Azərbaycandakı epilepsiya xəstələrinin sayı açıqlandı

16:49 | 28.03.2016
Azərbaycandakı epilepsiya xəstələrinin sayı açıqlandı

Azərbaycandakı epilepsiya xəstələrinin sayı açıqlandı

Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə hər il 24 milyon insana geniş miqyasda epilepsiya diaqnozu qoyulur.  

Epilepsiya bədənin hər hansı bir hissəsində və ya bütün bədəndə qısamüddətli qeyri-iradi qıcolmalar, tutmalar şəklində meydana çıxan, beynin xroniki xəstəliyidir.

Tutma zamanı xəstələrin yanında sakitliyi qoruya bilən və vaxtında yardıma yetişəcək insanların olması çox vacibdir. Epileptik tutma, hətta bir dəfə olduğu halda həm xəstənin həm də ətrafdakıların kifayət qədər güclü stressinə səbəb olur.  

Müxtəlif ölkələrdə hər 100 min nəfər əhali arasında 20-53 epilepsiyaya tutulma halına rast gəlinir. İnkişaf edən ölkələrdə bu göstərici 100-190 hadisə təşkil edir. Azərbaycanda isə bu göstərici 25-dən 83-dək təşkil edir.  

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, hazırda dünyada 50 milyondan çox insan, Azərbaycanda 60 minə yaxın insan epilepsiyadan əziyyət çəkir.  

Epilepsiyanın yaranma səbəbləri müxtəlifdir. Bir sıra hallarda, əsasən kiçik yaşlı uşaqlarda və yeniyetmələrdə onun əsasında genetik faktorlar durur. Lakin təxminən 50% hallarda epilepsiyanın səbəbi təyin olunmamış qalır. Epilepsiyanın simptomatik növlərində xəstəliyin əmələ gəlmə səbəbi beynin zədələnməsidir.  

Epilepsiya çoxillik müalicə tələb edir. Epilepsiyanın müalicəsində əsas məqsəd tutmaların tamamilə kəsilməsidir. Müalicə məqsədilə "köhnə” və "yeni” epilepsiya əleyhinə preparatlardan (AEP) istifadə olunur. İlk aşkar olunmuş epilepsiyanın müalicəsi zamanı düzgün dərman seçimi və gündəlik AEP-ın qəbul olunması şərti ilə xəstələrin 75%-də müalicənin müsbət nəticələri müşahidə edilir.  

Epilepsiya haqqında yanlış təsəvvürlər və xəstəliyə qarşı neqativ münasibətə görə xəstələr təhsil almaqda, işə düzəlməkdə, nigaha daxil olmaqda, həmçinin ailədə və yaxın ətrafdakılar tərəfindən diskriminasiya ilə üzləşirlər.   Son 15 ildə Azərbaycanda epilepsiya ilə bağlı problemlərin həlli üçün ciddi işlər görülüb. Epilepsiyanın epidemiologiyası, xəstəliyin nazoloji və semioloji strukturu, onların həyat keyfiyyəti öyrənilib.  

Müxtəlif tədqiqatlar aparılıb. Tədqiqatlarda epilepsiyalar zamanı mövcud olan qeydiyyat sisteminin, diaqnostikanın keyfiyyətinin, müalicənin və sosial yardımın qiymətləndirilməsi aparılıb.  

Ölkəmizdə epilepsiyadan əziyyət çəkən vətəndaşlara yüksək səviyyədə tibbi yardım göstərilir. Bunlardan xəstələrin tibbi yardım və birinci səviyyə antiepileptik dərmanlarla (fenobarbital, difenin, karbamazepin və valproy tutşusu) dövlət hesabına təmin olunmasını, əlilliyə görə müavinətin ayrılmasını, epilepsiya əleyhinə preparatlarla təchizat, diaqnozun təyinində və differensə olunmuş müalicədə həkim-epileptoloqların konsultasiyalarının təşkili, epilepsiyalı hamilə qadınlarda mümkün ola biləcək ağırlaşmaların vaxtında qarşısının alınması məqsədi ilə onların daim həkim-epileptoloqun və ginekoloqların ciddi nəzarətdə saxlanmasını misal çəkmək olar.

İlk dəfə epilepsiyalı xəstələr günü 26 mart 2008-ci ildə qeyd olunub. Bu, erkən yaşlarından epilepsiyadan əziyyət çəkən 9 yaşlı Kessidi Meqanın qəlbinin harayı idi. Bütün anlaqlı həyatında qızcığaz ətrafdakı həmyaşıdlarının, hətta yaşlı insanların üzücü baxışlarını öz üzərində hiss edib. Əksəriyyət onun xəstəliyini yüngül dərəcəli ruhi pozuntu kimi qəbul edirdi.

Təbii ki, bu da qızı incidirdi. İnsanları inandırmaq və onlara öz xəstəliyi haqqında danışmaq üçün Kessidi "Bənövşəyi gün” keçirməyi qərara aldı. Bu tarixdə məlumatlandırıcı, xeyriyyəçilik, humanitar tədbirlər keçirilir, hər kəs epilepsiyalı insanlara öz dəstəyini ifadə etmək imkanı əldə edir.

Təşəbbüs Yeni Şotlandiyada yerləşən Epilepsiya Assosiasiyalarının nümayəndələri və digər təşkilatlar tərəfindən dəstəkləndi. 2009-cu ildə "Bənövşəyi gün”ün dəstək qrupuna 100 minlərlə tələbə, yüzlərlə siyasətçi və fəallar qoşuldu. O vaxtdan etibarən müxtəlif ölkələrdə Epilepsiyalı xəstələr gününün keçirilməsi ənənə halını aldı.  

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti