Bir mahnının tarixçəsi: "Tıq-tıq xanım"

18:11 | 23.12.2013
Bir mahnının tarixçəsi: "Tıq-tıq xanım"

Bir mahnının tarixçəsi: "Tıq-tıq xanım"

1974-cü ildə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında “yuxarı”dan daxil olmuş növbəti sifarişi reallaşdırmaq lazım idi. O zamanlar Moskva bizim rejissorlarımızın qarşısında konkret hədəflər qoymurdu. Yalnız folklor, milli yaradıcılıq və ya nağıllar mövzusuna müraciət etməyi məsləhət görürdülər.Rejissorlar Ağanaği Axundov və Məsud Pənahi fürsətdən istifadə edərək Abdulla Şaiqin "Tıq-tıq xanım" nağılına müraciət etməyə qərar verdilər. Abdulla Şaiq bu nağılı 1910-cu ildə mənzum şeir formasında yazmışdı. 1974-cü ildə isə bu mövzu yenidən aktual oldu və Məsud Pənahi kinostudiyada bütün işçi kollektivi yığıb səkkiz ay boyunca bu film üzərində işləməyə başladı. Məsud Pənahi – məşhur Cənubi Azərbaycan yazıçısı Pənahi Makulunun oğludur. O, 1946-cı ildə siyasi baxışlarına görə doğma yurdunu tərk etmiş və ailəsi ilə birlikdə Bakıya köçmüşdür. Məsud Pənahi Moskva kinomatoqrafiya institutunu bitirmişdir. 1973-cü il onun debüt işi karandaşla çəkilmiş birinci milli animasiya filmi "Bulud niyə ağlayır" olmuşdur. Əvvəl filmə belə bədii texnika tətbiq edilmirdi. Bu iş sonrakı bənzər işlərin sələfi olub. "Bulud niyə ağlayır" filmi Məsud Pənahinin diplom işi idi. Buna baxmayaraq, film o zaman ümumittifaq kino festivalı mükafatını almışdı. O zamanlar ssenaristlər və redaktorlar kinostudiyası kollektivinin üzvü İntiqam Qasımzadəyə filmin ssenarisini tapşırdılar. İntiqam Qasımzadə böyük entuziazmla Abdulla Şaiqın "Tıq-tıq xanım" nağılı üzərində işləməyə başlayır. Elə bu ərəfədə filmin tarixində önəmli hadisələr olur. Bəlkə də xatırlayırsınız, nağılın folklor versiyasında da, Abdulla Şaiqin yazdığı məzmun şeir versiyasında da nağılın sonu kədərlidir. Tıq-tıq xanımdan incimiş Siçan bəy başına zərbə vurmaqla onu öldürür. Film üçün belə sonluq Moskva senzorlarını qane etmirdi, axı bu film gənc tamaşaçılar üçün nəzərdə tutulmuşdu. Ona görə də sonluğu dəyişmək lazım idi. Beləliklə, filmdə Sıçan bəy sadəcə əsas qəhrəmandan üzünü çevirir, ona görə də onunçün hər şey o qədər acınacaqlı bitmir. Həmçinin nağılın orijinalında Tıq-tıq xanım özünə ər axtarır. Filmdə isə Tıq-tıq xanım özünə dost axtarır.   Ssenari hazır olduqdan sonra rejissor rəssamları seçir. Bu filmdə o, ilk işi olmuş «Bulud niyə ağlayır»da ona kömək etmiş rəssam Elçin Axundovu da cəlb edir. Kiçik haşiyəyə çıxaraq deyək ki, 1966-cı ildə, kinostudiyanın rəhbər vəzifəsinə Adil İskəndərovun təyin olunmasından sonra, milli kino üçün intibah dövrü başlamışdı, aktyor ustalığı kursları açılmışdı. Ötən əsrin 70-80-ci illərinin məşhur film qəhrəmanlarının əksəriyyəti bu kursların məzunu idilər. Həmçinin, Adil İskəndərov da animasiyanın inkişafı üçün çox işlər görmüşdür. 1966-cı ildə o, ikillik animasiya kursları açılmışdı. Bu kurslar gənc istedadlı rəssamlar buraxırdı. Onlardan biri də Elçin Axundov olmuşdur. Film üzərində işləmiş kollektivə daha bir istedadlı insan qoşulur. 1971-ci ildən kinostudiyada redaktor işləmiş, bu günə qədər 40-dan çox film redaktə etmiş, 1974-cü ildə isə bu sahədə ilk addımlarını atmış şair Ramiz Rövşən film üçün mahnıların mətnlərini yazır. Qeyd etmək lazımdır ki, Məsud Pənahi və Ramiz Rövşən "Bulud niyə ağlayır" filminin üzərində birlikdə işləyiblər, bu filmin ssenarisi isə Ramiz Rövşənin qələmindən çıxıbdır. Filmə musiqi yazılmasını Ramiz Mirişliyə etibar edirlər. O vaxta qədər Ramiz Mirişli artıq bir neçə uşaq mahnısı yazıb. Ona görə də rejissorlar şübhələnmirdilər ki, Ramiz Mirişli qarşıya qoyulmuş məsələnin öhdəsindən gələcəkdir. Və səhv də etmədilər. Düzdü, Ramiz Mirişli o vaxta qədər heç vaxt animasiya ilə işləməmişdi. "Tıq-tıq xanım" filmi onun ilk belə filmi oldu.1974-cü ildə kinostudiyada "Alma almaya bənzər" filminin çəkilişləri başlandı. Filmə musiqini Ramiz Mirişli yazdı. Amma bu musiqini böyük cazmen Vaqif Mustafazadə təkmilləşdirməli idi. Yəni Ramiz Mirişli və Vaqif Mustafazadə o zaman sıx əməkdaşlıq edirdilər. Və Ramiz Mirişliyə "Tıq-tıq xanım" filmi üçün musiqi yazılması təklif edildikdə, o, birinci növbədə Vaqif Mustafazadəni xatırladı. Və onlar musiqi üzərində birlikdə işləməyə başladılar. Beləliklə, bütün film boyunca səhnədən asılı olaraq müxtəlif variasiyalarda səslənən əsas melodiya yenidən doğuldu. 1984-cü ildə Ramiz Mirişlinin evində onun 50 illik yubileyi qeyd edildi. O qədər çox adam yığışmışdı ki, oturmağa yer yox idi. Konsert hissəsindən başqa bu tədbirdə "Tıq-tıq xanım" cizgi filmini başdan-ayağa kimi göstərdilər. Film musiqisinin müəllifinin Ramiz Mirişli olmasını bilməyənlər buna yaxşı mənada çox təəccüb qalmışdılar.Beləliklə, mahnının musiqisi və sözləri yazılmışdı. Yalnız ifaçı axtarmaq qalmışdı. Budur, artıq qırx ildən çoxdur ki, "Tıq-tıq xanım" filmi mövcuddur. Və bu vaxt boyunca tamaşaçılar elə düşünürlər ki, filmin əsas qəhrəmanının mahnısını Flora Kərimova ifa edib. Əslində isə Flora Kərimova heç vaxt bu mahnını ifa etməyib. Mahnının ifaçısı Sevil Allahverdiyeva olub, bu qadın Vaqif Mustafazadənin "Sevil" vokal kvartetinə daxil olan dörd qızdan biri olub. Məsud Pənahi filmin eskizləri üzərində işləyərək, öz qəhrəmanları üçün real prototiplər axtarırdı. Gənc aktrisa Zemfira İsmaylovanı Tıq-tıq xanım obrazı üçün seçdilər. Rejissor aktrisanın simasında öz qəhrəmanının üz cizgilərini və dəliqanlığını gördü. Bu mahnıya estrada müğənniləri də laqeyd qalmadılar. 2007-ci ildə uşaq mahnıları olan disk buraxıldı. Bu diskdə Röya Ayxanın ifasında "Tıq-tıq xanım" mahnısı var. Bu, mahnının ikinci ifası idi. Amma populyarlıq qazanmadı.2011-ci ildə "Tıq-tıq xanım" mahnısını Sevda Yəhyayeva ifa etdi. Bu ifa üçün klip çəkildi. Mahnı radioda hit paradlarda səslənirdi.Hazırladı Aliyə HaqverdiMaterialın hazırlanmasında Azərbaycan İctimai Televiziyasının məlumatlarından istifadə edilmişdir

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM