Azərbaycan sahibkarının kredit problemi: faizlər yüksək, gəlir aşağı

07:21 | 29.06.2016
Azərbaycan sahibkarının kredit problemi: faizlər yüksək, gəlir aşağı

Azərbaycan sahibkarının kredit problemi: faizlər yüksək, gəlir aşağı


Kiçik və orta biznes ölkə iqtisadiyyatında niyə rol oynaya bilmir?

 
"Kredit məsələsi bizim acı xatirəmizdir. Atamın biznesi vardı, 100 min dollar  bankdan kredit götürdü, daha dogrusu, işini görmək üçün ona 100 min lazım idi. Ancaq bank bu kreditin hamisini birdən vermədi, qırıq-qırıq verdi deyə atam işini qura bilmədi”, Bakı sakini Gövhər Hüseynova deyir. Əlavə edir ki, atasının işi alınmadığından krediti və faizi qaytara bilmir, nəticədə, faiz məbləği şişir, sonra bank təklif edir ki, 200 min götürüb kreditlə faizi bağlasın: "Atam bunu elədi, amma bu, vəziyyətdən çıxış yolu olmadı. Girov kimi müəssisəsini göstərmişdi, əlindən çıxdı”.

Gövhər Hüseynova deyir ki, atası kredit götürüb işini genişləndirmək istəyərkən əlindəkini də itirdi.

Hüseynovlar ailəsinin əhvalatına oxşarlarını media səhifələrindən tez-tez oxumaq olur.  Azərbaycanda sahibkarlar öz bizneslərini qurmaq və ya inkişaf etdirmək üçün konkret hansı problemlərlə üzləşirlər? Onların maliyyə əlçatanlığı yetərlidirmi?

"Doing Business”də Azərbaycanın yeri
 
 "Doing Business 2015" hesabatında Azərbaycan kreditin əldə edilməsinin asanlılıq səviyyəsinə görə, 189 ölkə arasında 104-cü yerdə qərarlaşıb: "Ümumilikdə götürdükdə son 5 ildə ölkəmizdə kreditlərin əldə edilməsi səviyyəsi getdikcə pisləşir. 2010-cu ildə Azərbaycan 183 ölkə arasında 15-ci yerdə idisə, sonrakı illərdə bu mövqe pisləşərək 2011-ci ildə 46-cı, 2012-ci ildə 48-ci, 2013-cü ildə 53-cü, 2014-cü ildə 99-cu pilləyə düşüb”, -
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin  apardığı "Azərbaycanda kiçik və orta sahibkarlığın maliyyə çıxışının artırılması” tədqiqatında göstərilir.
Tədqiqat müəllifləri hesab edirlər ki, "Sahibkarların əsas maliyyə mənbəyi olan kreditlərə əlçatanlığı zəifdir. Buna səbəb kredit faizlərinin yüksək olması, şərtlərin ağır olmasıdır. Kreditlər bir qayda olaraq paytaxta yaxın ərazilərdə cəmləşib. Region sahibkarlarının kredit resurslarına çıxışı məhduddur. Regionlar əsasən dövlətin güzəştli maliyyələşməsindən yararlanırlar”.
 
ABŞ BİA-nın maliyyə dəstəyi ilə həyata keçirilən "Azərbaycanda kiçik sahibkarlığın inkişafına dəstək” layihəsi çərçivəsində hazırlanan bu tədqiqatda deyilir ki,  Azərbaycanda bank kreditləşməsinə inkişad etmiş ölkələrdə populyar olan fakktorinq, forfeytinq kimi alterantiv mənbələr yoxdur, lizinq, qiymətli kağızlar bazarı cəlbedici görünmür: "Qiymətli kağızlar bazarına isə maraq ümumiyyətlə yoxdur. Kreditlərlə müqayisədə qiymətli kağızlar vasitəsilə maliyyə cəlb edilməsi təcrübəsi zəif yayılıb”.
 
 
Tədqiqat müəlliflərinin fikrincə, kredit əlçatanlığının zəifliyi kiçik və orta biznesin ümumdaxil məhsula töhfəsini kəskin azaldır: "ÜDM-in formalaşmasında kiçik və orta sahibkarlığın payı 1,7%, yaradılan iş yerlərində payı isə 6%-ə yaxındır.  Halbuki inkişaf etmiş ölkələrdə ÜDM-in 50-70%-i məhz kiçik və orta müəssisələr tərəfindən formalaşır. Avropa Birliyi ölkələrində iş yerlərinin 60%-dən çoxu bu sektor tərəfindən yaradılır”.
 
"Kredit şərtləri ağırdır”
 
Kiçik və Orta Müəssisələrin İnkişafına Yardım Mərkəzinin rəhbəri Ilkin Qarayev  də hesab edir ki,  sahibkarların maliyyə əlçatanlığında kifayət qədər problem var: "Xüsusilə də keçən il baş vermiş devalvasiyadan sonra bankların çoxu manatla kredit vermək istəmir və ya həddindən artıq yüksək faizlərlə kredit təklif edirlər”.

İlkin Qarayev deyir ki, yüksək faizlər kiçik və orta sahibkarlığın inkişafını ləngidən səbəblərdən biri kimi gözdən keçirilə bilər: "Biznes sahələrini təhlil etsək, bəlkə də Azərbaycanda heç bir sektor bu kreditləri qaytarmaq və mənfəət əldə etmək üçün lazım olan səviyyədə gəlir əldə etmək imkanı vermir. Bu faiz dərəcələri yalnız qısa müddətli ticarət əməliyyatları aparmaq üçün yaraya bilər”.

Ancaq sahibkarların kredit sahəsində üzləşdiyi problemlər təkcə yüksək faizlə yekunlaşmır: "Digər problem girov məsələsidir. Banklar bir çox hallarda girov əmlakını çox aşağı qiymətləndirir, yalnız likvid girovlara üstünlük verir və regionlarda ümumiyyətlə girov götürməməyə çalışırlar”, İlkin Qarayev deyir.
 
Onun sözlərinə görə, Azərbaycanda maliyyə institutları müştərilərinə kifayət qədər maliyyə məhsulları və xidmətləri təklif etmirlər. Rusiya, Ukrayna, Gürcüstan kimi ölkələrlə müqayisədə Azərbaycanın bank sektoru maliyyə məhsul və xidmətlərinin çeşidi baxımından daha az inkişaf edib.
 
Vəziyyətdən çıxış yolu
 
Kiçik və orta biznesin inkişafı sahəsində tədqiqat aparan iqtisadçılar optimistdirlər, hesab edirlər ki, 2016-2020-ci illəri əhatə edən kiçik və orta sahibkarlığa Dəstək Dövlət Proqram həyata keçirilərsə, bu sektoru inkişaf etdirmək olar. Onların bir təklifi də özəl kredit bürolarının yaradılması, bank kreditləşməsinə alternativ mənbələr inkişaf etdirilməlidir.
 
S.Mehdiyeva

 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb