Azərbaycanda akvakultura istehsalının artırılması üçün yeni mexanizmlər tətbiq ediləcək

Dövlət Proqramının icrası balıq ovunun dayanıqlı prinsiplər əsasında təşkili, rəqəmsal nəzarət və izləmə sistemlərinin tətbiqi, balıqartırma fəaliyyətinin gücləndirilməsi və su bioresurslarının bərpasına xidmət edəcək. Bunu Nazirlər Kabineti Aparatının Aqrar və ekologiya şöbəsinin müdiri Lətif Qasımov Birinci Azərbaycan Regional Akvakultura Forumunda çıxışı zamanı deyib.
O bildirib ki, Prezident İlham Əliyevin 2026-cı il 25 may tarixli sərəncamı ilə təsdiq edilmiş 2026–2030-cu illər üzrə Dövlət Proqramı aqrar sahədə qlobal dəyər zəncirinə inteqrasiyanı təmin edən əsas yol xəritəsidir.
Lətif Qasımovun sözlərinə görə, proqram çərçivəsində 2030-cu ilədək ölkədə akvakultura istehsalının 7700 tona çatdırılması, aqrar sahədə ümumi daxili məhsul artımının hər il ən azı 2 faiz təşkil etməsi və aqro-ixrac potensialının genişləndirilməsi hədəflənib.
Şöbə müdiri qeyd edib ki, iqlim dəyişikliyi və su qıtlığı akvakultura sahəsində iqlimə davamlı yanaşmaların tətbiqini zəruri edir. Bu baxımdan təsərrüfatlarda süni intellekt əsaslı monitorinq sistemlərinin tətbiqi, su hövzələrinin temperaturunun, oksigen balansının və biokimyəvi tərkibinin real vaxt rejimində izlənilməsi mühüm əhəmiyyət daşıyır.
O bildirib ki, daxili su hövzələrində yerli balıq növlərinin, xüsusilə Xəzər nərə balıqlarının genofondunun qorunması və bərpası diqqətdə saxlanılmalıdır.
Lətif Qasımov əlavə edib ki, dayanıqlı akvakultura klasterləri regionlarda aqroturizm və ekoturizmin inkişafına da yeni imkanlar yaradacaq.
Onun sözlərinə görə, akvakultura sahəsinin yüksək əlavə dəyər yaradan iqtisadi və sənaye sahəsinə çevrilməsi üçün institusional əsaslar möhkəmləndirilir, idarəetmə və nəzarət sistemi təkmilləşdirilir. Bu məqsədlə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Balıqçılıq və Akvakultura Mərkəzi yaradılıb.

























