Bu bankda dollar kreditlərinə görə ödəniş dəyişməyəcək

13:55 | 04.03.2015
Bu bankda dollar kreditlərinə görə ödəniş dəyişməyəcək

Bu bankda dollar kreditlərinə görə ödəniş dəyişməyəcək

"Nikoil Bank” dollarla kredit götürmüş müştərilərinin manatla ödənişlərini əvvəlki səviyyədə saxlamaq qərarına gəlib.
 
Bankdan fins.az-a verilən məlumata görə, bu məqsədlə "Dollar kursu ilə borcalanlara maliyyə dəstəyi” adlı aksiya keçirilir.

«Məsuliyyətli müştərilərimizə dəstək olacağıq”
"Biz hesab edirik ki, çətin vəziyyətə düşən məsuliyyətli müştərilərimizin bir hissəsinə bu xidməti təklif etməklə, onlar ailələrinin həyat səviyyəsini qorumaqla, kreditlərini ödəyə bilərlər. Bununla yanaşı, etibarlı müştəri statuslu kredit tarixçəsini qoruya biləcəklər. Hazırda bazarda bu tələbin olduğunu görərək bu təşəbbüslə çıxış etməyə qərar vermişik. Bu eyni zamanda, bizim müştərilərimiz üçün siqnaldır. Bu siqnal - etibarlı müştəri olmaq sərfəlidir deməkdir”, - deyə bankın İdarə Heyətinin sədri Vasili Xamaza qeyd edib. Aksiya çərçivəsində bankın müştərilərinin dollarla götürdüyü kreditlərə görə aylıq ödənişləri dəyişməyəcək.

Müddət artırılacaq, faiz dərəcəsi azaldılacaq
"Nikoil Bank”ın İstehlak kreditlərinin satışının təşkili şöbəsinin müdiri Rəşad Mailovun sözlərinə görə, müştərilərin manatla aylıq ödənişlərini əvvəlki səviyyədə saxlamaq üçün ilk növbədə kreditlərin müddəti 3 ilə qədər artırılacaq: "Biz krediti maksimum 5 illik müddətə veririk. Kimsə krediti yenicə götürübsə belə, yəni 2-3 ay ödəniş edibsə, həmin müştərinin bankdakı ödəniş tarixçəsindən asılı olaraq ona ödənişi 8 ilə etmək imkanı yaradıla bilər”. Bundan başqa, yaxşı müştərilərə illik faiz dərəcəsinin azaldılması da nəzərdə tutulub: "Hazırda bankda istehlak kreditləri illik 20-28%-lə verilir. Əgər müddətin artırılması aylıq ödənişi manatla əvvəlki səviyyəsə salmasa ola bilsin ki, kreditlərin illik faiz dərəcəsində 2-3% endirim edilsin. Amma bütün bu güzəştlər banka loyal münasibət bəsləyən müştərilərə ediləcək”.

Hər müştəriyə fərdi yanaşılacaq
Şöbə müdiri bildirib ki,  bu aksiyadan kredit ödənişlərində ümumilikdə 30 gündən artıq gecikməsi olmayan müştərilər faydalana biləcək. Yəni, bütün müştərilərə güzəşt edilməyəcək və hər kəsə fərdi yanaşılacaq.

"İndiyədək 10 nəfərə güzəşt etmişik”
Artıq aylıq ödənişini azaltmaq istəyən müştərilər banka müraciət etməyə başlayıb. Rəşad Mailov deyir ki, bütün müraciətlər qeydə alınır və bankın kredit komitəsində baxılır: "Artıq 10 müştərinin işi kredit komitəsindən keçib və onların aylıq ödənişini əvvəlki səviyyəyə salmışıq”.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM