Cəfər Cabbarlı mükafatları təqdim edildi

13:46 | 17.09.2014
Cəfər Cabbarlı mükafatları təqdim edildi

Cəfər Cabbarlı mükafatları təqdim edildi

Sentyabrın 16-da Yazıçılar Birliyinin Natəvan klubunda Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin dəstəyi, Cəfər Cabbarlı adına Mədəniyyət, Elm və Təhsilin İnkişafına Yardım İctimai Birliyi və ədibin ev-muzeyinin təşkilatçılığı ilə Cəfər Cabbarlı mükafatının 2014-cü il üzrə laureatlara təqdim olunması mərasimi keçirildi. ANN.Az xəbər verir ki, təqdimat görkəmli dramaturq, teatr və kino xadiminin 115 illik yubileyinə həsr edilmişdi. Mərasimi ədibin həyat və yaradıcılığının tədqiqatçısı, filologiya elmləri doktoru Asif Rüstəmli açaraq mükafatın yaranma tarixindən danışdı. Bildirildi ki, mükafat ilk dəfə dramaturqun ev-muzeyinin layihəsi əsasında Cəfər Cabbarlı adına Mədəniyyət, Elm və Təhsilin İnkişafına Yardım İctimai Birliyinin və BP neft şirkətinin sponsorluğu ilə 2001-ci ildə təsis edilib. Həmin ildən bu ənənə davam edir və bir çox elm, sənət adamları bu mükafata layiq görülüblər. Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar çıxış edərək Cəfər Cabbarlının zəngin ədəbi irsi haqqında fikirlərini bölüşdü, mükafatın önəmli bir hadisə, görkəmli dramaturqun xatirəsinə ehtiram olduğunu vurğuladı. O, bu il çapdan çıxan "Cəfər Cabbarlının tərcümələri" və Türkiyədə işıq üzü görən "Cəfər Cabbarlı" kitablarının dəyərli nəşrlər kimi qiymətləndirərək dramaturqun əsərlərinin külliyyatının çapına ehtiyac olduğunu bildirdi. Yazıçılar Birliyinin sədr müavini Nazim İbrahimov, qurumun katibi İlqar Fəhmi, Türkiyənin Fırat Universitetinin dosenti Süleyman Kaan Yalçın və digər çıxış edənlər Cəfər Cabbarlının Azərbaycan ədəbiyyatı, kino və teatr tarixində yerindən söz açdılar.Sonra mükafatlar sahiblərinə təqdim edildi. Kino nominasiyasında yazıçı, ssenarist İlqar Fəhmi və Xalq artisti Səidə Quliyeva, teatr nominasiyasında Xalq artisti, rejissor Ağakişi Kazımov, xalq artistləri Hacı İsmayılov, Məleykə Əsədova, ədəbiyyat nominasiyasında filologiya elmləri doktoru və professorlar Gülşən Əliyeva-Kəngərli, Himalay Qasımov, Tahirə Məmməd, Fikrət Rzayev, jurnalistika nominasiyasında Zemfira Kürdəxanlı və şairə Zərəngiz Dəmirçi Qayalı, təhsil və mədəniyyət nominasiyasında Azərbaycan klassik ədəbiyyatının gənc nəslə təbliğində xidmətlərinə görə Xatirə Həşimzadə (Xızı şəhəri), Əbilov adına mədəniyyət mərkəzinin bədii rəhbəri Mirəhməd Əsgərov və Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş redaktoru, Əməkdar mədəniyyət işçisi Səriyyə İsmayılova layiq görüldülər. Mükafatın xüsusi diplomu Azərbaycan-Türkiyə ədəbi-mədəni əlaqələrinin inkişafında xidmətlərinə görə Fırat Universitetinin doktoru Süleyman Kaan Yalçına təqdim edildi. Təqdimatın sonunda muzeyin direktoru Qəmər Seyfəddinqızı çıxış edərək mükafat alanları təbrik etdi.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti