Azərbaycanda 300 manat təqaüd alan tələbə var - SİYAHI

17:04 | 12.11.2015
Azərbaycanda 300 manat təqaüd alan tələbə var - SİYAHI

Azərbaycanda 300 manat təqaüd alan tələbə var - SİYAHI

Azərbaycandakı əksər ali məktəblər öz büdcələri hesabına daha savadlı və fərqlənməyi bacaran tələbəri təqaüdlə təmin edir. Əlbəttə ki, bu həm tələbələrin sosial təminatını,  həm də təhsilə həvəsinin artmasına yardımçı olur. 

ANN.Az bəzi özəl ali təhsil müəssiəslərində tələbələrə verilən təqaüdlər haqqında material hazırlayıb. Araşdırma zamanı bəlli olub ki, oxuduğu ali məktəbdən və yaxşı təhsil göstəricilərindən asılı olaraq, ölkədə 300 manata qədər təqaüd alan tələbələrimiz var. Misal üçün, Azərbaycan Universitetinin yaxşı təhsil göstəricisi olan  tələbəsi hər ay 50 manat dövlət təqaüdü alır, üstəlik ona ali məktəbin 250 manata qədər özəl təqaüdü verilir. Bundan əlavə tələbələr dügər güzəştlərə də malikdirlər. Yaxşı və əlaçı oxuyan tələbələr təhsil haqqının ya bütün hissəsindən, ya da qismən azad olunurlar. Əgər özəl universitetlərimizdəki təhsil haqqının yüksək olduğunu nəzərə alsaq, bu güzəştlərin heç də pis olmadığı ortaya çıxar.

Beləliklə, bəzi özəl universitetlərdən təqaüd və güzəştlərlə bağlı toplaya bildiyimiz statistik məlumatları oxuculara təqdim edirik:

***
 
 

Azərbaycan Universitetindən verilən məlumata görə, artıq 3 ildir ödənişli əsaslarla təhsil alan tələbələrə də təqaüd verilir: Amma bir şərtlə ki, onların akademik göstəriciləri 83 bal və yuxarı olsun.

1. Orta akademik göstəricisi 83-86,9 arasında - aylıq 50 manat;

2. Orta akademik  göstəricisi 87,0 və yuxarı - aylıq 75 manat;

3. Orta akademik göstəricisi 90-93 arasında - aylıq 100 manat;

4. Orta akademik göstəricisi 93-dən yuxarı - aylıq 200 manat.

***
 

Qərb Universitetindən verilən məlumata görə, universitet 2 növ təhsil haqqı təqaüdü təklif edir:

1. Dövlət qəbulu imtahanlarından minimum 500 bal yığan azərbaycanlı tələbələr üçün təhsil haqqına güzəştlər. Bu təqaüd növü tədris proqramından asılı olmayaraq, yalnız birinci tədris ili üçün nəzərdə tutulub.

Təqaüdün məbləği ali məktəblərə qəbul imtahanlarının nəticəsində tələbənin yığdığı yekun bala uyğun olaraq müəyyən edilir.

2. Tədris ili ərzində bütün modullar üzrə "A” dərəcəsi alan tələbələr üçün təqaüd. Həmin tələbələr növbəti akademik ilin təhsil haqqından azad olunurlar. Bu təqaüd növü bütün tələbələr üçün nəzərdə tutulur.

***
 

Təfəkkür Universitetindən verilən məlumata görə, təhsil haqqında güzəştlər Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının test imtahanlarında yüksək bal toplayan tələbələrə  aşağıda göstərilən qaydalarda edilir:

1. 600-dən yuxarı bal toplayanlar üçün 100 %,

2. 580-600-bal üçün 75 %,
 
3. 550-579 bal üçün 50 %,

4. 500-549 bal üçün 25 %

Bundan əlavə, şəhid övladlarına və hər iki valideynini itirmiş tələbələrə, milli qəhrəmanların və Qarabağ müharibəsinin I və II qrup əlillərinin övladlarına təhsil haqqının 50 faiz qədəri güzəşt edilir. 

Universitetdə istedadlı və perspektivli tələbələrə kömək etmək və onları həvəsləndirmək məqsədilə adlı təqaüdlər təsis edilib.Heydər Əliyev adına təqaüd universitetin ictimai həyatında fəal iştirak edən, I və II kursu əla qiymətlərlə başa vuran tələbələrə verilir. Heydər Əliyev adına təqaüdə layiq görülən tələbə təhsil haqqından bütünlüklə azad olunur.

***


Odlar Yurdu Universitetində isə 9 adlı təqaüd sistemi mövcuddur:

- Həm peşəkar sahədə, həm də universitetin və ölkə tələbələrinin ictimai həyatında xüsusi nailiyyətləri olan magistrantlara verilən Ümummilli lider Heydər Əliyevin adına olan təqaüdü;

- Biologiya və tibb sahəsində təhsil alan tələbələrə verilən Akademik Zərifə Əliyeva adına təqaüd;

- Təhsil sahəsində ixtisaslaşan tələbələrə ünvanlanan  Əhməd Seyidov adına təqaüd.

- Filologiya və dilçilik sahəsində təhsil alan tələbələrə verilən Səməd Vurğun adına təqaüd;

- Riyaziyyat sahəsində təhsil alan tələbələrə verilən akademik Fərəməz Maqsudov adına təqaüd;

- Ədəbiyyat sahəsində təhsil alan tələbələrə verilən akademik Mir Cəlal Paşayev adına təqaüd;

- İqtisadiyyat sahəsində təhsil alan tələbələrə verilən akademik Əhməd Mahmudov adına təqaüd;

- Komputer-riyaziyyatı sahəsində təhsil alan tələbələrə verilən Lütfi Zadə adına təqaüd;

- Hüquqşünaslıq sahəsində təhsil alan tələbələrə verilən akademik Vahid Qəhrəmanov adına təqaüd.

***
 

Azərbaycan Kooperasiya Universitetinin mətbuat xidmətindən verilən məlumata görə, qaçqın və məcburi köçkün ailələrindən olan tələbələrə  20 faiz güzəşt edilir: "Dövlət sifarişi əsasında oxuyan tələbələrimiz, əla oxuyanlar - 90 manat, əla və yaxşı oxuyanlar - 80 manat, yaxşı və kafi qiymətlərlə oxuyanlar - 50 manat təqaüd alırlar. Bundan əlavə yüksək təhsil göstəriciləri əldə edən tələbələrə təhsil haqqlarında güzəştlər olunur. Eyni zamanda hər tədris ilinin yekununda 2 fərqlənən tələbəyə 100 manat məbləğində adlı təqaüd verilir. Əlaçı tələbələrə isə ilin yekununda təhsil haqqlarında müəyyən qədər güzəştə gedilir."

***
 
  
 
 
Əmək və Sosial Münasibətlər Akademiyasından verilən məlumata görə, ali təhsil müəssisəsi  Həmkarlar İttifaqı Konfederasiyasına bağlı olduğundan hər il 5-6 tələbəyə 50 manat miqdarında təqaüd verilir.

 
Qeyd edək ki, noyabr 10-da prezident İlham Əliyev "Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 30 avqust tarixli sərəncamında dəyişikliklər edilməsi barədə sərəncam imzalayıb. Son qəbul edilmiş dəyişikliyə görə, tələbələrin aldığı dövlət təqaüdündə, eləcə də təqaüd alacaq tələbələrin sayında artım var.

Orxan Aslanlı

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM