələb edəcəksə, ona uyğun addım da atılacaq. Bu barədə heç kimin şübhəsi olmasın”.
 


Politoloq Hikmət Hacızadə ANN.AZ-a açıqlamasında bildirib ki, o vaxt siyasətçilər və politoloqlar bu variantla, yəni Qarabağın Azərbaycana verilməsi şərtilə qoşulacağını demişdilər: "Yəni onda da Azərbaycanın Avrasiya İqtisadi Birliyinə qoşulacağını istisna etmirdilər. Hazırda Azərbaycanın AİB-ə qoşulması haqqında söyləntilər var”. 

Politoloq Azərbaycanın AİB-ə üzv olmasını müsbət addım kimi qiymətləndirməyib: "Çünki bu birlik çox zəif bir təşkilatdır. Yəni elə bir qurumdur ki, istənilən halda o qurumdan çıxa bilərsən, daxil ola bilərsən. Yəni buna məhdudiyyət yoxdu”.

Politoloq sonda əlavə edib ki, bu təşkilatın yaradıcılarından biri Rusiyadır və bu ölkə Qarabağ münaqişəsinin həllində heç vaxt Azərbaycan tərəfinin mövqeyini müdafiə etməyib: "Daha dəqiq desək, Rusiyanın bu ittifaqa qoşulması elə o demək idi ki, o, Qarabağ məsələsində Azərbaycana heç bir yardım etməyəcək”.

Orxan Aslanlı

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti