Azərbaycanda balıqçılıq və akvakultura sahəsində subsidiyalar veriləcək- Məbləğ açıqlanıb

Azərbaycanda 2027-ci il yanvarın 1-dən balıqçılıq və akvakultura məhsullarının istehsalına görə subsidiyaların verilməsinə başlanılacaq. Bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Bakıda keçirilən akvakultura forumunda çıxışı zamanı deyib.
Nazir bildirib ki, qızılbalıqkimilər və nərəkimilər üzrə hər ton məhsula 2 000 manat, çəkikimilər və naxakimilər üzrə isə 600 manat subsidiya veriləcək. Eyni zamanda, balıqçılıq və akvakultura sahəsində istifadə olunan avadanlıq və texnologiyaların güzəştli şərtlərlə əldə edilməsi nəzərdə tutulur.
Onun sözlərinə görə, bu addımlar peşəkar akvakultura təsərrüfatlarının genişlənməsinə və istehsalın artmasına təkan verəcək.
Məcnun Məmmədov qeyd edib ki, 2025-ci ildə balıqçılıq və akvakulturaya nəzarət və idarəetmə mexanizmlərinin Kənd Təsərrüfatı Nazirliyinə ötürülməsindən sonra nazirliyin tabeliyində Balıqçılıq və Akvakultura Mərkəzi yaradılıb.
O bildirib ki, bu il balıqçılıq və akvakultura haqqında yeni qanun qəbul edilib. Qanunla sektorda fəaliyyətin və akvakultura təsərrüfatlarının qeydiyyata alınması prosesinin sadələşdirilməsi nəzərdə tutulur.

























