Azərbaycanda akvakultura istehsalının 2030-cu ilədək 7700 tona çatdırılması hədəflənir

Azərbaycanda akvakultura üzrə illik istehsal həcminin 2030-cu ilədək 3400 tondan 7700 tona çatdırılması hədəflənir. Bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov balıqçılıq və akvakultura sahəsinə həsr olunmuş forumda çıxışı zamanı deyib.
O bildirib ki, balıqçılıq və akvakultura sahəsində idarəetmə funksiyalarının Kənd Təsərrüfatı Nazirliyinə həvalə edilməsi aqrar siyasətin əhatə dairəsini genişləndirib. Nazirliyin tabeliyində Balıqçılıq və Akvakultura Mərkəzinin yaradılması isə sahənin vahid yanaşma əsasında inkişafı üçün institusional baza formalaşdırır.
Nazirin sözlərinə görə, balıqçılıq və akvakulturanın inkişafı ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi, daxili bazarın yerli məhsullarla təminatı, regionlarda məşğulluğun artırılması və sahibkarlığın inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.
Məcnun Məmmədov qeyd edib ki, bu potensialın reallaşdırılması müasir texnologiyaların tətbiqini, elmi biliklərin istehsala inteqrasiyasını və investisiyaların təşviqini tələb edir.
O vurğulayıb ki, 2026–2030-cu illər üzrə Dövlət Proqramı çərçivəsində balıqçılıq sahəsinin hüquqi bazasının beynəlxalq standartlara uyğunlaşdırılması, idarəetmə və nəzarət mexanizmlərinin rəqəmsallaşdırılması, balıq ehtiyatlarının mühafizəsi və balıqartırma təsərrüfatlarının müasirləşdirilməsi nəzərdə tutulur.
Nazir bildirib ki, istehsalın artırılması daxili bazarın yerli məhsullarla təminatını yaxşılaşdıracaq, idxaldan asılılığı azaldacaq və ixrac imkanlarını genişləndirəcək.

























