Bakıda mütəmadi olaraq müşahidə edilən tıxaclar, nəqliyyatın, şəhər həyatının iflic olması və əhalinin artımı paytaxtın köçürülməsi ideyasını yenidən aktuallaşdırıb. Artıq danılmaz faktdır ki, Bakı az qala 4 milyona çatan əhali yükünə dözə bilmir. Hətta hökumətin infrastrukturlara-yeni yollara, körpülərə və s. kimi projelərə xərclədiyi milyardlar belə, şəhərin rahat nəfəs alması üçün yetərli deyil. Bakının yolları bir neçə milyard dollar investisiyanı “udmasına” baxmayaraq, problemin həlli görünmür və paytaxtın köçürülməsini qaçılmaz edir.
Paytaxtın köçürülməsi məsələsi bir neçə dəfə Milli Məclisdə də gündəmə gətirilib. Bəzi deputatlar hesab edir ki, Bakıda xüsusilə maşınların sıxlığından və yeni binaların tikilməsindən sonra ekoloji vəziyyət pisləşib. Təklifə görə, Bakı Azərbaycanın yalnız biznes mərkəzi olmalı, digər icra və idarəetmə strukturları isə ayrıca paytaxta köçürülməlidir.
Məlumdur ki, “Böyük Bakının Regional İnkişaf Planı” 2030-cu ilə qədər olan dövrü əhatə edir ki, plana əsasən, iri sənaye müəssisələrinin, ali məktəblərin, bəzi nazirliklərin paytaxtdan köçürülməsi planlaşdırılır. Qeyd edək ki, paytaxtın köçürülməsi üçün konstitusiyada dəyişiklik olmalıdır. Konstitusiyanı dəyişmək üçün isə referendum keçirilməlidir. Bu proses hüquqi baxımdan vaxt aparsa da, məlumata görə, hakimiyyət paytaxtın köçürülməsi ilə bağlı ciddi düşünür və bu istiqamətdə bəzi müzakirələr intensivləşib.
“Yeni Müsavat”ın xəbərinə görə, hökumət yeni paytaxt üçün yer də seçib. Bu, Ələt ərazisindəki geniş dağətəyi sahədir. Hacıqabul yolunun Nəvai hissəsinə (Qazax istiqamətinə gedərkən, yolun sağ tərəfi) düşən Bakının peyk-şəhəri olacaq yeni paytaxtın adı barədə dəqiq qərar verilməyib. Mənbənin iddiasına görə, yeni paytaxt kimi bu ərazinin seçilməsi təsadüfi deyil. Çünki bu geniş ərazidə hələ SSRİ dövründə Atom Elektrik Stansiyasının (AES) tikintisi planlaşdırılıb. AES-in tikintisi üçün keçən əsrin 80-ci illərində bura seçilib və SSRİ-nin müvafiq idarələri, xüsusilə buradakı geoloji vəziyyəti (sürüşmə, süxurların möhkəmliyi, zəlzələ riski və sair) öyrəndikdən, geofiziki araşdırmalar apardıqdan sonra obyektin tikintisinə razılıq verib. Hətta Xəzərin səviyyəsi maksimum qalxarsa, bu ərazinin təhlükəsiz olacağı barədə proqnoz verilib. Amma SSRİ-nin süqutu bu prosesi dondurdu...
Qaynağımız deyib ki, yeni paytaxtın salınması artıq əsas müzakirə mərhələsini keçib və prezident səviyyəsində bu layihə dəstək qazanıb. İddia var ki, bu, əslində İlham Əliyevin özünün layihəsidir. Alternativ variantlar arasında (İsmayıllı, Qəbələ, Göyçay) Ələt-Nəvai istiqaməti seçilib və artıq bu div-projenin gerçəkləşməsi üçün ilkin 20 milyard manat vəsait ayırmağa da razılıq verilib. Bugünlərdə Ələt qəsəbəsində Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Liman Kompleksinin istifadəyə verilməsini hökumətin yeni paytaxtın salınacağının anonsu hesab edənlər də var. Eyni zamanda, artıq ictimaiyyətə məlumdur ki, beynəlxalq hava limanı da inşa ediləcək.
Yeni paytaxt ilk növbədə Bakının əhali yükünü xeyli dərəcədə, ən azı 1 milyon nəfər yüngülləşdirməyə kömək edəcək. Dövlət qurumlarının əksəriyyəti, nazirliklər, Nazirlər Kabineti, Milli Məclis, diplomatik nümayəndəliklər, ali və orta təhsil məktəblərinin bəziləri, həbsxanalar yeni paytaxta köçürülməli, Bakı isə ölkənin əsas sənaye və ticarət mərkəzi kimi qalmalıdır. Hökumətin ilkin hesablamalarına görə, paytaxt köçürülsə, Bakının əhali yükünü ən azı 1 milyon nəfər, avtomobil yükünü isə 100 minlərlə yüngülləşdirmək mümkün olacaq. Məlumatda o da deyilir ki, yeni paytaxtla Bakı arasında əlaqələrin qurulması üçün ilk növbədə sürət qatarlarının olması vacibdir ki, hökumət bu istiqamətdə də xarici şirkətlərlə danışıqlara başlayıb. Bunun üçün sürət qatarlarının çəkilməsi planlaşdırılır ki, bu da “köhnə və yeni paytaxt” arasındakı məsafəni 20 dəqiqə edəcək. Prezidentin xüsusi diqqətində olan bu proyektin gerçəkləşməsi 2015-ci ilin sonuna yaxın başlamalıdır. Əgər bu proyekt gerçəkləşərsə, prezident Azərbaycanın müasir tarixində adını yeni bir səhifəyə yazmış olacaq.
Yeri gəlmişkən, yaxın qonşularımız da paytaxtların yükünün azaldılması praktikasından geniş istifadə ediblər. 1923-cü ildə Mustafa Kamal Atatürkün təşəbbüsü ilə Türkiyənin paytaxtı Ankara elan edildi, İstanbul isə ölkənin əsas sənaye mərkəzi statusunu indi də daşımaqdadır. 1918-ci ildə Leninin təkidi ilə Moskva yeni paytaxt elan edildi, ancaq Sankt-Peterburq indi də Rusiyanın ikinci paytaxtı sayılır. 1998-ci ildə Nazarbayevin təklifi ilə Qazaxıstanın paytaxtı Astana elan edildi. Ancaq Almatı indi də ölkənin ən böyük şəhəridir. Bakı da bir neçə nazirliklərini “əldən verməklə” Azərbaycanın ən böyük şəhəri statusunu itirməyəcək, sadəcə, bu meqapolis izafi yükdən qurtulacaq.
ANN.Az