Azərbaycanda insanlara maddi yardım ediləcək - Ekspertlərdən açıqlama

21:04 | 30.03.2020
Azərbaycanda insanlara maddi yardım ediləcək - Ekspertlərdən açıqlama

Azərbaycanda insanlara maddi yardım ediləcək - Ekspertlərdən açıqlama

Nazirlər Kabineti yanında Operativ Qərargah 29 mart saat 00:00-dan etibarən Azərbaycanda xüsusi karantin rejimini gücləndirilib.

Qərargahın #evdəqal çağırışına riayət edən vətəndaşlar isə hökumət tərəfindən maddi dəstək gözləyir. Bəs evdə qalan vətəndaşlara necə dəstək olunmalıdır? Anews.az mövzu ilə bağlı bir neçə ekspertlərin fikirlərini alıb.
 

Müstəqil ekspert Rəna Səfərəliyevanın sözlərinə görə, pul kompensasiyası verməkdənsə əsgər və polis əməkdaşları evlərə ərzaq paylasa daha yaxşı olar.

"Bildiyim qədər bu  məsələ müzakirə olunur və minimal əmək haqqı  qədər yəni  adambaşına 250 manatın ödəniləcəyi düşünülür. Biz vətəndaş cəmiyyəti olaraq kampaniya qaldırmalıyıq ki, kimin imkanı varsa o pulu götürməsin. Kasıb millətin bank kartları yoxdur və bu pulu almaq üçün banklarda növbə gözləməyə dəyməz. Ona görə ordu və polis evlərə ərzaq paylasa daha yaxşı olar", – deyə o, bildirib.


İqtisadi ekspert Pərviz Heydərovun fikrincə isə, ölkədə pul var, sadəcə onu kimə və necə verilməsi dəqiq müəyyən olunmalıdır.

"Hazırda dünyanın istər inkişaf etmiş, istərsə də etməkdə olan ölkələri tərəfindən COVİD-19 fonunda iqtisadiyyatların stimullaşdırılması tədbirləri həyata keçirilməkdədir. Müvafiq dəstək üçün milyardlarla vəsait ayrılır. Hindistan 22,6 milyard ABŞ dolları, Birləşmiş Ştatlar 2 trilyon dollar və s. ayırıblar.
 
Prezidentin sərəncamı ilə cari ilin dövlət büdcəsindən Nazirlər Kabinetinə 1 milyard manat vəsait ayrılıb. Ölkəmizin böyük maliyyə ehtiyatları olduğundan, bundan da artıq vəsait ayırmaq mümkündür.
 
Hesab edirəm ki, böhranın zərbə vurduğu sahələr üzrə birincisi, işçilərin aylıq əmək haqqlarının ödənilməsinin qayğısına qalınmalı, ikincisi, sahibkarların aylıq kredit və ipoteka ödənişləri üzrə 3 aylıq moratorium qoyulmalı və başqa növ güzəştlər edilməli, üçüncüsü, turizm, mehmanxana, ictimai-iaşə obyektləri, kafe və restoranlar, ticarət mərkəzləri, nəqliyyat və sair sahələrində fəailiyyət göstərən sahibkarlar üçün II rüb ərzində müvafiq vergi tətili elan olunmalı, dördüncüsü, idxal və ixrac əməliyyatları ilə məşğul olan işgüzar fəaliyyətlə məşğul hüquqi və fiziki şəxslərə gömrük rüsumları sahəsində ciddi güzəştlər edilməli, beşincisi isə, xırda və orta kənd təsərrüfatı məhsulları istehsalçılarına qarşıdakı 3 ay əzində hər ay üzrə subsidiya verilməlidir.

Belə yerdə ortada dəqiq uçot və hesabatın olmamasının nə qədər neqativ xarakter daşıdığı və əslində, zərərli bir hal olduğu bir daha üzə çıxır. Söhbət, vəsaitdən getmir. Pul var, amma dəqiq kimlərə yardım edilməli, müvafiq kompensasiya konkret məhz hansı subyektlərə təqdim edilməlidir - bunu, müəyyən etmək lazımdır.
 
Bizdə isə əhalinin gündəlik qazanca işləyən hissəsi nə qədərdir, o cümlədən vətəndaşların gəlirləri və çıxarı kifayət qədər məlum deyil. Nə olsun ki, cəmi 10 milyonuq... Əksəriyyətin konkret olaraq nə işlə məşğul olduğu bilinmir. Taksovatlıq edənə vaxtında lisenziya təklif olunur, imtina edir... 5-10 manat əlavə gəlirə görə əmək müqavilələrinin bağlanmasından yan keçilir. Həyətində bir-iki şey əkib-becərən, qeydiyyata alınmaqdan vaz keçir. Sığortalanmağa barmaqarası baxırıq.
 
Fəlakət ortaya çıxanda, faciə yarandıqda isə hamı dövlətdən yardım istəyir. Bu da ölkədə uçot işi və hesabatlılıq bərbad vəziyyətdə olduğundan böyük
çətinliklər doğurur.

Koronavirusun ölkə iqtisadiyyatına vurduğu zərərlərin nəticələrindən sığortalanmaq üçün hesab edirəm, daha çox məhz özəl sektor, onun xüsusən də turizm, mehmanxanalar, ictimai-iaşə obyektləri, kafe və restoranlar, ticarət mərkəzləri və sair, sahələr üzrə fəailiyyət göstərən sahibkarlar sinfi dövlət və hökumət dəstəyi almalı və müvafiq kömək görməlidirlər. O səbəbdən ki, ən birincisi, bu sferada çalışan şəxslər və yaxud vətəndaşlar işləmədikləri müddət üçün onları işəgötürənlər tərəfdən əmək haqqlarını ala bilməlidirlər !... Bu, çox mühüm və vacib məsələdir. İkincisi isə, dövlət büdcəsindən maaş alanlar onsuz da sığortalıdırlar. Ümumiyyətlə, bizdə hüquqları ən çox tapdalanılan işçilər və yaxud muzdlu işçilər məhz özəl sektordadır ki, istənilən krizis də ilk olaraq, bilavasitə onları vurur. Belə ki, koronavirusun da iqtisadiyyatda qurbanları özəl sektorda çalışanlardır. Odur ki, dövlət də məhz, Onların arxasında durmalıdır !...”
 

 
Deputat Tahir Rzayevin sözlərinə görə isə "hökumət bu barədə bəzi tədbirlər müəyyənləşdirib. Nazirlər Kabinetində hal-hazırda araşdırmalar aparılır. Maddi vəziyyəti aşağı olan insanlara təminat ödəniləcək. Müəyyən insanlara bəzi güzəştlər olunacağı gözlənilir. Bu mövzu ilk gündən səsləndirilib ki, bu sahədə sahibkarlar əziyyət çəkəcəklər. Buna görə bu kompensasiya onlara ödənməlidir. 

Günə muzdlu işləyən insanlar üçün də tələblər hazırda Nazirlər Kabinetində tələblər müəyyən edilir"- deyə o qeyd edib.

 
 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM