Cəbhəyanı bölgələrdə məktəblərdəki şərait necədir?

18:14 | 19.02.2015
Cəbhəyanı bölgələrdə məktəblərdəki şərait necədir?

Cəbhəyanı bölgələrdə məktəblərdəki şərait necədir?

Bu gün jurnalistlər Təhsil Nazirliyi ilə Müdafiə Nazirliyinin birgə təşkil etdiyi media turda iştirak ediblər. Media turun məqsədi Xocalı Soyqırımının 23 cü il dönümü ilə əlaqədar cəbhəyanı təhsil müəssisələrinə səfər etmək, insanlarla yaxında təmasda olmaqdır. 

 Səfər çərçivəsində jurnalistlər Ağcabədi rayon Hindarx qəsəbəsində milli qəhrəman Etibar İsmayılov adına 1 saylı tam orta məktəbdə olublar. Məktəb  təxminən cəbhə xəttindən 12-13 kilometr aralıda yerləşir. Məktəbdəki görüşdə iştirak edən milli qəhrəman Etibar İsmayılovun döyüş yoldaşı Natiq Davudov öz xatirələrini paylaşıb. Etibar İsmayılov 1994-cü ildə Xocavənd rayonunda döyüş zamanı mühasirəyə düşüb və bütün əsgər yoldaşlarını qorumaq, düşməni yayındırmaq üçün əl qumbarısıyla özünü partladaraq,  şəhidlik zirvəsi yüksəlib. Etibar İsmayılov məhz bu şücaətinə görə dövlət başçısı tərəfindən milli qəhrəman adına layiq görülüb.

Sonra cəbhəyanı təhsil müəssisələrinə təşkil edilən media tur çərçivəsində Ağdam Z.isgəndərov adına Çəmənli kənd tam orta məktəbinə baş çəkilib. Məktəb cəbhəyə təxminən 2 km məsafədə yerləşir. 

Ziyarət zamanı məktəbdəki dərs şəraiti ilə tanış olunub. Məktəb direktoru Eyvaz Məmmədov ANN.Az-ın müxbirinə açıqlamasında bildirdi ki, hazırda məktəbdə 432 nəfər təhsil alır və keçən il bu məktəbdən 26 nəfər ali məktəbə qəbul edilib: 

"Məktəbin cəbhə xəttinə yaxın olmasına baxmayaraq, tədris yaxşı səviyyədə aparılır. Tədris müəssisəsində heç bir problem yoxdur. Cəbhədən gələn atəş səsləri məktəbdə eşidilsə də, bu şagirdləri və bizi narahat etmir. Çünki cəbhədə döyüşən əsgərlərimiz daimi bizi qoruyur". 

Ağdam təhsil şöbəsinin müdiri Elmira Şükürova ANN.Az-a açıqlamasında   bildirdi ki, nəinki Çəmənli kənd orta məktəbi, ümumilikdə bu regionda yerləşən cəbhəyə yaxın məktəblərdə tam təhsil həyata keçirilir, heç bir problem yoxdu: "Çəmənli kənd məktəbi tam təmirli məktəbdir, burada təhsil alan  tələbələrdən biri ali məktəbə qəbulda 700 bal toplayıb. Bundan başqa, cəbhəyə bundan da yaxın olan məktəblər var və o məktəblərdədə təhsil yaxşı səviyyədə aparılır"

Orxan Aslanlı 

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM