İntiqam Əliyev – Qarabağ müharibəsini keçən rəssamMÜSAHİBƏ

18:36 | 19.10.2015
İntiqam Əliyev – Qarabağ müharibəsini keçən rəssam – MÜSAHİBƏ

İntiqam Əliyev – Qarabağ müharibəsini keçən rəssamMÜSAHİBƏ



Rüstəm Qasımov

- İntiqam, rəssamlığa ilk dəfə necə başladığınızı bilmək istərdik...

- İlk addımları lap, lap əvvəl atmışam. Özümü tanıdığım gündən rəsm çəkirəm, uşaqlıqdan. Nəslimizdə peşəkar rəssamlar yox idi, təkcə bir həvəskar vardı, anamın qardaşı. Uşaq olanda onun yaradıcılığı məni həvəsləndirmişdi. Məndə rəssamlıqla məşğul olmaq kimi qızğın istək yaranmışdı, mən rəsm çəkmək istəyirdim. Bu arzu elə bu gün də davam edir, çox güman ömrümün axırına qədər davam edəcək. 


 

- Siz təhsil almağa harda başladınız? 

- Mən böyüyüb boya-başa çatdığım Sumqayıtda pionerlər evinə yazıldım. Ancaq 6 aydan sonra bu təhsil müəssisəsini dava-dalaşa görə tərk etməli oldum, bilirsiz də oğlan uşaqları problemləri özlərinəməxsus şəkildə yoluna qoyurlar (gülür). Ancaq bu qətiyyən mənim motivasiyama təsir etmədi, əvvəlkindən də artıq şövqlə rəsmə girişdim. Məni bir pedaqoq hazırlaşdırırdı. Bir müddətdən sonra isə mən ikinci cəhddə Əzim Əzimzadə adını kollecə qəbul olundum. 



- Ancaq sizin kolleci bitirdiyiniz il Azərbaycan üçün ən ağrılı günlərə təsadüf edirdi. 

- Elədir. Keçən əsrdə 80-cı illərin sonu, 90-cı illərin əvvəlləriydi – yenidənqurma, SSRİ-nin çöküşü, Qarabağ müharibəsi və Azərbaycan xalqının digər çətinliklərlə üzləşdiyi dövr idi. Vətənini sevən bir patriot kimi mən könüllü şəkildə cəbhəyə yollandım, 1992-ci ildən, 1998-ci ilə qədər hərbi qulluqda oldum. Beləliklə də mən Qarabağ müharibəsi veteranı oldum, baş leytenant rütbəsi, kapitan və bölük komandiri rütbəsi aldım.   


- Bəs evə qayıdandan sonra nə etdiniz? 

- O vaxtlar mənim yaradıcılığa ayırmağa çox az vaxtım olurdu, çünki ailəmin maliyyə çətinlikləri vardı. Ancaq yorğunluğa və vaxt azlığına baxmayaraq, mən şəkillər çəkməyə başladım. Yaradıcılıq eşqi məni çulğalamışdı və buraxmırdı...

Gözəl günlərin birində isə mən rəssam dostum, incəsənəti bütün qəlbiylə sevən İqbal Həsənəlizadə ilə tanış oldum. Bizim tanışlığımız zaman ərzində dostluğa çevrildi. Sumqayıtda divarlarında rəsm əsərləri asılan ilk çayxananı da elə İqbal açmışdı. Həmin dövrdə bu bir yenilik idi. Sonra o bu məkanı qalereyaya çevirdi, burda mən də işlərimi sərgiləyirdim. 



 
- Beləliklə də siz yenidən yaradıcılıqla ciddi şəkildə məşğul olmağa başladınız. 

- Bəli. Bir dəfə mən təsviri incəsənəti kənara qoymalı oldum, onla məşğul olmadım, çünki müharibə gedirdi, sonra isə qəti qərara gəldim ki, bir də heç vaxt ondan ayrılmayacam. Mən düz 10 ildən çox rəssamlıqla məşğul olmamışdım. Bunu təsəvvürünüzə gətirə bilirsinizmi? 


 
- Yəqin uzun ayrılıqdan sonra rəsmlə "barışmanız” üçün müəyyən vaxt tələb olunub. 

- Biz heç küsüşməmişdik ki, barışaq da (gülür). Ancaq səmimi deyirəm, ilk vaxtlar çox çətin idi. Bununla belə, sənətə sevgi, təmkin və əzmkarlıq öz sözünü dedi. İşlədikcə mən özümdə yeni enerji hiss edirdim. Sanki mənim əlimi gözəgörünməz qüvvələr idarə edirdi, gecə-gündüz demədən rəsmlər çəkirdim. Çox gözəl günlər yaşayırdım, tamamilə sənətlə iç-içəydim. 



- Mümkünsə, bizə özünəməxsus tematikası ilə seçilən ilk fərdi sərginizdən danışardınız...

- Mənim Sumqayıtda baş tutan ilk fərdi sərgim belə adlanırdı: "Ağrının, ümidin və sevincin də öz rəngi var”. Sərgidə mən Dağlıq Qarabağ münaqişəsini əks etdirən xatirələrim olan işlərimi təqdim etmişdim. Müharibə mövzusunu tamaşaçılar heç də həmişə birmənalı qarşılamırlar, hər rəssam belə ağır mövzudan bəhs edən rəsmlər çəkməyi sevmir, ancaq mənim sərgim uğurlu keçmişdi. Yəqin mənim cəbhədə baş verənləri öz gözlərimlə görməyimin təsiri olmuşdu. Tamaşaçılar mənim gördüklərimi səmimi şəkildə çəkməyimi hiss etmişdilər, hətta müharibənin ən qanlı məqamında da sülhə və parlaq gələcəyə ümid qalır, axı ümidlər ən sonda ölür. Sonra bu sərgi Bakıda keçirildi, bu dəfəki sərgiyə yeni şəkillər də əlavə olunmuşdu. 

Fərdi sərgilərdən başqa, mən yerli və beynəxalq səviyyədə çox sayda sərgilərdə təmsil olunmuşam. 



- İntiqam, sizin üslubunuzu digər rəssamlarınkından fərqləndirən cəhət hansıdır. Siz hansı üslubu üstün tutursuz?
 
- Bu məsələ barədə mən tez-tez düşünürəm. Çəkdiyim nə realizm, nə sürrealizm, nə də kubizmdir. Məncə, mən bir neçə üslubun qarışığından yararlanıram. Gəlin bunu fərqləndirməyi tənqidçilərə və sənətşünaslara həvalə edək. Bu onların işidir, bizim işimiz isə çəkməkdir. Hər kəs öz işiylə məşğul olmalıdır (gülür). 

İlk növbədə mən öz təəssüratlarımı çatdırıram, forma isə ikinci pillədə qərarlaşır. Mənim ən vacib işim rənglər, rəng qammaları, rənglərin parlaqlığı və tonların dolğunluğudur. Mən rənglərin köməyilə düşüncələrimi kətana hopdururam. 



- Eyni vaxtda bir neçə şəkil çəkdiyiniz olurmu? 

- Bir neçə nədir, bəzən adama ilham elə güc gəlir ki, sən sanki qanad açırsan, bir neçə şəkil yox, bütöv bir seriya üzərində işləyirsən. Ancaq digər bütün yaradıcı insanlar kimi mənim də ilişdiyim vaxtlar olur, iş getmir, yerində donub qalırsan. Biz rəssamlar bunu "tənbəllik sindromu” adlandırırıq (gülür). Belə anlarda elə bilirsən heç vaxt şəkil çəkməmisən, sanki bunu necə yaradıldığından ümumiyyətlə xəbərin yoxdur. Köhnə şəkillərinə baxanda fikirləşirsən ki, bunları nə vaxtsa çəkmisən və heç də pis deyillər (gülür). Xoşbəxtlikdən belə anlar tez keçir, sanki heç olmayıblarmış kimi. Bu təbii prosesdir, axı insan robot, yaxud maşın deyil. 

Yaradıcılığı planlaşdırmaq və çərçivələrə salmaq mümkün deyil. Nə qədər proqnozlaşdırmağından asılı olmayaraq, bir anda hər şey dəyişə bilər. Yaradıcılığın bütün gözəlliyi də elə bundadır – gözlənilməzlik. Deyim ki, yaradıcı insan heç özünün işini də olduğu kimi kopiyalaşdıra bilməz, əvvəlkindən yaxşı alınacaq, ya da pis. Yalnız başqa bir rəssam orijinala yaxın kopiya yarada bilər. Amma yaradıcı adamın bunu eləməyi mümkün deyil, o hər zaman nəyisə əlavə etməyi, yaxud da ləğv etməyi istəyir. 



- Siz yalnız yağla çəkirsiz?

- Əksər hallarda bəli. Yağdan başqa, mən akrildən də istifadə edirəm, ancaq mən daha çox yağla işləməyi sevirəm. Həm yağla, həm də akrillə işləmək rəssamdan müəyyən peşəkarlıq tələb edir, amma mən nədənsə yağla işləməyi daha üstün tuturam. Mən rəsmləri kistlə, mastixlə, hətta barmaqlarımla çəkirəm, bunlarsız işləmək çətindir.


- Bəs qrafik işlər?

- Onlar da mənim yaradıcılığımda müəyyən yer tutur. İşlərimin böyük hissəsi əvvəlcə qrafik işlər olub, sonrada onlara rənglər əlavə olundu və şəkillərə çevrildilər. 



- Sizin yaradıcılığınızda ən çox hansı süjetlər öz əksini tapır? 

- Mən müxtəlif süjetlərə və müxtəlif janrlara müraciət edirəm, ancaq dəniz mövzusunun yaradıcılığımda xüsusi yeri var. Mən Sumqayıtda doğulub, yaşamışam, bütün uşaqlığım Xəzərin sahilində keçib. Hətta xaricdə olanda da Xəzərin mənzərəsi mənim gözlərimin qarşısından getmir. Abşeronun qızıl qumluqları – bu təsviredilməz gözəllikdir və mən çalışıram bunu rəsmlərimdə ifadə edim. 

Sumqayıtda yaşasam da, Bakının peyzajları, "İçərişəhər”, "Şirvanşahlar Sarayı”, "Sovetski”, "Kubinka” kimi elementlər də mənə çox doğmadır. Mən yaradıcılığımda belə mövzuları da işləyirəm. 


- İntiqam, bu gün rəsm əsərlərini kimlər alır? Təlabat varmı? 

- Tələbat var. Öz rəsmlərimi mən əsasən "Facebook”da tanıdıram. Alıcıların əksəriyyəti yerlilər və paytaxt sakinləridir. Sumqayıtda isə tələbat o qədər də çox deyil. 


- Əgər Sumqayıtda kimsə sənətlə məşğul olmaq qərarına gəlsə, ilk növbədə nə etməlidir?

- Sumqayıtda əsas mədəniyyət ocağı "Türbət” mədəni mərkəzidir. Sumqayıtda başqa sənət məktəbləri də fəaliyyət göstərir, burada uşaqlar kiçik yaşlarından sənət öyrənirlər. Bundan başqa, istəyənlər fərdi dərs keçən pedaqoqlara da müraciət edə bilərlər. 


- Sizin yaradıcılığınıza ilham verən nədir? 

- Mənə uşaqlıq xatirələrim, o qayğısız günlərin nostlagiyası ilham verir, həmçinin həyatda baş verən xoş hadisələr. Mən ancaq ovqatım yaxşı olanda çəkirəm, əks halda nə etsəm də bir şey alınan deyil. 



- Sonda  - İntiqam Əliyev nələr arzu edir? 

- Mən çox şey arzu edirəm (gülür). İlk növbədə mən Sumqayıtda təsviri sənət mərkəzi açmaq istəyirəm, qoy sumqayıtlılar görsünlər ki, bizim şəhərimiz sayıb-seçilən sənət adamları yetişdirməyə qabildir. Bu mənim həm Sumqayıt sakini, həm də Azərbaycan vətəndaşı kimi arzumdur. İkincisi də ki, istərdim fərdi sərgilərim, işlərim dünyanın nüfuzlu sərgi salonlarıda, qalereyalarında sərgilənsin. Bu böyük maddiyat tələb edir, ancaq mən bunun üçün çalışıram. İstəyirəm Azərbaycan incəsənətini bütün dünyaya açıb göstərim, qoy görsünlər bizim nə qədər zəngin və istdadlı rəssamlıq məktəbimiz var!


- İntiqam, maraqlı söhbətə görə sizə təşəkür edirik. Sizə yaradıcılığınızda uğurlar və təkcə respublikamızda deyil, sərhədlərimiz xaricində də yeni fərdi sərgilər arzulayırıq. 

- Təşəkkür!
 































































www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb