FAO Azərbaycanda balıqçılıq və akvakultura sahəsində əməkdaşlığı genişləndirməyə hazırdır

Dayanıqlı balıqçılıq və akvakultura Azərbaycanın ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi, kənd iqtisadiyyatının inkişafı və su bioresurslarının qorunması baxımından mühüm imkanlar yaradır. Bunu BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) nümayəndəsi Nabil Gangi Birinci Azərbaycan Regional Akvakultura Forumunda çıxışı zamanı deyib.
O bildirib ki, Kənd Təsərrüfatı Nazirliyinin balıqçılıq və akvakultura sahəsində genişləndirilmiş səlahiyyətləri investisiyaların, innovasiyaların və sektorun inkişafına yönələn dəstək mexanizmlərinin genişləndirilməsi üçün imkan yaradır.
Onun sözlərinə görə, 2026–2030-cu illər üzrə Dövlət Proqramı balıqçılıq və akvakulturanı ölkənin inkişaf prioritetləri sırasına daxil etməklə bu sahənin inkişafı üçün aydın strateji çərçivə formalaşdırır.
FAO nümayəndəsi bildirib ki, təşkilat Azərbaycanda istehsalçıların və istehlakçıların maraqlarına xidmət edən dayanıqlı sektorun formalaşmasına dəstək verməyə hazırdır.
“FAO-nun son qiymətləndirmələrinə əsasən, akvakultura artıq qlobal su heyvanları istehsalının yarıdan çoxunu təşkil edir. Su məhsulları mühüm qida maddələri ilə təminat yaratmaqla yanaşı, balıqçılıq və akvakultura milyonlarla insanın dolanışıq mənbəyidir. Kiçik istehsalçılar və balıqçılıq icmaları üçün sektorun inkişafı etibarlı gəlir, məsləhət xidmətlərinə çıxış və bazarlarda iştirak imkanlarının genişləndirilməsi demək olmalıdır. Bu prosesdə qadınların və gənclərin də dayanıqlı biznes qurmaq imkanları artırılmalıdır”,- o vurğulayıb.
O, Azərbaycanın Xəzər dənizi və daxili su ehtiyatlarının səmərəli idarə olunmasının vacibliyini vurğulayıb. Bildirib ki, balıqçılığın davamlı inkişafı üçün yaşayış mühitinin mühafizəsi, məsuliyyətli akvakultura, su heyvanlarının sağlamlığı və su ehtiyatlarından səmərəli istifadə əsas prioritetlər olmalıdır.

























