“Azərbaycanlı aktrisalar formada deyildilər”

17:46 | 23.12.2014
“Azərbaycanlı aktrisalar formada deyildilər”

“Azərbaycanlı aktrisalar formada deyildilər”

"Nabat" filminin rejissoru Elçin Musaoğlu Nizami Kino Mərkəzində keçirilən mətbuat konfransında ekran əsərinin beynəlxalq nailiyyətləri və çəkiliş prosesindən danışıb, jurnalistlərin suallarını cavablandırıb.

Müharibə aparan iki dövlətin sərhədində yerləşən dağ kəndində Nabat adlı tənha, yaşlı qadın yaşayır. Bir gün səhər tezdən məlum olur ki, bütün kənd camaatı evlərini tərk ediblər. Nabat kənd xarabaya çevrilməsin deyə, hər gecə yalnız qalmış evlərin işıqlarını yandırır. Bunu görən düşmən tərəf düşünür ki, kənd camaatı kənddən çıxmayıb, demək, döyüşə hazırdırlar. Sonra Nabat bombardman nəticəsində balalarını itirmiş dişi canavarla rastlaşır.

- Niyə baş rolda oynayan aktrisanı İrandan dəvət etdiniz? Azərbaycandan aktrisa tapa bilmədiniz?
- Doğrusu, bu məsələ özümü də çox narahat edir. Azərbaycanda iki aktrisaya müraciət elədim. Onlardan biri, ümumiyyətlə, çəkilmək istəmədi. İkinci isə dedi ki, təzyiqim var, dağa çıxa bilməyəcəyəm. Əslində, mən hələ tam olaraq onları çəkmək fikrim yox idi. Sadəcə, yoxlayacaqdım. Formada deyildilər. İçimdə bilirdim ki, bunlar deyil. Ancaq kimdir? Onu da bilmirəm. Mən hissiyyatıma inanan adamam.

Sonra Türkiyəyə getdim. Məlahət Abbasova sağ olsun, kastinq keçirdik. Bir çox tanınmış aktrisalar gəldi. Sinopsisi oxuyanlar deyirdilər, çox gözəl, məmnuniyyətlə çəkilərik, heç pul da istəmirik. Ancaq hamısının başqa müqavilələri olduğu üçün vaxt məsələsi problem idi. Onların növbəti iki-üç ilə müqaviləsi var idi. Dedilər, gözləyin biz gələcəyik. Sonra qismət elə gətirdi ki, biz İrana getməli olduq və orda Fatimə Motamed Aryanı tanıdım. Görən kimi dedim ki, hə, budur. Mən çox istəyərdim ki, Azərbaycanda aktyor məktəbi yetişdirim. Heç bilmirəm ona imkan verəcəklər, ya yox, vaxtım olacaq, ya olmayacaq, amma çox istəyərdim. Tarkovski deyirdi, aktyor mələkdir. Aktyor yetişdirmək ciddi məsələdir. Görürsünüz Türkiyədə aktyor necə yetişir? Və ya İranda. Mən, ümumiyyətlə, qeyri-peşəkar aktyorlarla işləməyi sevirəm.

- Bəs iranlı aktrisa ilə işlədiyiniz zaman hər hansı problem yaşanmadı?
- Yox, filmin çəkilişi zamanı çox möcüzələr baş verdi. Qar yağmadı. Hər il oktyabrın 10-u qar yağan kəndə biz çəkiliş etdiyimiz zaman qar yağmadı. Təsəvvür edirsiniz?! Çəkilişləri oktyabr-noyabr aylarında edirdik. Kənd əhalisi çox təəccüblənmişdi. Gəlib deyirdilər ki, sizin bəxtinizdən qar yağmadı. Mən hər gün Allaha dua edirdim ki, qar yağmasın. Çünki qar yağsaydı, çəkilişlər dayanacaqdı. Biz orda olduğumuz müddətdə qar yağmadı. 47 günlük çəkilişləri bitirib Bakıya yola düşmək üçün maşına oturanda gördüm qara buludlar gəlir. Bakıya çatanda zəng elədim ki, orda vəziyyət nə yerdədir? Dedilər, siz gedəndən sonra bir metr qar yağdı. Başqa şeylər də var idi. Məsələn, mən ssenariyə yazmışdım ki, inək ayağı ilə vedrəni vurur. Bu, ssenaridə var idi və biz üç dubl çəkəndən sonra, həqiqətən, inək ayağı ilə vedrəni vurdu. Mənim özüm çaşdım monitorun qabağında ki, doğrudan da, inək ayağı ilə vedrəni vurub aşırdı. Filmin içində elə şeylər var idi ki, gözləmədən oldu. Ancaq filmin ən böyük möcüzəsi aktrisa idi. İnsan kimi tamam başqa insandır. Birincisi, 13 yaşından bizim dili sevib, neçə dəfə Təbrizdə olub. Şövkət Ələkbərovanın mahnılarını elə oxuyurdu ki, hamımız heyranlıqla tamaşa edirdik. Bütün sözlərini əzbər bilirdi. Ancaq danışanda Təbriz ləhcəsi ilə danışırdı. Mən də dedim ki, biz belə danışmırıq. Ona görə ona Tehranda müəllim tutduq. Dili öyrəndi və o aktrisa ilə heç bir problem yaşamadım.

- Evlərin içi dekorasiya idi, ya tam təbii formada qalıb və elə çəkmisiniz?
- Heç bir dekorasiya yoxdur. Bu, elə möcüzələrdən biri idi. Əslində, möcüzələrdən biri də nə idi? Deməli, biz ssenarini dostum Elxan Nəbiyevlə Bakıda oturub yazmışıq. Altı ay ssenarinin üstündə işləmişik. Biz yazdıq, sonra mən dedim ki, yaxşı Elxan, bəs bu kənd var? Aşağıda kənd olmalıdır, meşəbəyinin evi olmalıdır yuxarıda və evə doğru qalxan ağ yol olmalıdır. Ssenaridə eynən belə yazılıb. Tamam, içimdə bir hiss var idi ki, mən o yeri tapacağam. Əgər içimdə o hiss varsa, deməli, yüz faiz tapacağam. Bütün rayonları gəzdik. Ancaq qabağımıza çox vaxt eyni problem çıxdı. Mobil operatorlar. Hər yerə bir antena qoyublar, özü də ən gözəl yerlərə. Çox maraqlıdır, sanki, acıqla qoyublar. Ən gözəl yerlərdə, baxırsan kameranın çəkə biləcəyi mənzərəli yerlərdə ikisini yan-yana qoyublar. Axırda İsmayıllıda bir qardaş var idi. Ona dedim belə yer lazımdır. Dedi, bir də danış mənə. Ona kimi artıq üç dəfə danışmışdım. Danışdım, qayıtdı ki, hə, var elə yer. Mən səni apararam. Kəndə girən kimi dedim ki, bu kənddir. Gördüm ev azdır, dağa tərəf də ağ bir yol qalxır. Biz ancaq Nabatın evini tikdik təpənin başında. Vəssalam. Başqa bütün əşyalar, evlərdəki şəkillər, albomlar, əşyalar hamısı özlərinin idi. Məscidi gördünüz? Böyük məscid var idi. Mənim bəxtimdəndir. Məscidi görəndə çox sevindim. Ssenaridə məscid var idi. Böyük olması da çox yaxşı oldu kameranın rahat işləməsi baxımından.

- Filmdə Çe Qevaranın posterini görürük. O nəyi simvolizə edir?

- Əslində, bu sualı hər yerdə verirlər. Xüsusilə Yaponiyada və Almaniyada çox soruşdular. ABŞ-da da çox soruşmuşdular. Çünki Çe Qevaraya münasibət bir az ikilidir. Kommunistdir. Çe Qevara bizə Sovetin verdiyi qəhrəmanlardan biridir. Biz o vaxt qəpik-qəpik yığırdıq Vyetnama kömək edək və s. Camaat Çe Qevaranın baxışlarına, beretinə filan vurulmuşdu. Ətrafında baş verən bütün hadisələr unudulmuşdu, amma o duruş ki var, o məğrur duruş, hamı ona vurulmuşdu. Hamının evində onun posterləri var idi. Mənim də otağımda var idi. Anam elə bilirdi ki, o mənim dostumdur. O poster də kənddəki fotostudiyada asılmışdı. Gördünüz də biz ona çox da diqqət-nəzər eləmədik. Onu başqa yolla göstərdik. Biz oğlanı göstərməli idik, Nabatın oğlunu. Son səhnə də var, yadınızdadırsa, oğlan beretdə gedir, ondan sonra şəkil gəlir. Nabat, sadəcə, şəkil tapa bilmir və o boşluğu doldurmadan gedə bilməz deyə, Çe Qevaranı oğluna bənzətdiyi üçün gətirib onun şəklini asır. Çox sadədir, əslində. Orda simvol axtarmaq lazım deyil.

- İstənilən halda, söhbət Çe Qevaradan gedirsə, simvol axtarılması çox normaldır...
- Düzdür, mənə onu çoxları deyir. Mən onlara deyirəm Nabatın oğlu yadınızdadır? - "Hə, yadımdadır, oxşayırdı". Nabat nə etməlidir? Getməlidir. Gedə bilməsi üçün də o boşluq dolmalıdır. Kişi də şəkili soruşurdu. Ata da gözləyirdi şəkli. Şəkil gedib, gəlməyib. Bunların oğlunun da başqa şəkli yoxdur. Bu, normal şeydir. Mən əsgərlikdə olanda nənəm mənim şəklimlə yatırmış. Mənə dedilər ki, nənən sənin şəklini istəyir, şəkil göndər. Mən də belə şeylərə çox laqeyd idim. Nənəm rəhmətə gedəndən sonra gəlib gördüm ki, həmin şəkil onun pasportunun arasındadır.

- Həmkarlarınızın münasibəti necə oldu? Zəng edib təbrik etdilər?
- Eləsi var zəng edib təbrik edir, eləsi də var zəng edib təbrik etmir. Normal şeylərdir.

Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında 2014-ci ildə istehsal olunan "Nabat" filminin quruluşçu rejissoru Elçin Musaoğlu, ssenari müəllifləri Elxan Nəbiyev və Elçin Musaoğlu, quruluşçu operatoru Əbdülrəhim Bəşərat, quruluşçu rəssamı Şahin Həsənli, prodüseri Müşfiq Hətəmovdur. Ekran əsərində baş rolları Fatimə Motamed Arya, Vidadi Əliyev, Sabir Məmmədov, Fərhad İsrafilov və digərləri canlandırıblar.//Ans

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb