• $
  • €
  • ₽
  • ₺
  • £

Bethovenin 250 illiyinə dəvət

Bethovenin 250 illiyinə dəvət
20.12.2019 11:42
"Ay işığı” sonatasını ilk dəfə Qretannın ifasında eşitmişəm. Altı, ya yeddi yaşındaydım. Qriqoryan Qreta Bakı ermənisiydi. Ağdam Musiqi Texnikumunda oxuyurdu. Evimizin birinci mərtəbəsində kirayə qalırdı.

Sonra o musiqini illər uzunu çox eşitdim: kirayəçi qızlar dəyişsə də, "aylı sonata” evimizi tərk eləmədi.

***

Üç il olar, uşaqları Vyanaya gəzməyə aparmışdım. Bethovenin ev-muzeyində onu bir də dinlədim. Bəstəkarın muzeyi bir andaca çönüb evimiz "olmuşdu”: huşum artıq Yer üzündən silinmiş bir şəhərin mən olan çağlarına getmişdi.

Kosmik fəza kimi bir boşluğa düşmüşdüm. Heç nə eşitmirdim. Bethovenin özü kimi kar idim. Ancaq gözüm görürdü. Elə bil, onun musiqisini dumanın, tüstünün yerdən qalxan halı kimi görürdüm, yağışdan islanan torpağın ətri kimi duyurdum.


***

Deyirlər, musiqini gecə dinləmək yaxşıdı. Elə konsertlər də bir qayda olaraq axşamlara salınır. Amma mən böyük həvəslə bu qaydanı pozardım. Səhərlər musiqi səsinə oyanmaq qədər gözəl nəsə varmı? Mənim o sabahlarımın yerində, görəsən, indi hansı səhərlər açılır?

Bethovenin piano dillərindən qopub ürək titrədən "aylı sonata”sı yatanlar oyanmasın deyə barmaq ucunda çölə axır, baharın ilıq sübh nəfəsini elə bu gecə çiçəkləyən armud ləçəklərinin qoxusu ilə birlikdə içinə çəkib yuxarı mərtəbəyə qalxır, açıq pəncərədən ruh kimi yatmış bədənə hopur… İlahi, o anları mənmi yaşamışam? O səhərləri mənmi açmışam?

Musiqini səhərlər ifa edərlər – hava hələ çirklənməmiş, sular dupduruykən, hələ adamlar ayılıb bir-birinə yalan söyləməmiş, …ər sevdiyi arvadıyla, körpə anasıyla, bəndə Allahıyla olanda…

"Ruhlar şəhəri”ndə bu sözləri yazarkən yaşadığım duyğuların eynisiydi o muzey-evdə keçirdiyim hisslər.

***

Bethoveni Tarkovskinin "Nostalgiya” filmində bir başqa yandan tanıdım. Burada o "Ay işığı”nı həsr etdiyi Cülyetta Qviççardinin aşiqi Lüdviq yox, Tanrını sorğu-suala çəkən müdrik filosofuydu.

Böyük rejissor öz möhtəşəm filmində dahi bəstəkarın 9-cu simfoniyasından vəsfəgəlməz parçalar səsləndirmişdi. Nə qədər axtarsam da, sehrinə düşdüyüm o simfoniyanı Ağdamda tapıb dinləyə bilmədim. Ona yalnız tələbə vaxtı Bakıda rejissor dostum Şahin Sinariyanın evində sabahacan uzanan məhrəmani bir məclisdə qulaq asdım. İndi Parisdə yaşayan Şahinin o vaxt gözəl valları vardı.

Daha sonralarsa onun şəxsiyyətinə heyran olacaqdım. "Etiraz – ləyaqətin bir başqa adı” yazısında Bethovenin şəxsiyyətdən yazacaqdım. Monarxiyaya son qoyub respublika qurmuş Napoleona simfoniya həsr etməsindən, tirana çevrildiyini biləndə isə qəzəblə "Napoleon” adını simfoniyanın partiturasından silməsindən, Avropanın despotik dönəmində heç bir krala baş əyməməsindən bəhs edəcəkdim.


***

Bu gün isə sadəcə sizə uşaqlığımın ən şirin çağlarını – ömrün "aylı sonata”yla keçən illərini yada salan musiqidən danışmaq istədim. Elə bilin sizi Bethovenin konsertinə dəvət edirəm. Özü də 250 illiyi bütün dünyada qeyd edilən bir gündə. Gəlin, hamınızı gözləyəcəm!

Konsertin yerini tanıyırsınız, təzə gələnlərə də nişan verin. Deyin, Ağdamdakı evimizə, qara piano olan otağa yığışacayıq. Otağın balacalığından qorxmayın, hamıya yer olacaq…

Vahid Qazi

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Babəkdə iki avtomobil toqquşub, 5 nəfər xəsarət alıb
Cəmiyyət 23:52
Babəkdə iki avtomobil toqquşub, 5 nəfər xəsarət alıb
Tovuzda iki qadını maşın vurub
Cəmiyyət 22:07
Tovuzda iki qadını maşın vurub
Azərbaycanda zəlzələ olub
Cəmiyyət 21:01
Azərbaycanda zəlzələ olub
“Dünya TV” cərimələnib
Cəmiyyət 20:56
“Dünya TV” cərimələnib
Səbaildə fərdi yaşayış evi yanıb
Cəmiyyət 20:29
Səbaildə fərdi yaşayış evi yanıb
Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib
Cəmiyyət 19:09
Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib
Ermənistan məhkəməsi Nəsimi Musayevin həbs müddətini uzatdı
Cəmiyyət 16:49
Ermənistan məhkəməsi Nəsimi Musayevin həbs müddətini uzatdı
Direktor dərsliklərdə plagiat məsələsinə aydınlıq gətirib- Video
Cəmiyyət 16:31
Direktor dərsliklərdə plagiat məsələsinə aydınlıq gətirib- Video
Abdurazaqov: Sovet dövrünün dərsliklərindəki heç kim səhv axtarmırdı
Cəmiyyət 16:12
Abdurazaqov: Sovet dövrünün dərsliklərindəki heç kim səhv axtarmırdı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol