Bəhruz Kəngərli: “Musiqiçi üçün konsert nədirsə, rəssam üçün də sərgi odur” – MÜSAHİBƏ

17:56 | 17.06.2015
Bəhruz Kəngərli: “Musiqiçi üçün konsert nədirsə, rəssam üçün də sərgi odur” – MÜSAHİBƏ

Bəhruz Kəngərli: “Musiqiçi üçün konsert nədirsə, rəssam üçün də sərgi odur” – MÜSAHİBƏ

Rüstəm Qasımov

Mədəniyyət, elm, təhsil və maarifçiliyi fəal şəkildə təbliğ edən ANN.Az xəbər portalı öz oxucularını inəcəsət sahəsində fəaliyyət göstərən istedadlı rəssamlarla tanış etməkdə davam edir. Bu dəfə bizim qonağımız Azərbaycan gəncliyinin parlaq nümayəndələrindən biri, rəssam Bəhruz Kəngərli oldu. Gənc rəssam bizimlə söhbəti zamanı öz yaradıcılığının xüsusiliyindən, müasir incəsənət barədə hansı fikirdə olmasından və keçən ayın sonunda açılan fərdi sərgisindən danışdı. 

- Bəhruz, bir müddət əvvək Bakının «Kichik Gal Art» qalereyasında açılan maraqlı sərginiz münasibətiylə sizi təbrik edirəm. Siz nə zaman düşündünüz ki, artıq fərdi sərginin düz vaxtıdır? 

- Salam, Rüstəm, diqqətə görə təşəkkür edirəm. Altı ay əvvəl nümayiş olunan işlərin yarısı hazır olanda mən fərdi sərgi təşkil etmək qərarına gəldim, «Kichik Gal Art» isə mənə bu ideyanı reallaşdırmaq üçün imkan yaratdı. Mən 90 ədəd işimi nümayiş etdirmək istəyirdim, 3 ekspozisiya zalı olan geniş qalereya isə məni tamamilə qane edirdi. 
 


- Sərginin adı sərgilənən kolleksiya qədər maraqlıdır. Nəyə görə məhz "Face Control”?

- "Face Control” ifadəsi ağlımıza gələndə bizim təsəvvürümüzdə insanların ancaq xarici görünüş və sifət cizgilərinə görə içəri buraxıldığı qapalı məkanlar gəlir, bəs biz insanlarla hansı kriteriyalara görə əlaqəyə giririk, razılaşın ki, insanlar etibarsız və təhlükəli obrazı olan şəxslərlə nadir hallarda əlaqəyə girirlər. Mən bu konsepsiyanı əsas götürməklə, müxtəlif obraz və portretləri sərgilədim, məqsəd tamaşaçıya özlərinin emosional vəziyyətini göstərmək idi. Bunlar daha çox rənglər və xətlərlə çəkilmiş psixoloji portretlərdir, nəinki detallı insan sifətləri. Məhz buna görə də, sərgini "Face Control” adlandırmaq qərarına gəldim, belə ki, hər kəsin öz düşüncə tərzi və daxili dünyası var. Öz görünüşüylə məni qorxudan insan başqası üçün xoş və təhlükəsiz insan ola bilər.  

- Sizin sərginizin məqsədi sonuncu, yoxsa indiyə qədər toplanan işləri göstərməkdir?

- Yox, hər şeydən əvvəl bu, ciddi konsepsiya çərçivəsində özünü yeni üfüqlərdə sınamaq üçün ekpromt sərgidir. Bu sərgiyə qədər özümü qrafik texnika sahəsində sınamamışdım və özüm üçün yeni bir şeyi yoxlamaq qərarına gəldim. Portretlər, xüsusilə qrafik olanları mənim üçün yenilik idi.
 


- Bu sərgidə göstərilən işləri yaratmaq nə qədər zaman aldı? 

- Sərgiyə son 6 ay ərzində hazırlaşmışam. Hər gün bir neçə saat emalatxanada işləyirdim. Ancaq lap əvvəllər çəkdiyim şəkillər vardı ki, onlar sərgidə yer alıblar. 

- Göstərilən işlərin tematikası nədir? 

- Portretlər və fiqurativ şəkillərdir. Mən incəsənət sahəsinə bizim Müslim Maqomayev, Qara Qarayev, Bəhruz Kəngərli, Vaqif Mustafazadə kimi korifey sənətkarlarımızın və həmçinin yaddaşımda ilişib qalan parlaq obrazlı insanların şəkillərini çəkmişəm. Fiqurativ işlərə misal kimi, çəkdiyim "Miraj”, "Ay”, "Yurd” və başqa rəsmlərin adlarını çəkə bilərəm. Fiqurativ rəsmlər hər zaman daha poetikdir, onlar həm çox maraqlı, həm də başa düşmək asandır. Təpələrin, dağların, küləyin ortasında görünən obraz, burda onun qarşısına problemlər çıxır, ancaq o bu çətinlikləri aşır və yoluna davam edir. Bu obrazın əlində güllər var, kim bilir o, bu gülləri xanımına, bacısına, yoxsa anasına aparır. Bu vacib deyil. Əsas olan, xeyirxahlığı və xoşbəxtliyi apara biləcəyin yurdunun olmasıdır.
 


- Siz paytaxt tamaşaçısına nə qədər rəsm nümayiş etdirmək qərarına gəldiniz? 

- Asılana qədər düz 94 şəkil vardı. Onlardan 65-i portret, qalanlarıysa fiqurativ şəkillər idi. Ancaq onları asmağa başlayanda, anladım ki, şəkillərin 40 faizindən imtina etməliyəm. İş orasındaydı ki, ekspozisiya çox yüklənmişdi, ən çətini isə hansı rəsmin saxlanılıb, hansını kənara qoyulmasıydı -  bu çox zəhmət tələb edirdi. Yekunda isə 40 portret və 20 fiqurativ rəsm nümayiş olundu. 

- Bəhruz, sizin rəsmlərinizin əsas süjetləri nədir? Yeni ideyalar necə doğulur? 

- Mənim rəsmlərimin süjetləri keçilən yol, müşahidə və dərketmədir. Mən ətrafımdakı dünyanı, baş verən hadisələri, prosesləri özüməməxsus şəkildə qavrayıram və necə lazımlı olduğunu düşünürəmsə, elə çəkirəm. 
 


- Bu gün klassik ənənəvi incəsənəti sevənlər şikayət edirlər ki, müasir incəsənəti başa düşmək çətindir. Siz bu barədə nə düşünürsüz? 

- Mən ümumiyyətlə, "Müasir İncəsənət” dilemmasının nə mənaya gəldiyini anlamıram. İncəsənət həmişə müasirdir. Sadəcə zaman dəyişir, Yerdəki digər şeylər də dəyişir: insanlar, onların baxışları, dəbi, maraqları dəyişir. Bu təbii prosesdir. Bununla birgə, incəsənət də dəyişir. Ancaq digər bütün sahələrdə olduğu kimi, klassika klassika olaraq qalır, "müasir incəsənət” şüarıyla təqdim olunan rəsmlər də əvvəl-axır klassika olacaqlar. Təkrar edirəm, məsələ zamanda deyil, dəbdədir. Sadəcə isetadla, ya da istedadsız şəkildə yaradılmış iş var.  

- "Face Control” kimi fərdi sərgilər rəssama öz rəsmlərini reallaşdırmağa kömək edirmi?

- Əlbəttə. Rəssam hansı dövrdə yaşadığını hiss edir, öz publikasını, insanların nəyi qəbul edib-etmədiyini, o cümlədən bundan sonrakı işlərinin necə olacağını hiss edir. Musiqiçi üçün konsert nədirsə, rəssam üçün də sərgi odur. Sərgilər yaradıcı şəxsin öz işində inkişafı üçün vacibdir. 
 


- Nəhayət, ən sonda bizə öz planlarınız barədə məlumat verə bilərsinizmi? Xaricdə sərgi keçirməyi planlaşdırırsınızmı? 

- Bizə böyük irs qoyub gedən və ölkəmizi şöhrətləndirən korifeylərimizin rəsmlərini çəkməkdə davam etməyi planlaşdırıram. Onların bizə qoyub getdiklərini öyrənib, özümüzü inkişaf etdirə bilərik. Biz Azərbaycan gəncliyi vətənimizə hər hansı şəkildə faydalı olmalıyıq, öz işimizin peşəkarı olmalıyıq. Mən öz peşəmi sevirəm və bu sahədə daha da irəliləmək istəyirəm. 
 


- Bəhruz, maraqlı müsahibəyə görə, sizə təşəkkür edirik. Sizə bol yaradıcılıq uğurları və dünyanın ən prestijli qalerayalarında sərgilər keçirməyi arzulayırıq. 

- Rüstəm, mən də sizə suallarınıza görə təşəkkür edirəm. Öz növbəmdə çox vacib və maraqlı peşənizdə sizə uğurlar arzulayıram

- Təşəkkürlər!
 











www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb