Azərbaycanda kiçik və orta biznesin kredit sığortası dalana dirənib

19:18 | 28.07.2016
Azərbaycanda kiçik və orta biznesin kredit sığortası dalana dirənib

Azərbaycanda kiçik və orta biznesin kredit sığortası dalana dirənib

Azərbaycanda kiçik və orta sahibkarlığa verilən kreditlərin 85 faizdən çoxu (kiçik 85,7, orta 97,2 faiz) təminatlıdır. Bu təminatı təşkil edən girovların dəyəri isə kreditin dəyərindən 2 dəfədən çoxdur. Kiçik müəssisələrin aldığı kreditdə girovun payı 259,1 faiz, orta müəssisələrdə isə 201,2 faiz təşkil edir.

Bu, İqtisadi Təşəbbüslərə Yardım İctimai Birlyi ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) maliyyə dəstəyi ilə həyata keçirdiyi "Azərbaycanda kiçik sahibkarlığın inkişafına dəstək” layihəsi çərçivəsində apardığı tədqiqatda deyilir.

Azərbaycanda kiçik və orta sahibkarllığın maliyyə əlçatanlığını araşdıran tədqiqatçılar hesab edirlər ki, bu sahədə təkcə kredit alma çətinliyi ilə üzləşilmir,  həm də obyektiv, subyektiv səbəblərdən müflis olan sahibkarı qoruyan sığorta mexanizmi yoxdur.
 
"Banklar ehtiyat edirlər”

Tədqiqat müəllifi Rövşən Ağayev deyir ki, böyük biznes subyektlərinə nisbətən kiçik və orta sahibkarlığın kredit riski yüksək olduğu üçün banklar onların kredit tələblərini qarşılamaqda ehtiyat edirlər: "Aydındır ki, sahibkar krediti götürəndə ciddi istehsal və satış problemi olmaya bilər. Lakin kreditin götürülməsindən sonra ondan asılı olmayan səbəblərin yaratdığı risklər kreditorun ödəmə qabiliyyətinin itirməsi, yaxud borcu müqavilə şərtlərinə uyğun vaxtlı-vaxtında ödəyə bilməməsi ilə nəticələnə bilər. Məsələn, şirkət məhsulunu və ya xidmətini (işini) satır, amma mal (xidmət, iş) alıcısı müqavilə öhdəlyini pozaraq ödəməni ya tam həyata keçirmir, ya ləngimələrlə həyata keçirir. Belə vəziyyətdə sahibkar kredit təşkilatına borcunu qaytara bilmədiyi üçün maliyyə durumunu pisləşdirən, hətta müflis ola bilmə təhlükəsi ilə qarşılaşır. Yaxud mümkündür ki, kreditin ödəmə müddəti çatsa da, şirkətin pul mədaxili müddəti ləngiyə bilir. Belə şəraitdə sığorta şirkəti ödəmələrin daxil olmasına qədər kredit borclarının qapadılmasını üzərinə götürür”.

"Bütün ölkələrdə kredit ödənişi lənğiyir”
 
Rövşən Ağayev deyir ki, kredit borcunun ləngiməsi bütün ölkələrin təcrübəsində müşahidə olunur: "Məsələn, Belçika, Fransa və Niderlandda aparılan araşdırmalar göstərib ki, borc ödənmiş hesab-fakturaların ən azı 50 faizində 2 həftəyədək, 10 faizində isə 15 gündən 30 günədək ləngimə baş verir. Kreditlərin sığorta mexanizmi tətbiq edildiyi şəraitdə sığorta şirkətləri avtomatik olaraq həmin borcları qapadır”.

"Sığorta şirkətləri bu riskin altına girməzlər”

Azərbaycanda biznes kreditlərinin sığortası sisteminin oturuşması üçün mühit yoxdur. Sığorta məsələləri üzrə ekspert Xəyal Məmmədxanlı bu qənaətdədir. Onun sözlərinə görə, xüsusilə, kiçik və orta biznesdə şəffaf hesabatlılıq olmadığı üçün banklar krediti girovsuz və ya zaminsiz verməyə, sığorta da şirkətləri də bu kreditləri sığortalamağa maraq göstərmir: "Üstəlik, bu gün kredit bazarındakı vəziyyət partlamağa hazırdır, belə bur durumda heç bir sığorta şirkəti  biznes kreditini sığortalamaq sistemini tətiq etməz. Heç iqtisadiyyatımızın çiçəklənən dövründə belə sığorta şirkətləri borclunun kreditor qarşısında məsuliyyətini sığortalamaq kimi fikrə düşmədilər”.

"Bu faizlə həm qazanıb həm borc qaytarmaq olmaz”

Ekspert  kredit faizlərinə diqqət çəkir, deyir ki, Azərbaycanda mövcud kredit faizlərini qaytara və həm də gəlir əldə edə bilmək üçün yalnız "qeyri-qanuni bizneslə məşğul olmaq” lazımdır: "Zarafatla deyirəm ki, 30-35 faizlik krediti qaytarmaq üçün ya silah biznesi, ya narkotika satışı, ya da insan alveril ilə məşğul olmaq lazımdır. Təsəvvür edin, kiçik və ya orta biznes sahibi ili 30-35 faizə kredit görürür və bununla həm biznesini inkişaf etdirməli, həm işçiyə maaş verməli, həm də banka borc qaytarmalıdır. Hətta kredit götürmək üçün girov qoymaq və ya kimisə zamin göstərmək də çıxış yolu deyil. Problemli kreditlərin əksəriyyəti ya girovladır, ya zaminlə”.

Xəyal Məmmədxanlı vəziyyətdən çıxış yolu kimi kiçik, orta biznesləri sağlamlaşdırmaq, inkişaf etdirmək, gəlirliyini təmin etmək və daha sonra maliyyələşdirməyi təklif edir.

Amma çıxış yolu var

Rövşən Ağayev isə tədqiqatında biznes krediti üçün mühafizə rıçaqlarının işə salınmasını vacib sayır. Onun fikrincə, əvvəlcə bank və sığorta qanunvericiliyində bu mexanizmi işlədə bilən baza yaradılmalı və dünya təcrübəsi öyrənilməlidir: "Hökumətin bilavasitə maliyyəsi əsasında kiçik və orta sahibkarlıq kredtilərinə zəmanət verən dövlət agentliyi yaradıla, yaxud Sahibkarlığa Kömək Milli Fondunun funksiyaları genişləndirilməklə kreditlərə zəmanətin verilməsi qurumun  səlahiyyətləri sırasına daxil edilə bilər”.
 
S.Mehdiyeva
 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM